Bədr xan Ustaclı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bədr xan Ustaclı
Bədr xan Şərəfli-Ustaclı
1538 – 1541
1543 – 1547
Şəxsi məlumatlar
Doğum yeri Qaradağ, Səfəvilər
Vəfat tarixi
Vəfat yeri Qəzvin, Səfəvilər
Fəaliyyəti hərbi lider[d]
Uşağı İmamqulu bəy
Rütbəsi general

Bədr xan Şərəfli-Ustaclı (?-1558) — Qızılbaş əmiri, I Şah Təhmasib Səfəvinin dövründə sərkərdə.

Onun barəsində anonim müəllif tərəfindən yazılan “Tarix-i Qızılbaşan” əsərində qısa məlumat verilir:

"Başqa biri Bədr xandır ki, Şah Təhmasibin divanbəyi idi, Şahqulu Xəlifədən sonra qoşunun sərdarı oldu və Astrabad yaxınlığında özbək Əli Sultanla vuruşub əsir düşdü. Axırda o bəladan (əsirlikdən) xilas oldu və Qəzvin şəhərinə gəldi. Amma (şahın) kimiya təsirli nəzərini cəlb etmədi, ona görə çox məyus oldu və elə o dövrdə vəfat etdi."[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Bədr xan Ustaclı Ustaclı boyunun məşhur sərkərdələrindən biri, Şah Təhmasibin divanbəyisi idi. Bədr xan Ustaclının adı mənbələrdə Div sultan Rumlu ilə Köpək sultan Ustaclı arasında baş vermiş münaqişə zamanı çəkilir. Rumlu yazır:[2]

“Köpək sultan rəcəb ayının (13.04.-12.05.1526) əvvəlində Xalxal yolundan Sultaniyyəyə gəldi. Məntəşa sultan, Qılıc xan, Qurd bəy və Bədr bəy ona qoşuldular və savaş meydanına üz qoydular.”

Bədr xan Ustaclı bu zaman Köpək sultanın ordusunda iştirak edirdi. 1527-ci ilin may ayında Naxçıvan ətrafında baş verən döyüşdə Köpək sultan öldürüldü. Digər ustaclı əmirləri isə Gilana qaçdı. Gilanda Müzəffər sultana sığınan əmirlərdən biri də Bədr xan Ustaclı idi. O və digər ustaclılar Müzəffər sultanın sarayında baş verənlərə tab gətirə bilmədiklərinə görə 1529-1530-cu ildə Qəzvinə Şah Təhmasibin yanına gəlib şahdan üzr istədilər. Şah Təhmasib onları yenidən öz əyalətlərinə hakim kimi göndərdi.[3][4]

Özbəklərin 1533-cü il hücumu zamanı[redaktə | mənbəni redaktə et]

1533-cü ilin mart ayının 11-də Qəmiş sultan Soucbulağın Məxmur çəmənliyində Məhəmməd xan Zülqədər üzərinə hücum edib, onların yüklərini və mallarını qarət etdi. Bundan xəbər tutan Şah Təhmasib 1533-cü ildə böyük bir ordu ilə Xorasan üzərinə səfərə başladı. O yola düşmədən əvvəl qardaşı Əlqas Mirzəni Bədr xan Ustaclı ilə birlikdə Astrabada göndərdi.[3][5][6]

Münşi yazır:

“Onlar Bistama çatanda Bədr xan öz yoldaşları ilə canəqi qurub qərara aldı ki, Astrabad tərəfə sürətli yürüş edərək, qəflətən Qəmiş-oğlanın üzərinə getsinlər. Onlar müharibə hiyləgərlikdir kəlamına əməl etdilər və cənab Əlqas Mirzənin ali məiyyətində düöyüş meydanı mübarizələrindən min beş yüz nəfər Bistamdan sürətli hərəkət edib, sübh vaxtı şəhərə gəlib, şadyanalıq nağarası səsləndirdlər. Qəmiş-oğlan yüz təşviş içində yeddi-səkkiz nəfərlə birlikdə aradan çıxıb, Mərv tərəfə qaçdı, onun dörd qardaşı 5 yüz nəfərə qədər özbəklə qətlə yetirildi.”[5]

Şirvanşah Şahruxun üzərinə göndərilməsi[redaktə | mənbəni redaktə et]

1538-ci ildə Şirvanı çoxdan bəri Səfəvilər dövlətinə birləşdirmək fikrinə düşən şah Təhmasib əlverişli bəhanə tapdı. Həsən bəy Rumlunun təbirincə "...Şah Şahruxun ölkəni pis idarə etməsi, onun əmirlərinin bəd əməlləri, ordusundakı oğurluq, bu ölkədəki imansızlıq və dini təsisatlara etinasızlıq haqqında eşitmişdi".

