Rövşən bəy Əfəndizadə

Vikipediya, azad ensiklopediya
Yousiphh (müzakirə | töhfələr) tərəfindən edilmiş 13:41, 29 aprel 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Rövşən bəy Əfəndizadə
Gürcü "Teatri da tsxovreba" jurnalı (29 mart 1915, №13)
Gürcü "Teatri da tsxovreba" jurnalı (29 mart 1915, №13)
Doğum adı Mir Rövşən bəy Mustafa oğlu Əfəndizadə
Doğum tarixi 31 dekabr 1884 (12 yanvar 1885)
Doğum yeri
Vəfat tarixi bilinmir
Vəfat səbəbi siyasi repressiya
Vətəndaşlığı
Fəaliyyəti müəllim, maarifçi, mübaşir[d]

Rövşən bəy Əfəndizadə və ya Rövşən bəy Əfəndiyev (31 dekabr 1884 (12 yanvar 1885), Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyasıbilinmir) — Azərbaycan ictimai və maarif xadimi, pedaqoq. Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsinin mübaşiri (icraçı direktoru).[1]

Həyatı

Rövşən bəyin babası Məhəmməd əfəndi zəmanəsinin məşhur ruhanilərindən olub. Şəkidəki "Məhəmməd əfəndi piri" adlı ziyarətgah onun məzarı olan yerdir. Məhəmməd əfəndinin oğlu Mustafa əfəndinin ziyarətgahı isə Yuxarıbaşın birinci rayonundakı came məscidindədir. Mustafa əfəndinin 12 oğlunun, 2 qızının olduğu söylənilir.[2]

Mir Rövşən bəy Mustafa oğlu Əfəndizadə 31 dekabr 1884-ci ildə (indiki təqvimlə 12 yanvar 1885-ci ildə) Şəki şəhərində doğulub. İlk təhsilə Şəki ibtidai "müsəlmani-rusi məktəbdə" (bunu daha çox "rus-tatar məktəbi" adlandırırlar) başlayıb, 1896-da Şəki rüşdiyyəsinə girib (rüşdiyyə progimnaziya tipli məktəbdi). Həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1901-də Bakı Sənaye Məktəbinə daxil olaraq burada iki il oxuyub.[1][3]

Rövşən bəy 1904-də Şəki ibtidai məktəbində müəllimliyə başlayıb. Burada o həm müəllim, həm də nazir (baxıcı) işləyib. 1905-də Rusiyada inqilab baş verərkən imperiyanın hər yerində, o sıradan Azərbaycanda da ictimai mühit hədsiz gərginləşmiş, burada milli münaqişələr güclənmişdi. Bu zaman özəlliklə milli düşüncəli gənc aydınlar ortaya atılaraq sinələrini qabağa verirdilər. Onlardan biri də Rövşən bəy idi. O, milli və ictimai işlərə ciddi qarışdığından Gəncə əsgəri valisi (qeneral-qubernatoru) onun Qafqazdan sürgün edilməsi haqqında əmr verir. "Övraqi-nəfisə"nin yazdığına görə, şeyxülislam PişnamazzadəƏləkbər bəy Rəfibəyov (1839–1919) kimi o çağın ən hörmətli kişiləri bu qərarın ləğvinə çalışaraq onun sürgündən qurtulmasına nail olublar. Sürgün əmri ləğv olunsa da Rövşən bəyin daha Şəkidə yaşamasına icazə verilməyib. Bu üzdən o, bir il də Qazax mahalında müəllimlik edib.[1][3]

