Azərbaycan nağılları
Azərbaycan nağılları — Azərbaycanın şifahi xalq ədəbiyyatının epik növünə aid janr. Azərbaycan nağılları Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Azərbaycan nağıllarını mövzularına görə bir-neçə hissəyə bölmək olar:
Heyvanlar haqqında olan nağıllar:M.Təhmasibin fikrincə bu növ nağıllar ən qədim nağıllardır. Qədim insanlar bəzi heyvanlara ecazkar varlıq kimi baxıb onları müqəddəsləşdirmişlər. Totem və tetemizim də belə yaranmışdır. Azərbaycan nağıllarının çoxunda ("Göyçək Fatma", "Fatmanın inəyi", "Ovçu Pirim") totem heyvanlara rast gəlmək olar. Heyvanlara aid olan nağılların içərisində böyük bir qismini alleqorik nağıllar təşkil edir ("Şəngilim, Şüngülüm, Məngülüm" və s.).
Sehirli nağıllar – Bu nəğıllarda qəhrəmanlar sehr, cadu, əfsun və əfsanəvi köməkçilərlə düşmənə qarşı mübarizə aparır ("Sehirli üzük", "Şəms və Qəmər", "Məlikməmməd" və s.).
Tarixi nağıllar – Bu nağılların qəhrəmanı tarixi şəxsiyyət, hökmdar, xalqın qəhramanı və ya məşhur bir sənətkardır ("İsgəndər və fağır", "Saleh və Valeh", "Üç bacı" və s.).
Məişət nağılları – bu növ nağıllar daha real və xalqın ictimai və məişət problemləri ilə daha bağlıdırlar ("Hacının köpəyi", "Yeddi qardaş bir bacı", "Dərzi şagirdi Əhməd" və s.).