Kazimira Zimblaite

Vikipediya, azad ensiklopediya
En Merker (müzakirə | töhfələr) (→‎Həyatı) tərəfindən edilmiş 13:53, 12 may 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Kazimira Zimblaite
lit. Kazimiera (Kazė) Zimblytė
Doğum tarixi 4 aprel 1933(1933-04-04)
Doğum yeri Bredjiyunyay, Ukmerq qəzası, Litva
Vəfat tarixi 1999
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
 Litva
Fəaliyyəti incəsənət xadimi, installyasiyaçı, rəssam, mücərrəd
Təhsili Vilnüs İncəsənət Akademiyası
Janrlar rəssamlıq, İnstallyasiya

Kazimira (Kaze) Zimblaite (lit. Kazimiera (Kazė) Zimblytė; 4 aprel 1933, Litva1999, Vilnüs) — Litva və Sovet vitraj rəssamı. Kaze Zimblaite və Euqenijus Antanas Tsukermanas Litvada mücərrəd sənət istiqamətində sistemli şəkildə işləyən ilk rəssamlardır.[1]

Həyatı

Kazimira Zimblaite 4 aprel 1933-cü ildə Ukmerq qəzasının Bredjiyunyay kəndində anadan olub. Onun atası Antanas Zimblis (1903-1967), litvalaşmış polşalı ailədən, anası Ukmerq qəzasındakı Lokine mülkündə böyüyən Karolina Pivaraite (1908-1977) idi. Ailə mühiti sayəsində Zimblite həm litva, həm də polyak dillərində sərbəst danışa bilirdi.[2]

Gələcək rəssam Ukmerq Qızlar Gimnaziyasını bitirib. Zimblite 1952-1956-cı illərdə Litva SSR Dövlət İncəsənət İnstitutunda toxuculuq üzrə təhsil alıb. Sonradan bir neçə il təhsilini yarımçıq qoyub və buna görə də yalnız 1959-cu ildə İncəsənət İnstitutunu bitirib.

Zimblaite İncəsənət İnstitutunda təhsil alarkən Sofiya Veyveritenin rəhbərliyi altında diplom işi üzərində çalışıb. Toxuculuq istehsalı şöbəsinin məzununun buraxılış işi qrup yoldaşlarının iştirakı ilə tələbə moda nümayişi üçün paltar tikmək idi. Bu vəzifəni yerinə yetirmək üçün Litva fabriklərindən biri Zimblaite layihəsinə uyğun olaraq parçalar rəngləməyə başladı. Zimblaite buraxılış işini əla qiymətlərlə yerinə yetirib.

İnstitutu bitirdikdən sonra Zimblaite qısa müddətə Dayles zavodunda kütləvi istehsal üçün parçaların eskizlərini yaradıb. 1959-cu ildə o, həm də Respublika Rəssamlar İttifaqının üzvü olub, həm də Vilnüsün Antakalnis (Antokol) rayonunda şəxsi istifadə üçün studiya alıb.

1970-ci illərdə Zimblaite dekorativ kompozisiyaların, eləcə də toxuculuq eskizlərinin və aplikasiyalarının müəllifi kimi fasiləsiz olaraq ümumittifaq və beynəlxalq sərgilərdə iştirak edib. Onun iştirak etdiyi sərgilər arasında Vilnüsdə qadın rəssamların respublika sərgisi, Moskvada Baltikyanı respublikaların bədii əsərləri sərgisi, Yuqoslaviyada Baltikyanı ölkələrin dekorativ-tətbiqi sənət sərgisi, Osakada beynəlxalq sərgisi xüsusilə diqqət cəlb edir.