Şah Təhmasibin əmri ilə Məntəşa sultan Ustaclı, Əlqas Mirzə və Sevindik bəy Qacarın rəhbərliyi ilə 20 min nəfərlik qoşun Şirvan üzərinə göndərildi. Bədr xan Ustaclı da Şirvana göndərilən bu qoşunun tərkibində idi. [7]

Rumlu yazır:

“Qızılbaş qoşunları Biqurd qalasının böyründə yerləşən Gürcü qalasını istla etdilər və şirvanlılar dilavərlərin xofundan [Biqurd] darvazasını bağlamağı unutdular. Qazilər istədilər ki, qalanın içinə girsinlər. Bədr xan onlara mane olub dedi ki, əgər zəfər şüarlı qoşunlar qalaya daxil olsalar, onların mallarını talan edəcəklər. Şirvanlılar fürsəti qənimət bilib darvazaları bağladılar və müzəffər orduya qarşı müqavimət, vuruşma və müdafiə məqamında sabitqədəm oldular.”[8]

Bu yürüş nəticəsində Şirvan tamamilə qızılbaşlara təslim olur.

Professor Zabil Bayramlı yazır ki, Bədr xan Ustaclı həmin il Çuxursəd bəylərbəyi təyin edilmişdi.[9]

Özbəklərin 1543-1544-cü il hücumu zamanı[redaktə | mənbəni redaktə et]

Şah Təhmasib 1543-cü ildə Nəhavənddə olarkən xəstləndi. Bundan xəbər tutan özbək Din Məhəmməd xan Amudəryanı keçərək yürüşə başladı. Çox keçmədən cəsusları vasitəsilə bundan xəbər tutan Şah Təhmasib qardaşı Bəhram Mirzəni Bədr xan Ustaclı və bir dəstə qızılbaş əmirləri ilə birgə Lar yaylağına göndərdi. Onlar buradan Din Məhəmmədin gələcəyi istiqamətə əsasən kömək üçün hərəkətə keçməli idilər. Din Məhəmməd Astrabad üzərinə yürüşə başladı. Onlar da tələsik Astrabada tərəf üz tutdular.[10] Ancaq Din Məhəmməd Astrabadı ələ keçirmədən Xarəzmə qayıtmalı oldu. Nəticədə Bədr xan Ustaclı və Bəhram Mirzə də yenidən Lar yaylağına üz tutdular.[11]

Humayun şahın gəlişi və Əlqas Mirzə üsyanı zamanı[redaktə | mənbəni redaktə et]

Bэdr xan Ustaclı 1544-cü ildə Əbhər ətrafında Humayun şahı qarşılamaq üçün göndərilən Qızılbaş əmirlərindən biri idi.[12]

1538-ci ildə Şirvan tamamilə fəth edildikdən sonra Şah Təhmasib qardaşı Əlqas Mirzəni buraya hakim təyin etmişdi. Əlqas Mirzə 1545-ci ilə qədər ona tapşırılan vəzifəsini sədaqətlə yerinə yetirdi. . 1545-ci ildə isə onun müstəqilləşmək və Səfəvi dövlətindən qopmaq istəyi haqqında məlumatlar alınmışdı. Belə bir məlumat alanda ġah Təhmasib Qəzvində qışlağa dayanmışdı. Şah Təhmasib qardaşı ilə döyüşə girməmək üçün Əliağa Qapıçıbaşını Əlqas Mirzənin yanına göndərdi ki, ona öyüd-nəsihət versin və mərkəzi hakimiyyətə qarşı olan itaətsizlik məsələsi dinc şəkildə aradan qaldırılsın. Əliağa Qapıçıbaşı da onunla görüşərək Şah Təhmasibin sözlərini ona çatdırdı. O eyni zamanda öz nəsihətlərini də ona açıqladı.[12][13]

Əlqas Mirzə də Şahın sözlərindən narahatçılıq keçirib anası Xanbəyi xanımı və oğlu Sultan Əhmədi üzr istəmək məqsədilə şahın yanına göndərdi. Şah onun üzrünün qəbul etdi və gələcəkdə yenidən üsyan etmə ehtimalını aradan qaldırmaq məqsədilə Bədr xan Ustaclı da daxil olmaqla bir sıra Qızılbaş əmirini Əlqas Mirzənin anası və oğlu ilə Şirvana göndərdi. Bədr xan Ustaclı və digərləri burada Əlqas Mirzəni Qurana and içdirib müxalif hərəkətlərdən əl çəkəcəyinə söz verdirdilər. Əlqas Mirzə həmçinin şah xəzinəsinə ildə 1000 tümən pul və şah ordusuna 1000 əsgər göndərəcəyinə and içdi.[14][15]

