is. 1. Qarşı tərəfdən işıq düşən hər hansı bir şeyin qara əksi. Binanın kölgəsi. Kölgəsi yerə düşmək.
– …Kəndlilər gəlib çömbəliblər tayanın kölgəsində. C.Məmmədquluzadə.
Bizim bağa su axıdır açdığın bərə; Bizim tutdan sizin bağa kölgə düşəcək. M.Araz.
□ Kölgə salmaq – bax
kölgələmək. Ağac kölgə salmışdı.
– Az qala başım yetişə göylərə; Şax-budağım kölgə salıb hər yerə. M.Ə.Sabir.
…Ərik və tut ağacları başbaşa verərək, günün qabağını çətir kimi tutur, yaşıl otların, tər yoncaların üzərinə sərin kölgə salırdı. İ.Əfəndiyev.
// məc. İnsanın daxili hiss və həyəcanının üzündə, gözündə ifadəsi, təcəssümü. Qəm kölgəsi üzünü bürüdü.
– Yorğunluğun kölgəsi; Sıralanmış alnının; Qırışıq izlərində. R.Rza.
Balaca Nərgizin üzündən bir kölgə keçdi. Ə.Məmmədxanlı.
// İşıq şüalarının bilavasitə düşmədiyi yer, sahə: kölgə yer, kölgəlik. Kölgədə oturmaq. Kölgə tərəfə keçmək.
– Divar dibində kölgədə xoruz, toyuqlar uyqular… A.Səhhət.
[Alış nazirə:] Gəlin, barı gedək, bir kölgədə dincəlin. B.Bayramov.
2. Rəsmdə və ya şəkildə təsvir edilən hər hansı bir şeyin az işıq düşən hissəsi.
3. Qaranlıqda, dumanda aydın görünməyən şey; qaraltı. Kölgə kimi seçilmək.
– Uzaqdan bir kölgə [Səlim və Mehribanı] pusur, gizlicə təqib edirdi. S.Hüseyn.
Yağışdan qorxmadı, boran bilmədi; Onu sarsıtmadı hənirti, kölgə. M.Rahim.
Qayınana ilə gəlin şirin danışdıqları zaman qapıda bir kölgə göründü. Ə.Vəliyev.
4. Əks, şəkil mənasında.
Suda öz kölgəsini görüb o zaman; Sandı bir özgə itdir ol heyvan. A.Səhhət.
5. məc. Kölgənizdə, kölgəsində şəklində
məc. – köməyinizlə (köməyi ilə), himayənizdə (himayəsində), sayənizdə (sayəsində).
[Uşaqlar] ancaq sizin kölgənizdə oxuyub dərsi tamam ediblər. Ə.Haqverdiyev.
[Allahqulu:] Allah onlara kömək eləsin, onların kölgəsində gəlib çıxdım. Çəmənzəminli.
◊ Kölgədə qalmaq – gözə görünməmək, üzə çıxmamaq, tanınmamaq, özünə diqqəti cəlb etməmək.
[Sərətan:] Bir odur təhlükə mənə ölkədə; Önündə şöhrətim qalır kölgədə. M.Rahim.
…kölgədə qoymaq (buraxmaq) –
1) …ikinci yerdə buraxmaq,
…daha irəliyə keçmək, birinci olmaq, diqqət mərkəzində olmaq;
2) fikir verməmək, diqqətsiz buraxmaq, laqeyd baxmaq.
Kölgə kimi – yanından əl çəkmədən, daim izləyərək, ayrılmadan. Kölgə kimi izləmək. Kölgə kimi əl çəkməmək.
– [Xavər Arifə:] Kölgən kimi həp pəsincə qoşdum; Eşqinlə qanadlanıb da uçdum. H.Cavid.
Səltənət evdən çıxanda Cəlil onu kölgə kimi təqib edir, bir an belə gözdən qoymurdu. Ə.Vəliyev.
Cuma … kölgə kimi ondan üzülməyən qadına … qapını bağlamaq işarəsini verdi… Ə.Əbülhəsən.
Kölgə salmaq məc. – bürümək, əhatə etmək.
Əcəl başımıza kölgə salmamış; Sizdən “can” eşidim, sizə “can” deyim. B.Vahabzadə.
Lakin son həftələr Ulduzun gözlərinə böyük bir nigarançılıq kölgə salmışdı. Ə.Məmmədxanlı.
Kölgəsindən qorxmaq (ürkmək) – çox qorxaq, ürəksiz adam haqqında.
Kölgəsindən ürkən Məşədi Qulam Ceyranoğlunu titrətmə götürdü. S.Rəhimov.
Kölgəsini qılınclamaq – hədələyərək dalınca danışmaq, düşmənçilik etmək.
[Balaxanım Dadaşa:] Sən yüz də o Şiraslanın kölgəsini qılınclayasan, … heç bir şey apara bilməyəcəksən. S.Rəhimov.