Dağlı (Quba)
Dağlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dağlı-Qələdüz bələdiyyəsinin tərkibindədir.
== Tarixi ==
Dağlı kəndi Qubanın yeni, müasir, şəhər mərkəzinə ən yaxın kəndlərindən sayılır. Yerli sakinlər hər hansı xüsusi nəqliyyat vasitəsindən istifadə etmədən, 10-12 dəqiqəyə şəhərin mərkəzinə çox rahatlıqla çata bilirlər. Kənd müasir dövrdə salınsa da, yaxın, ətraf ərazilərdə yaşayış məskənlərinin tarixi azı 5000 il əvvələ gedib çıxır. Dağlı kəndi Quba şəhəri, Qırmızı Qəsəbə, Mirzəməmmədkənd, Qələdüz, Digah, Alpan kəndləri hüdudlarında yerləşir. Kəndin bir hissəsi Qudyal çayı sahilindəki qayalıq üzərində yerləşdiyindən nisbi sürüşmə zonası sayılır. Burada xüsusən Qudyal çayının orta axarında sahil zolağının bərkidilməsinə ehtiyac duyulur. Çayda su axını elə güclü olmadığından bunu həm betonlama, həm də sahil boyunca ağac zolağının salınması vasitəsilə həyata keçirmək mümkündür. Kənd Dağlı-Qələdüz bələdiyyəsinə daxildir.