Yaradıcılığı

Abstraksionizmə keçid

1960-cı illərin sonlarından başlayaraq dekorativ-tətbiqi sənətin vizual imkanlarından məyus olan Zimblaite mücərrəd sənət çərçivəsində bədii təcrübələrə yaxından müraciət etməyə başlayıb.[2]

Litvada abstrakt rəsmlər yaratmaq üçün ilk cəhdlər 1950-ci illərin sonlarına təsadüf etsə də, respublikada ilk dəfə olaraq 1960-cı illərin sonu - 1970-ci illərin əvvəllərində bədii abstraksiya sahəsində sistemli şəkildə fəaliyyətə başlayanlar məhz K.Zimblaite və E.A.Tsukermanas olub. Bu iki rəssamın mücərrəd sənətə gəlişinə bir tərəfdən, onların bu və ya digər rəssamlıq məktəbinin çərçivəsi ilə məhdudlaşmamaları (K.Zimblaite vaxtilə toxuculuq, E.A.Tsukermanas memarlıq təhsili alıb) yardımçı olmuşdur. Digər tərəfdən, mücərrəd sənət əsərlərinin kütləvi nümayişi ilə bağlı ciddi problemlər mövcud idi.[3] Sovet ideoloqlarının bu sənət cərəyanına münasibəti mənfi idi. Zimblaite və E.A.Tsukermanas rəsmən rəssamlar arasında yer almamışdılar (biri toxucu, o biri memar idi) və mücərrəd sənətin özünəməxsusluğu hakimiyyət tərəfindən məqbul olan kompromis əsərləri yaratmağı qeyri-mümkün edirdi.[1]

Zimblaitenin həyatında taleyüklü hadisə onun məşhur Moskva sənətşünası Anatoli Striqalevlə tanışlığı oldu. Striqalevin təsiri altında Zimblaite, dünya sənətinin bol sərgiləri və daha geniş dövri ədəbiyyata çıxışı ilə rəssamı cəlb edən Moskvaya getdi. O, burada qərb ölkələrində yaradıcı axtarışlara həsr olunmuş, habelə paytaxt muzeylərinin fondlarında saxlanılan rus avanqard kolleksiyaları ilə tanışlığa başladı.[4].

1970-ci illərin ortalarında Zimblaitenin tərcümeyi-halında yaradıcılığının 5-6 illik Moskva dövr var. O, bir müddət paytaxtda Striqalevlə birlikdə yaşasa da yeni yaradıcılıq axtarışları üçün Moskvanı tərk etmək qərarına gəldi. 1970-ci illərin sonunda rəssam Litvaya qayıtdı.[4]

Moskva rəssamları ilə ünsiyyət və Polşa mətbuatının materialları ilə tanışlıq sayəsində Zimblaite modernist sənətdə mövcud cərəyanlar haqqında təsəvvür əldə edə bildi. Rəssam xüsusilə alman ustası Paul Kleenin yaradıcılığından dərin təsirlənib.[5]

Sərgiləri

Birinci sərgisi

Zimblaitenin mücərrəd rəsmlərinin ilk sərgisi 1968-ci ildə Vilnüsdəki "Vaqa" nəşriyyatının iclas zalında - rəsmi tədbirlər üçün nəzərdə tutulmayan otaqda keçirilib.[6] Müəllifin sərginin açılışı üçün hazırladığı kitabçaya əsasən, sərgidə nümayiş etdirilmək üçün 23 əsər seçilmişdir ki, onların da əksəriyyəti qarışıq üslublarda (tempera, kollaj) yaradılıb.[7]

1970-ci ildə rəssam V.Kisarauskas öz risenziyasında yazırdı ki, "Zimblaitenin rəsm sərgisi bədii dairələrdə böyük uğur qazanıb və çoxlu mübahisələrə səbəb olub və rəylər qeyd-şərtsiz təsdiqdən tam imtinaya qədər dəyişir".[8] Öz növbəsində, Rəssamlar İttifaqının və Litva SSR Mədəniyyət Nazirliyinin sərgiyə reaksiyası çox kəskin idi. Rəsmi dairələrin reaksiyası özünü çox gözlətmədi: sərgi açılışdan iki gün sonra bağlandı.[6] Eyni zamanda, “Vaqa” nəşriyyatının müdiriyyətinə Mədəniyyət Nazirliyinin icazəsi olmadan hər hansı bir sərgi üçün öz binasını kiməsə vermək, nazirliyin razılığı olmadan şəxsi sərgilər keçirmək də qadağan edildi.[8] Zimblaite özü də hakimiyyətin sanksiyalarından yayına bilmədi. Litva SSR Mədəniyyət Nazirliyi, bir qayda olaraq, heç bir şərh vermədən, Zimblaitenin eskizləri əsasında sərgi komitəsi tərəfindən hazırlanmış tekstil məhsulları sahəsində müqavilələrdən imtina etdi. Rəsmən qəbul edilən sənədlərin birində nazir lakonik bir qətnaməyə imza atdı: “Yalnız reallığı əks etdirən əsərlər”.[8]

