Elifalet Braun Cunior

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Elifalet Braun Cunior
Doğum tarixi 1816[1]
Doğum yeri
Vəfat tarixi 23 yanvar 1886(1886-01-23)
Vəfat yeri
Fəaliyyəti rəssam, fotoqraf, dagerotipist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elifalet Braun Cunior (ing. Eliphalet Brown Jr.; 1816[1], Nyuberiport[d], Massaçusets23 yanvar 1886, Nyu-York, Nyu-York ştatı) – ABŞ fotoqrafı, dagerotipisti, litoqrafı və rəssamı. Yaponiyaya göndərilmiş Perri ekspedisiyasının rəsmi fotoqrafı olmuşdur. Yaponiyada çəkilmiş ilk fotoların müəllifidir.

Həyatı

Tanaka Mitsuyoşinin Braun tərəfindən 1854-cü ildə çəkilmiş fotosu. Yapon şəxsə aid ən qədim foto hesab olunur.

Yaponiya səyahəti

Elifalet Braun 1816-cı ildə ABŞ-də doğulmuşdur.[2] 1846–48-ci illərdə Nyu-York şəhərində dagerotipist qardaşı Ceyms Sidni Braunla işləmişdir.[2] 1848-ci ildə litoqraf Çarlz Severinə qoşulmuşdur. "Currier and Ives" şirkəti üçün işləyərkən 1852-ci ildə Perri ekspedisiyasının fotoqrafı seçilmişdir.[2] O, ekspedisiya boyunca rəssam Vilhelm Heyneteleqrafdan məsul olan Vilyam Dreyperlə əməkdaşlıq etmişdir.[2]

Metyü Perri 1853-cü ilin avqustunda Makaoda yazdığı jurnal qeydlərində Braundan bəhs etmiş və onun kalotipiya təcrübələri apardığını qeyd etmişdir.[3] Perri ekspedisiyası Yaponiyaya çatmazdan öncə 26 may 1853-cü ildə Okinavanın paytaxtı olan Naha şəhərində dayanmışdır.[3] Ekspedisiya üzvlərindən biri olmuş Teylor Beyyard 1887-ci ildə yazdığı "1853-cü ilin Hindistan, Çin və Yaponiya ziyarətləri" kitabında Braunun Okinavadakı fəaliyyətini təsvir etmişdir.[3] Braun və Dreyper üç həftələrini bir məbəddə keçirərək fotoqrafiya ilə məşğul olmuşdurlar.[3] Bir çox yerli şəxs onları ziyarət edərək fəaliyyətlərini maraqla izləmiş, hətta bəziləri fotoportret üçün əyləşmişdir.[3]

Braun ekspedisiya zamanı dagerotipiya üsulu ilə 400-dən çox foto çəkmişdir.[2] Bu fotoların bəziləri Perri tərəfindən yaponlara verilmiş, bir çoxu isə 1856-cı ildə Filadelfiyadakı çap evində baş vermiş yanğın zamanı məhv olmuşdur.[2] Yanğında salamat qalmış 20 foto həmin il nəşr olunmuş "Amerika eskadrasının Çin dənizlərinə və Yaponiyaya ekspedisiyasının hekayəsi" kitabında təsvir edilsə də, ancaq altı foto müasir dövrə qədər çata bilmişdir.[2] Fotoların çoxunun yanğında məhv olduğu iddia güman edilsə də, Rob Eksle 1987-ci ildə yazdığı kitabında fotoların başqa çap evlərinə də göndərildiyi üçün böyük qisminin salamat qaldığını iddia etmişdir.[2] Braunun Yaponiyada çəkdiyi fotoların bir çoxunun mövzusu demək olar ki, naməlumdur.[4] Sadəcə 60 fotonun mövzusu identifikasiya edilə bilmişdir.[4]

ABŞ-yə qayıdışı

Braun Yaponiyadan qayıtdıqdan sonra fotoqrafiya ilə məşğul olmaqdan əl çəkmişdir.[4] Lakin Yaponiyada çəkdikləri əsasında böyük litoqraf vərəqləri nəşr etdirmişdir.[4] 1860-cı ildə Perri ekspedisiyası zamanı xərclədiyi pul üçün ABŞ Konqresindən təzminat tələb etsə də, tələbi yerinə yetirilməmişdir.[4]

Braun donanmaya qoşulmağa qərar vermiş və növbəti 20 ilini hərbi xidmətdə keçirmişdir.[4] ABŞ Vətəndaş müharibəsində master və gizir kimi döyüşmüşdür.[4] Müharibədən sonra kargüzarlıq vəzifəsinə keçmişdir.[4] Aralıq dənizi eskadrasında admiralın katibi olmuşdur.[4] 1875-ci ildə təqaüdə çıxaraq evlənmişdir. Üç ay davam edən xəstəlikdən sonra 23 yanvar 1886-cı ildə Nyu-Yorkda ölmüşdür.[4]

İstinadlar

  1. 1 2 Eliphalet Brown // https://rkd.nl/explore/artists/400398.
  2. 1 2 3 4 5 6 7 8 Bennett. səh. 27
  3. 1 2 3 4 5 Bennett. səh. 28
  4. 1 2 3 4 5 6 7 8 9 10 Bennett. səh. 29

Ədəbiyyat

  • Bennett, Terry. Photography in Japan: 1853–1912 (ingiliscə). Tuttle Publishing. 2006. 27–29. ISBN 0-8048-3633-7. İstifadə tarixi: 8 oktyabr 2022.