Yusif bəy Tahirov

Yusif bəy Tahirov — Tiflis müsəlman xeyriyyə cəmiyyətinin katibi, Çar Rusiyasının polkovniki. XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti, xüsusilə teatr sənəti sahəsində çalışan xadimlərdən biri idi.[1]

Yusif bəy Tahirov
Yusif bəy Məmmədağa oğlu Tahirov
Doğum tarixi
Doğum yeri Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat səbəbi represiya qurbanı
Uşaqları Sofiya, Xurşid və Məmməd
Atası Məhəmməd ağa
Anası Tutu
Fəaliyyəti xeyriyyəçi, hərbi qulluqçu, nazir

Yusif bəy hərbi təhsil alıb və Tiflisdə hərbi qulluqda olub. Onun Tiflisdə yaraşıqlı bir mülkü də var imiş. O, hərbçi olmaqla bərabər, həm də teatr və mədəniyyətimizin tərəqqisində əvəzsiz xidmətlər göstərib.[2]

Çar Rusiyasının polkovniki olmuş Yusif bəy Məmmədağa oğlu Tahirov Naxçıvan şəhərində doğulub. Onun mənsub olduğu Tahirovlar nəslinin ulu babaları Naxçıvan xanlığının vəziri olub. 1723-cü ilə aid bir sənəddə Naxçıvan ölkəsinin vəziri Mirzə Məhəmməd Tahirin adı çəkilir. Onun haqqında belə yazılıb: "Naxçıvanın sabiq vəziri Ağası bəyin oğlu, Naxçıvan ölkəsinin vəziri olan böyük oğlu-alihəzrət pak nəsilli, ali rütbəli şərəf sahibləri yanında xatiri sayılan, izzətli, zəxavətcə nəcib və əzəmətli Mirzə Məhəmməd Tahirdir". Buradaca bir məsələni aydınlaşdırmaq yerinə düşər.

Rus tədqiqatçısı və şərqşünası N. K. Smirnov Tahirovların Kəngərli tayfasının bir qolu olduğunu qeyd edir. Bunu hələ keçən əsrin 80-ci illərində Naxçıvanın qocaman ziyalıları da söyləyirdilər.

Hələlikdə Yusif bəyin atası Məmmədağanın iki oğlu və qızı olduğu müəyyənləşdirilib. O, Naxçıvanın mötəbər şəxslərindən biri olub və övladlarına yaxşı təhsil verib.

Teatr fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1911-ci ildə "Səda" qəzeti (13 fevral) yazırdı: "Yanvarın 30-da …dram cəmiyyətini idarə etmək üçün 8 nəfərdən ibarət Nadir bəy Qayıbov, Eynəli bəy Sultanov, Yusif bəy Tahirov, Mirrövşən bəy ƏfəndizadəƏlimirzə bəy Nərimanov və digərləri seçildilər". Və o, Tiflisdə ilk teatr binasını təşkil etmişdir. Gürcü əyanlar teatrında yerləşən cəmiyyətin 5 nəfərdən ibarət bürosu və 40 nəfərdən artıq üzvü var idi. Teatr cəmiyyətinin ilk sədri Yusif bəy Tahirov idi və əslində bu cəmiyyətə əsaslı maddi köməyi də o edirdi.

Xatirələrdə oxuyuruq ki, 1912-ci ildə aprelin 1-də, gündüz saat 12.00-da Tiflisdə Azərbaycan Xalq Evi-Auditoriyası açıldı. Hələ 1907–1908-ci illərdə Tiflisdə olan Həmidə xanım Məmmədquluzadə (Cavanşir) öz xatirələrində yazır: "Hər hansı bir tədbirin keçirilməsi üçün hökumət idarələrindən icazə almalı idik. Rəislərdən icazə alınmasında Gövhər xanıma mərhum Yusif bəy Tahirov kömək edirdi".

Hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Naxçıvanın ən çətin günlərində vətənə dönən Yusif bəy silaha sarılıb düşmənlərə qarşı mərdliklə döyüşür. Saralmış arxiv sənədləri də bunu təsdiqləyir. 1918–20-ci illərdə onun ermənilərə aman verməməyi hər birimizdə qürur doğurur. Məsələn, Azərbaycan Parlamentinin 1919-cu il yanvarın 8-də çağrılan 7-ci iclasında Həsən bəy Ağayev İrəvan quberniyası əhalisinin nümayəndələrinin ərizəsini oxuyur. Bu ərizəni imzalayanlardan biri Araz-Türk Respublikasının yaradəcəlarəndan biri Yusif bəy Tahirov idi.