İkinci sərgi

1971-ci ilin martında Yudita və Vytautas Serisin şəxsi salonlarında (Yudita Serisin sənət salonu) bu qeyri-rəsmi qalereyada Zimblaitenin rəsmlərinin ikinci sərgisi keçirildi. 1971-ci ildə Zimblaite tamaşaçılara 1969-1970-ci illər arasında yaradılmış 13 əsərini təqdim etdi. Bu əsərlər yəni idi və "Vaqa" nəşriyyatının iclas zalında keçirilən sərgidə olan əsərlər burda nümayiş edilmədi.[9]

Dəzgah rəngkarlığı dünyasına tətbiqi sənət sahəsindən gələn Zimblaitenin əsərləri ənənəvi rəsm növlərindən daha çox qeyri-bərabər (sprey boya ilə) abstrakt ekspressionizmi və ispan qeyri-formalizmi nümayəndələrinin yaradıcılığına yaxın idi.[5] Sosialist realizmini rədd edən Litvada qeyri-rəsmi incəsənət nümayəndələri tez-tez ilham almaq üçün öz dini təcrübələrinə və təbiətə qayıdış hissi ilə bağlı təcrübələrə müraciət edirdilər.[5] Zimblaitenin həyatında və yaradıcılığında təbiət, eləcə də Bregiunaydakı bağı mühüm rol oynamışdır.[10]

Moskva sərgisi

1970-ci illərin birinci yarısında Zimblaiteyə Moskvada 1974-cü ildə tikilmiş Qnessin Dövlət Musiqi Kollecinin yeni binasında eskizlər yaratmaq və konsert zalı üçün pərdə tikməkdən ibarət bir iş təklif edildi. Moskvada növbəti qaldığı müddətdə (1973-1975) Zimblaite sənətşünas Vasili Rakitin və həyat yoldaşı Yelena ilə birlikdə yaşayıb. Moskva kimi böyük mədəniyyət mərkəzində qalmaq, yeni tanışlıqlar, eləcə də paytaxtın bədii həyatının çox sərbəst atmosferi rəssamın yaradıcılığına müsbət təsir göstərib. Baxmayaraq ki, öz spesifikliyinə görə Zimblaite yaradıcılığı yerli kontekstə uyğun gəlmirdi.[11]

1978-ci ildə Rakitinlərin şəxsi qalereyasında Zimblaitenin fərdi sərgisi keçirildi. Burada rəssam səkkiz fərdi əsər və dörd rəsm silsiləsi təqdim etdi.[12] O vaxta qədər statik və aydın şəkildə müəyyən edilmiş bədii məkanların sabitliyi onun iş prinsiplərinə yenidən baxmağa vadar etmişdi. Zimblaitenin davamlılıq və dəyişkənlik hallarını tutmaq istəyi nitro-emaye boyalarından istifadə edərək vahid tonlarda boyanmış uzadılmış kağız lentlərin yaradılmasında öz ifadəsini tapdı.[12][13] Zimblaite Moskva sərgisi haqqında məlumat sonradan yerli incəsənət nümunələri ilə yanaşı kənara da yayıldı. Məsələn, Rakitin qalereyasını ziyarət edənlər arasında bir neçə əsər alan yunan diplomatı və kolleksiyaçısı Georgis Kastakis də var idi.[13] Zimblaitenin əsərləri həmçinin digər alıcılarını da tapdı. Onun əsərləri tezliklə şəxsi kolleksiyaların bəzəyinə çevrilməyə başladı.[14]

