Gülbəniz Babaxanlı
Gülbəniz İbrahim qızı Babaxanlı — ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru.
== Həyatı ==
Gülbəniz İbrahim qızı Babaxanlı 1956-cı il avqust ayının 4-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ziyalı ailəsində anadan olmuşdur.1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini filoloq ixtisası üzrə bitirmiş, 1992-ci ildə "Azərbaycan poemaları və folklor (20-30-cu illər)" mövzusunda namizədlik, 2010-cu ildə "Azərbaycan poemaları və klassik irs (1920-50-ci illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.1974-cü ildən əmək fəaliyyətinə başlayan Gülbəniz xanım, 1979-cu ildən 2004-cü ilə qədər AMEA Nizami adına ədəbiyyat muzeyində zal baxıcısı kimi fəaliyyətə başlayaraq özünü bacarıqlı, işgüzar və səriştəli kadr kimi təsdiqləmiş və “19-20-ci əsr Azərbaycan ədəbiyyatı şöbəsi”nin müdiri vəzifəsinə qədər yüksəlmişdir. 2004-cü ildən AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktorudur.
== Elmi və təşkilatı fəaliyyəti ==
Görkəmli ədəbiyyatşünas alim, fil.ü.e.d. Gülbəniz Babaxanlı dahi Cavidə böyük sevgisini təkcə sözdə deyil, işində də əks etdirən, elmi fəaliyyəti ilə cavidşünaslığa misilsiz töhfələr vermiş ziyalılardan biridir. Onun əsas elmi tədqiqatını Azərbaycan ədəbiyyatının ən keşməkeşli dövrlərindən olan XX yüzilliyin 20-50-ci illərində yaranmış epik poemaların qaynaqlarının araşdırılması təşkil edir. Fil.ü.e.d. G.Babaxanlı Azərbaycan klassik poeziyasının, şifahi xalq ədəbiyyatının bu dövr epik şeirinə təsir izlərini araşdırmışdır. Alim öz tədqiqatlarında tarixilik prinsipinə istinad edərək, məsələn, 20-50-ci illər poemalarının fəlsəfi qaynaqlarından biri kimi zərdüştlük təlimini, "Avesta" obrazlarını araşdırmaya cəlb edir ki, sovet dövrü Azərbaycan poemalarının "Avesta" obrazları, zərdüşt fəlsəfəsi ilə əlaqələrinin açılması ədəbiyyatşünaslığımızda yeni istiqamətlərdən biridir.
2004-cü ildə Hüseyn Cavidin Ev Muzeyinə direktor təyin olunduqdan sonra G.Babaxanlı Cavid irsinin təbliği, tədqiqi və nəşri sahəsində, eləcə də cavidşünaslığın inkişafı istiqamətində elmi fəaliyyət göstərir.