1920-ci ildən sonra Yusif bəy Tahirovun taleyinin necə olduğundan xəbərsizik.

Onun iki qızı, bir oğlu varmış: Sofiya, Xurşid və Məmməd.

Qızı Sofiya yazıçı Nağı Nağıyevin həyat yoldaşı olub. Məmməd Tahirov isə Moskvada təhsil alıb və Böyük Vətən müharibəsində iştirak edib. O, ömrünün sonuna qədər (40 ildən çox) AMEA-nın Kibernetika İnstitutunun direktor müavini vəzifəsində çalışıb.

Yusif bəy Tahirovun bacısı Nazlı xanım Tahirova da dövrünün ziyalı qadınlarından olub. O, əvvəlcə milyonçu Tağıyevin qızlar məktəbində oxuyub, sonra Tiflisdə təhsilini davam etdirib. Ona bu işdə qardaşı Yusif bəy maddi və mənəvi yardımçı olub. Nazlı xanım Naxçıvandaİrəvanda müəllimlik edib, maarifçilik ideyalarını yaydığı üçün dəfələrlə ölümlə hədələnib. Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə də çox hörmət etdiyi Nazlı xanımın pedaqoji fəaliyyəti haqqında çox yazıb. Onu da deyək ki, o, şair Əliqulu Qəmküsarın əmisi oğlu, məşhur səttarxançı və bacarıqlı diplomat Nəcəfqulu Nəcəfovun həyat yoldaşı olub. Stalin dövründə sürgün həyatı yaşayıb. Neçə-neçə doğmalarını güllələyiblər. Özünü isə Tahirovların qızı, Nəcəfovların isə gəlini olduğuna görə uzun illər təqib ediblər. Tahirovların digər nümayəndəsi Abbasqulu bəy Cəfər ağa oğlu Tahirovdur. O, 1881-ci ildə Naxçıvanda doğulub. Atası Cəfər ağa Naxçıvanın varlı və ziyalı adamlarından olub.

Abbasqulu bəy Naxçıvanda "Qalabəyi" adı ilə tanınıb. Hətta qohumları da onu bu adla tanıyıblar. Çünki o, uzun illər Ordubadda və Naxçıvanda pristavkomendant (qalabəyi) işləyib.

1918–1920-ci illərdə isə müsəlman milli komitəsinin üzvü və sədrlərindən biri olub. Mirzə Bağır Əliyevin gündəliyində onun Vətən uğrunda ermənilərlə apardığı döyüşlərdən maraqlı qeydlər var. O da 1937-ci ildə həbs edilib, Dağıstana siyasi sürgünə göndərilib. Naxçıvanda və Qoridə təhsil alan, Naxçıvanın tərəqqisi və qorunması üçün əvəzsiz xidmətləri olan Abbasqulu bəyə erməni çekistlər olmazın əzablar veriblər. Dərbənddə o, 1943-cü ilədək – ölənə kimi meşəbəyi işləyib. Və yeganə qızı Xanımı, sədaqətli həyat yoldaşı Mahusarəni bir daha görmək ona qismət olmayıb. Onu da qeyd edək ki, Abbasqulu bəy Yusif bəy Tahirovun dayısı oğludur. Deməli, Yusif bəyin anası məşhur hərbçi Novruz ağanın qızı, polkovnik İsmayıl ağanın bacısı olub. Bir az da dərinə getsək tam süvari generalı İsmayıl xanın həyat yoldaşı Xanımcan xanım Yusif bəyin xalası, Abbasqulu bəyin isə bibisidir. Belə soy-kökə malik olanları isə çətin ki, erməni çekistləri sərbəst buraxardılar. Sənədlər göstərir ki, Yunis xan, həyat yoldaşı Ləli xanım (Abbasqulu Tahirovun baldızı), övladları Ziyad, Bəhman, Xanım, Mələk, Papıl Dərbənddə sürgündə yaşayırmışlar. Yunis xan general İsmayıl xanın oğul nəvəsidir.

Abbasqulu bəyin qızının övladları Naxçıvanın ən ləyaqətli ziyalılarından olublar. Onlardan biri – gözəl jurnalist, "Şərq qapısı" qəzetinin keçmiş əməkdaşı mərhum Cəfər Kərimov idi.[2]

  1. "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni A.M. Babayev, Bakı, "Maarif", 1993, səhifə 114.
  2. 1 2 Musa Quliyev. Bir Azərbaycan sevdalısı – polkovnik Yusif bəy Tahirov. 18.03.2010. 525-ci qəzet