1988-ci ilin sərgisi

Yenidənqurma başlayandan və bunun nəticəsi olaraq Sovet İttifaqında mədəniyyət sahəsinin tədricən liberallaşmasından sonra Zimblite 1968-ci ildən sonra ilk dəfə olaraq öz əsərlərini 1988-ci ildə baş tutan ictimai fərdi sərgidə nümayiş etdirmək imkanı əldə etdi. 1988-ci ilin iyulunda Vilnüs İncəsənət Sərgiləri Sarayında onu sərgisi açıldı. Sərgidə nümayiş üçün 25 rəsm əsəri və 21 şəkil seçilmişdi. Seçilmiş rəsmlərdən biri 1966-1969-cu illərdə (“Görmə”), 18-i 1970-1979-cu illərdə (“Bəlkə bu sakitdir...”, “Qızıl mələk qanadları nostaljisi” silsilələrindən), altı əsər isə 1980-1988-ci illərdə (“Dəyişən...”, “Veronika - Kənd”, “Sakit - Hərəkət”, "Əhval-ruhiyyə...", "Xatirədə..." silsiləsi) çəkilib. Sərgidə təqdim olunan rəsmlər üç bədii seriyaya aid idi: IX, X və XIII.

Müstəqillik illərində

Litvanın müstəqilliyinin bərpasından sonra Vilnüsdəki “Letuvos aydo” qalereyası cəmiyyəti sovet dövrü modernizmi nümayəndələrinin “yeraltı” sənəti ilə tanış etmək missiyasını öz üzərinə götürdü. Məhz bu qurum yeni şəraitdə Zimblaiteyə himayədarlıq etməyə başladı. Qalereya rəssamın sağlığında (1994, 1996 və 1999-cu illərdə) üç fərdi sərgi təşkil etdi və Zimblaitenin ilk monotiplərini ilk dəfə (1996-cı ildə) ictimaiyyətə təqdim etdi. Bu qalereyada rəssamın bir çox əsərləri də diqqətlə toplanmışdır ki, daha sonra onlar təkcə qalereyanın qrup tematik sərgilərində deyil, digər sənət məkanlarında da nümayiş etdirilməyə başlanıb.[15]

Yaradıcılığının təfsirləri

Müstəqilliyin bərpasından sonra Litva incəsənət və mədəniyyət ədəbiyyatında XX əsrin ikinci yarısında Litvada modernist rəngkarlığın dərk edilməsi ilə bilavasitə bağlı olan üç əsas fikir formalaşdı.[16]

Bəzi tədqiqatçılar rəssamlığı reallığın əks etdiricisi (geniş mənada), bir növ güzgü hesab edirdilər. Bu bədii tarixi mövqe rəsm əsərinin müəyyən bir tarixi dövrün məhsulu, onun sosial, siyasi və ideoloji konstruksiyalarının məcmusu kimi şərh oluna biləcəyi inancına əsaslanırdı. Bu nöqteyi-nəzəri müdafiə edən sənətşünaslar arasında Alfonsas Andriuskeviçius, Qrazina Klauqiene, Layma Lauçkaite və Yolita Muleviçiute vardı.[16] Ekspressiv təhlil ekspressiv yaradıcılıq ideyasına, özünüifadə imperativinə əsaslanır. Bu koordinat sistemində rəssamlıq yüksək sənət (sənət naminə sənət) kimi qəbul edilir, rəsmlərin ifadə vasitələrinə və məzmununa diqqət yetirilir, rəssamların yaradıcılıqda rasionalizm ideyasına şübhə ilə yanaşması vurğulanır.[16] Üçüncü nöqteyi-nəzər rəngkarlığı metadil kateqoriyası (rəsm haqqında rəsm, özünü əks etdirmə) hesab edir. Erika Grigoraviçienė tədqiqatında metadil nəzəriyyəsinə sadiqdir.[16]