1908-dən Tiflis şəhərində müəllim işləməyə başlayıb. Müəllim Rövşən bəy Əfəndizadə burada da yenə milli işlərdə önə çıxıb – xeyriyyə işlərində, dram cəmiyyətlərində və başqa məsələlərdə fəallıq göstərib. 1911-ci ildə Cəlil Məmmədquluzadə və Cahangir bəy Qayıbovun təşəbbüsləri ilə yaradılmış "Tiflis dram cəmiyyəti"nin qanunnaməsində cəmiyyətin 8 nəfər idarə heyətində (Nadir bəy Qayıbov, Eynəli bəy Sultanov, Yusif bəy Tahirov, Mir Rövşən bəy Əfəndizadə və Əlimirzə bəy Nərimanov) Rövşən bəy Əfəndizadə də var idi.[4]

Birinci Dünya müharibəsinin acı nəticələrindən biri olaraq Tiflisə gətirilən Türkiyə hərbi əsirlərinin, əsir zabitlərinin buradakl yaşamının asanlaşdırılması, yüngülləşdirilməsi üçün R.Əfəndizadə hədsiz çalışıb. Qızğın türk millətçisi və yurdsevəri olan bu kişi dərbədər düşmüş türk balalarını xristian evlərindən bir yerə toplamaq üçün Tiflisdə yaradılan Darüleytamın (Yetimlər evinin) təsisində də yaxından iştirak edib. Bu ağır dönəmdə "qaçqınlar baş vəkili" Xosrov paşa Sultanovun (1879–1941) təklifi ilə bütün cəbhələri: QarakilsəQarsdan tutmuş İrəvanGümrüyə qədər şəhərləri, qəsəbələri, kəndləri, qışlaları və xristian evlərini dönüb-dolaşaraq tapdığı yetimləri min məşəqqətlə toplayaraq Tiflisə gətirib.[1][3]

Rusiyada 1917-ci il Fevral burjua inqilabından sonra Rövşən bəy Tiflis Müsəlman Milli Komitəsi İcraiyyə Komitəsinin, Qafqaz Hərbi Şurasının üzvü olub.

Rövşən bəy Əfəndizadə (yerdə sağdan 2-ci) Hacıbəyov qardaşlarının teatr truppasında. Bakı, 1918–1919-cu illər

Rövşən bəy Əfəndizadə Türkiyədən qayıtdıqdan sonra Tiflisdəki məmuriyyətini tərk edib və Azərbaycanın paytaxtı Bakıda ibtidada müəllimliyə girmiş, sonra isə Hacıbəyli qardaşları müdiriyyətinə mübaşir (icraçı direktor) təyin edilməklə "türk səhnəsinə xidmət etməkdədir".[5]

Sonrakı həyat fəaliyyəti haqqında heç bir məlumat yoxdur. Qardaşı oğlu Mustafanın dediyinə görə, əmisi Mir Rövşən sonralar Bakıya köçmüş, rus dili müəllimi işləmiş, nəhayət, bədnam repressiyanın qurbanı olmuşdur.[6]

Ədəbiyyat

  • "Övraqi-nəfisə" jurnalı, 1919-cu il, № 3

İstinadlar

  1. 1 2 3 4 Ədalət Tahirzadə. "Sultanla görüşmüş Rövşən Bəy Əfəndizadə kimdir?". Şəkinin səsi (№ 2 (438)). 30 may 2011. 2022-01-10 tarixində arxivləşdirilib.
  2. Zəkəriyyə Əlizadə; Sevinc Bəharəddin qızı. Şəkidə məhəllə adları, soyadlar və ləğəblər. Bakı: Nafta-Press. 2004. səh. 134–136.
  3. 1 2 3 Ədalət Tahirzadə. "Sultanla görüşmüş Rövşən bəy Əfəndizadə kimdir?". tarix.shaki.info. İstifadə tarixi: 2011-05-23.
  4. "Səda" qəzeti. 13 fevral 1911.
  5. "Övraqi-nəfisə" jurnalı (№ 3). 1919.
  6. Zəkəriyyə Əlizadə; Sevinc Bəharəddin qızı. Şəkidə məhəllə adları, soyadlar və ləğəblər. Bakı: Nafta-Press. 2004. səh. 134–136.