Ədalət Şərif oğlu Tahirzadə (23 may 1951, Xırxatala, Qutqaşen rayonu) — pedaqoq, dilçi, filoloq-mətnşünas, tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Respublikasının sabiq təhsil naziri müavini.[1][2]
Ədalət Tahirzadə | |
---|---|
Doğum tarixi | 23 may 1951 (73 yaş) |
Doğum yeri | |
Elmi dərəcəsi | filologiya elmləri namizədi |
Elmi adı | professor |
İş yeri | Bakı Avrasiya Universiteti |
Təhsili |
Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), filologiya fakültəsi (1969–1974) Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutu, aspirantura (1977–1981) |
Mükafatları |
Ədalət Şərif oğlu Tahirzadə 23 may 1951-ci ildə Qutqaşen rayonunun Xırxatala kəndində anadan olub.
1958-ci ildə Xırxatala kənd səkkizillik məktəbinin 1-ci sinfinə gedib, 1966-cı ildə həmin məktəbi bitirib. Orta təhsilini 1968-ci ildə Qəbələ rayonunun Zarağan kənd orta məktəbində başa vurub.
Orta məktəbi bitirdikdən sonra 1968–1969-cu dərs ilində Xırxatala kənd orta məktəbində pioner baş dəstə rəhbəri işləyib. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1974-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 1974–1977-ci illərdə təyinatla İsmayıllı rayonunun Topçu kənd orta məktəbində türk dili (Azərb. dili) və ədəbiyyat müəllimi işləyib. Təyinat müddəti bitdikdən sonra Qəbələ rayonunun Kiçik Pirəlli kənd orta məktəbində 1977-ci ilin sentyabr ayından 1978-ci ilin dekabr ayınadək Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb.
1977-ci ildə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun qiyabi aspiranturasına daxil olub, 1978-ci ilin dekabrından əyani şöbəyə keçirilib. Daha sonra ailəsiylə birlikdə Bakıya köçüb.
1981-ci ildə aspiranturanı bitirmiş, həmin ilin yanvar ayından 1984-cü ilin oktyabr ayınadək Dilçilik İnstitutunda kiçik elmi işçi,1984-cü ilin oktyabr ayından 1986-cı ilin yanvara ayınadək isə baş elmi işçi vəzifələrində işləyib. 1983-cü ilin fevralında dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
1985-ci ilin avqustundan 1987-ci ilin iyununadək Azərbaycan Elmlər Akademiyasının "Elm" qəzetinin ilk redaktoru olub.
1987-ci ilin iyunundan 1988-ci ilin fevralınadək Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda şöbə müdiri, 1988-ci ilin fevral ayından 1991-ci ilin yanvar ayınadək aparıcı elmi işçi, 1991-ci ilin yanvar ayından 1992-ci ilin fevral ayınadək baş elmi işçi vəzifələrində işləyib.
"Azadlıq" qəzetinin qurucularındandır. Nəcəf Nəcəfovun baş redaktor olduğu bu qəzetdə ilk saydan – 1989-cu ilin 24 dekabrından 1991-ci ilin iyulunadək redaktor müavini vəzifəsində çalışıb. 1991-ci ilin avqustunda "QKÇP" vaxtı yenidən "Azadlıq" qəzetinə qayıdaraq 1992-ci ilin yanvarınadək burada müqavilə ilə baş müxbir olub.
1992-ci ilin 12 sentyabrından 1993-cü ilin 30 noyabrınadək Azərbaycan Respublikası xalq təhsili nazirinin, ali və orta ixtisas təhsili nazirinin və təhsil nazirinin müavini işləyib. Müstəqil Azərbaycanın milli ideologiyaya əsaslanan tam yeni ilk proqram (7 ictimai fənn üzrə) və dərslikləri (82 adda) bu dönəmdə məhz onun rəhbərliyi altında hazırlanıb.
1993-cü ilin noyabrından Ali Diplomatiya Kollecinə (indiki Bakı Avrasiya Universiteti) baş müəllim keçib və 2009-cu ilin oktyabrınadək orada dosent kimi çalışıb. 22 aprel 2011-ci ildən indiyədək həmin universitetin professorudur. Bir müddət Bakı Avrasiya Universitetinin 1-ci prorektoru - tədris işləri üzrə prorektoru işləyib (13 mart-16 sentyabr 2015). 2009-cu ildən 2015-ci ilin sonunadək AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının 2-ci prezidenti Əbülfəz Elçibəy Kələkidən Bakıya dönəndən sonra 1998-ci ilin fevralından 2000-ci ilin mayınadək onun özəl mətbuat katibi işləyib.
1996–1999-cu illərdə "Ay-Ulduz" nəşriyyatının direktoru, 1997–1999-cu illərdə "Məşvərət" bülleteninin[a] redaktor müavini, 2000-ci ildə elmi-pedaqoji "Düşüncə" dərgisinin baş redaktoru işləyib. 2012-ci ildən "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" toplusunun məsul redaktorudur.
38 kitabın, 500-ə yaxın elmi, elmi-kütləvi və publisist yazının müəllifidir.
İsmayıl bəy Qutqaşınlı, Haşım bəy Vəzirov, Salman Mümtaz, Məşədi Azər Buzovnalı, Rəşid bəy Əfəndiyev, Mirabbas Mirbağırzadə, Məhəmmədəmin Darğazadə kimi Azərbaycan klassiklərinin bəlli olmayan bir çox əsərlərini üzə çıxararaq onları ərəb qrafikasından latın qrafikasına çevirib və ilk dəfə nəşr etdirib.
"Uşaq ensiklopediyası"nda[3] 16, "Diplomatiya: ensiklopedik lüğət"də[4] 35 məqaləsi dərc edilib. 1930-cu illərdə repressiya olunmuş və adları unudulmuş çox sayda Azərbaycan ziyalısını, Azərbaycan Cümhuriyyəti Parlamenti (1918-1920) üzvlərini, Cümhuriyyətin xaricə oxumağa göndərdiyi tələbələri də ilk dəfə öyrənərək Azərbaycanın və bir sıra xarici ölkələrin mətbuatında onlar haqqında geniş tərcümeyi-hal oçerkləri ilə çıxış edib.
Evlidir. 2 oğlu və 1 qızı var.