Ekzotik qayalar

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Ekzotik qayalar təbii amillərin – günəşin, yağışküləyin çökmə və maqmatik dəstəmlərin çıxışlarına fəal erozion təsirinin son məhsuludur. Bu proses nəticəsində müxtəlif kövrəkli süxurlar qeyri-bərabər dağılmaya məruz qalır və onların daha davamlı fraqmentləri çox vaxt ağlagəlməz dərəcədə qəribə görkəm alır. Ekzotik qayalar Azərbaycan Respublikasının bütün dağlıq-qırışıqlıq regionlarında, daha çoxu isə Naxçıvan diyarında, Talış dağlarında, Qobustanda, Cənub-Şərqi Qafqazda geniş təmsil olunmuşdur və onları əmələ gətirən süxurların yaşı paleozoydan başlamış müasir dövrə qədərdir.

Üç qardaş daş kompozisiyası

Naxçıvan MR-də Əlincəçayın sol sahilində, Qızılca və Kirnə kəndlərinin arasında yerləşir. Orta eosen tuf-qumdaşlarına atmosfer amillərinin aşınma təsiri nəticəsində yaranmışdır.

Qoşalaşmış Oğlan-Qız qayası

Naxçıvan MR-də Gilançayın sağ sahilində, Başkənddən cənubda eyniadlı yüksəkliyin zirvəsini təşkil edən, relyefdə ifadəli təsir bağışlayan orta eosenə aid aşınmış tuf-qumdaşlarının qalığı. Uzaqdan baxanda bir-birinə tərəf əyilmiş iki adamı xatırladır.

"Sfinks" qayası

Naxçıvan MR-in cənub-şərqində, Nehrəm dərəsinin yamaclarında trias dolomitlərinin eroziya prosesinin təsirinə məruz qalması nəticəsində yaranmışdır.

Göbələyəbənzər "Parağdaş" qaya qalığı

Naxçıvançayın yuxarı axarında, Mahmudoba kəndinin yaxınlığında orta eosen yaşlı tuf-qumdaşlı ayaq üstündə tuf-konqlomerat brekçiyasının qayması yerləşir.

"Gəlinqaya"

Unus və Pəzmərə kəndlərini birləşdirən yoldan yuxarıda yerləşir və qadın fiqurunu xatırladan formada olub orta eosenin vulkanogen süxurlarından təşkil olunmuşdur. 

"Əjdaha" qayası

Dağlıq Talışın Coni kəndi ətraflarında təbiətin heç də az maraq doğurmayan yaradıcılıq məhsulu. Alt eosenin sanidin tuflarından təşkil olunmuş və qəzəblənmiş əjdahaya heyrətamiz dərəcədə oxşarlığı ilə diqqəti cəlb edir.

Ekzotik "Minarə" qayası

Əsas Qızılqaya dağ massivindən qopub ayrılmış aşağı təbaşir dövrünə aid hündürlüyündə mərmərləşmiş əhəngdaşı parçası. Şimal-Şərqi Azərbaycanın Qudyalçay kanyonunun girişində "gözətçi" kimi bitib qalmışdır. Qaya və massiv arasındakı dar yarıq (5 metrə yaxın) bu sahədə çayı drenaj edir.

Həmçinin bax

Mənbə

  • Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press. 2013. 147.