sif. 1. Əynində heç bir paltar olmayan, bədəni heç bir şeylə örtülməmiş; paltar geyməmiş; soyunmuş, lüt-üryan. Çılpaq uşaq. Çılpaq bədən.
– Bu qızlar təqribən tamamilə çılpaq idi(lər), onların önə tutduqları bir parça bezdən başqa heç bir libasları yox idi. M.S.Ordubadi.
// Açıq olan, geyimlə örtülməmiş.
Zəhərli bir ilan atılıb, Zəhra xalanın çılpaq qolundan sancdı. S.S.Axundov.
Fəhlələrin kəmər yerinə qədər çılpaq, tərli bədənləri mis rənginə çalırdı. M.Hüseyn.
// Zərf mənasında. Əynində heç bir şey olmadığı halda; lüt, paltarsız. Çılpaq yatmaq. Çılpaq olmaq.
2. Yəhərsiz, palansız, çulsuz.
Səməndər çılpaq atın belinə atıldı, alt tərəfdən sürdü, Nərgizə yanaşdı. B.Bayramov.
3. məc. Bitkisiz. Çılpaq səhra.
– [Gülüş Atakişiyə:] Sən çılpaq çölə düşəcək, dəhşətli maşınlar içində qalacaqsan. C.Cabbarlı.
Bir-birinə söykənib yastı, çılpaq təpələr; Ətəyi kollu-koslu, zirvəsi ağ təpələr. B.Vahabzadə.
4. Yarpağı olmayan, yarpağı tökülmüş; yarpaqsız. Çılpaq kol.
– Hava yavaş-yavaş işıqlanırdı, torağaylar uçuşub yeni-yeni puçurlanan ağacların çılpaq budaqlarına qonurdu. M.Hüseyn.
Yonca baxdı palıda; Gördü çılpaqdır tamam. B.Vahabzadə.
5. məc. Yoxsul, paltarsız, üst-başı tökülmüş.
Zeynəb qaldı ac, çılpaq və sahibsiz. C.Məmmədquluzadə.
[Səlimi İsfahaniyə:] Bəs sizin insafınız necə qəbul edir ki, İranın xırda-boyük bütün şəhərlərində gündən-günə işsizlərin, ac və çılpaqların ( is. ) sayı artır?! M.İbrahimov.
6. məc. Əlavəsiz, artırmasız, necə var elə.
Qaçay müqəddiməsiz başladı və bir növ sualları çılpaq (z.) verdi. Ə.Vəliyev.
Ər isə … gözləyirdi ki, arvadı fikrini çılpaq və qəti surətdə ortaya atsın. Ə.Məmmədxanlı.