İlk iki şərh Litvada mücərrəd sənətin mənşəyi məsələsi ilə birbaşa bağlıdır. Litva sənət tənqidində üstünlük təşkil edən fikir ondan ibarətdir ki, abstraksiya rəssamın mücərrəd obrazlar yaratmaq əsas niyyəti deyil, ətrafdakı reallığın (məsələn, mənzərə) abstraksiyasının artması nəticəsində yaranmışdır. Bu nöqteyi-nəzərin tərəfdarları arasında Raminta Jurenaite və eyni Jolita Muleviçiute var.[16][15]

İstinadlar

  1. 1 2 "Meno Lietuva — Dailė" (litva). culture.lt. 2012-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-04.
  2. 1 2 Lubytė, 2013. səh. 78
  3. Purys, 2005. səh. 95
  4. 1 2 Stančienė, 2015
  5. 1 2 3 Lubytė, 1999. səh. 7
  6. 1 2 Lubytė, 2013. səh. 89
  7. Tylusis modernizmas Lietuvoje, 1962–1982, 1997. səh. 44—45
  8. 1 2 3 Tylusis modernizmas Lietuvoje, 1962–1982, 1997. səh. 97
  9. Tylusis modernizmas Lietuvoje, 1962–1982, 1997. səh. 44—45, 47, 56
  10. Lubytė, 2013. səh. 88—89
  11. Purys, 2005. səh. 95—96
  12. 1 2 Tylusis modernizmas Lietuvoje, 1962–1982, 1997. səh. 76
  13. 1 2 Lubytė, 1999. səh. 9
  14. Purys, 2005. səh. 96
  15. 1 2 Lubytė, 1999. səh. 6
  16. 1 2 3 4 5 Žvirblytė, 2011. səh. 77

Ədəbiyyat

  • Tylusis modernizmas Lietuvoje, 1962–1982 = Quiet modernism in Lithuania, 1962–1982 (1000 nüs.). Tyto alba. Sudarytoja Elona Lubytė. 1997. ISBN 9986-16-050-2.
  • Alfonsas Andriuškevičius. K. Zimblytė: erdvė ir šviesa (1988) // Lietuvių dailė 1975–1995. Alfonsas Andriuškevičius. (litva). Vilnius: Vilniaus dailės akademijos leidykla. 1997. 153—155. ISBN 9986-571-26-X.
  • Laima Kreivytė. Plastinės raiškos alternatyvų paieškos // Skulptūra 1975–1990 (litva). Vilnius: Aidai. 1997. 32—36. ISBN 9986-590-57-4.
  • Elona Lubytė. Anotacija // Kazimiera Zimblytė (Kazė) (Parodos katalogas) (litva). Vilnius: „Lietuvos aido“ galerija. 1999. 6—9. ISBN 9986-9206-1-2.
  • Elona Lubytė. Elonos Lubytės pokalbis su architektu Albinu Petru Puriu. 2003 10 17 // Akimirkos: tekstai, piešiniai. Kazimiera Zimblytė (Kazė). (litva). Vilnius: „Lietuvos aido“ galerija. 2005. 95—97. ISBN 9955-9577-2-7.
  • Elona Lubytė. Pasirinkimai: dviejų menininkių kūrybiniai ieškojimai abipus geležinės uždangos // Acta Academiae Artium Vilnensis . 68 (litva). Vilnius: Vilniaus dailės akademijos leidykla. 2013. 77—93. ISBN 978-609-447-094-3. ISSN 1392-0316.
  • Kristina Stančienė. Už paveikslo briaunos. Žvilgsnis į vieną Kazės Zimblytės kūrybos ir gyvenimo laikotarpį // Septynios meno dienos (litva). № 3 (1109). — 2015. — Sausio noyabr.
  • Milda Žvirblytė. Judėjimo idėja modernistinėje tapyboje // Religija ir kultūra . 9 (litva). Vilnius: Vilniaus universiteto leidykla. 2011. 77—88. ISSN 1822-4571.
  • Kazė (Kazimieros Zimblytės parodos katalogas) = Казимера Зимблите. Каталог выставки (200 nüs.). Vilnius: LTSR dailės fondas. Ats. redaktorius V. Vincevičius. 1988.

Xarici keçidlər