Anar Şuşalı (müğənni)
Anar Şuşalı (Hüseynli Anar Vaqif oğlu 12 iyul 1978, Şuşa, Dağlıq Qarabağ) — opera-kamera müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti (2008).
== Həyatı ==
Anar Şuşalı (Hüseynli) 12 iyul 1978-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1984-cü ildə Şuşa şəhər 1 saylı orta məktəbə, 1989-cu ildə isə Şuşa musiqi məktəbinin tar sinfinə daxil olmuşdur. 1992-ci ilin may ayında Şuşa şəhərinin ermənilər tərəfindən işğalı ilə əlaqədar məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. 1994-cü ildə Bakı şəhərindəki 36 saylı musiqi məktəbinin tar sinfini, 1995-ci ildə isə Bakı şəhərindəki 13 saylı Şuşa orta məktəbini bitirmişdir. Həmin ildə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsinə daxil olmuşdur. 1999-cu ildə Bakı Musiqi Akademiyasını solo oxuma ixtisası üzrə bakalavr dərəcəsini, 2001-ci ildə vokal ixtisası üzrə magistr dərəcəsini, 2003-cü ildə isə həmin ixtisas üzrə aspirantura dərəcəsini bitirmişdir. Bu müddət ərzində bir çox incəsənət xadimlərinin yubiley konsertlərində, Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş konsertlərdə və müxtəlif dövlət tədbirlərində dəfələrlə çıxışlar etmişdir. Bir sıra xarici ölkədə — Yaponiya, Fransa, Norveç, İtaliya, Almaniya, Özbəkistan, Türkiyə, Rusiya, İran, Ukrayna, Koreya, Çin, Pakistan, Misir, Türkmənistan, Tacikistan, Qırğızıstan və Küveytdə Azərbaycan mədəniyyətini uğurla təmsil etmişdir. 2008-ci ilin sentyabr ayında vokal sahəsində yaradıcılığını və xidmətlərini yüksək qiymətləndirən Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.