Osmanlı yürüşləri zamanı[redaktə | mənbəni redaktə et]

1548-ci ildə Sultan Süleyman "Rum, Şam, Misir məmləkətlərindən və Qaraman, Rəbiyə və İraqi-Ərəb ölkələrindən" topladığı böyük bir ordu ilə İstanbuldan çıxıb Əcəmə doğru hərəkətə başladı.[16]Şah Təhmasib Sultan Süleymanın Təbrizə hərəkət etməsi barədə xəbəri eşidən kimi əmr etdi ki, Bədr xan Ustaclının da daxil olduğu Səfəvi qoşunu Mərəndə yola düşsün. Bu barədə Münşi yazır:

“Şah böyük əmirlərdən Abdulla xan Ustaclını, Bədr xan Ustaclı, Hüseynxan sultan Rumlu, Şahverdi sultan Ziyadoğlu və başqaları ilə birlikdə qoşuna təyin edərək, Mərəndə göndərdi. ”[16]

Səfəvi ordusunun avanqard hissəsi əsasən Bədr xan Ustaclının adamları Mərənddə osmanlıar üzərinə hücuma keçib onları geri püskürddülər. Sultan Süleyman Əlqas Mirzəni bir neçə Osmanlı paşası və 40 min ordu ilə birgə Mərəndə göndərdi. Baş verən döyüşdə osmanlılar qalib gəldilər. [14]

Şəkinin müstəqilliyinə son qoyulmasında rolu[redaktə | mənbəni redaktə et]

Hicri 958 (1551)-ci ildə I Şah Təhmasib Şəkinin müstəqilliyinə son qoymaq qərarına gəldi. Şah Təhmasib Şəki hakiminin üsyankar rəftarına qarşı cavab vermək məqsədilə 1551-ci ildə Şəki üzərinə yürüşə başlayır. Bu zaman Dərviş Məhəmməd xana nifrət bəsləyən gürcülər də I Təhmasibin yanına gəlib öz itaətlərini bildirirlər. Səfəvi ordusunun gəldiyi xəbərini eşidən Dərviş xan Gələsən-Görəsən qalasına sığınır. Digər əyanlar isə Kiş qalasında idilər. Qorçibaşı Sevindik bəy, Bədr xan və Şahqulu Sultan Ustaclı Kiş qalasının üzərinə göndərililər. Bədr xan Ustaclı və Şahqulu sultan Ustaclı Kiş qalasını mühasirəyə aldılar.[17]

Səfəvi qoşunu Şəkidə olarkən Qurqura oğlu Keyxosrov Şah Təhmasibdən Vaxuş, Gürcü və Levasan Şermanzanoğluna qarşı kömək istədi. Səfəvi qoşunun gəlişindən xəbər tutan gürcülər Derzabad qalasına və kilisəyə sığındılar. Bu zaman şah xəbər tutdu ki, “Derzabad qalasında və kilsədə olan gürcü aznavurlarından ibarət çoxsaylı bir dəstə gəlib-gedənə basqın edirlər.” Şah Bədr xan Ustaclını, Şahverdi sultan Ziyadoğlu ilə birgə bu qalaya yolladı. Bədr xan Ustaclı rəhbərliyindəki qoşun qalanı və kilisəni mühasirəyə aldı. Tezliklə tərəflər qarşı-qarşıya gəldi. Baş verən döyüşdə Səfəvi qoşunu qələbə çaldı. Şah Təhmasib buraya gələrək kilisəyə daxil oldu.[18]Rumlu yazır:

“Kilisədə dörd şam vardı ki, yaramaz gavurlar onların hər birini altmış batman mumdan tökmüşdülər və onların şəfəqindən öz varlıq xırmanlarını yandırmışdılar. Bədir xan Ustaclu bu şamları qırdı. Dinin pənahı olan şahın ixtiyarına çoxlu mallar və saysız əşyalar keçdi.”[19]

İsgəndər paşa ilə döyüşdə iştirakı[redaktə | mənbəni redaktə et]

1551-ci ildə Ərzurum bəylərbəyi İsgəndər paşanın Səfəvi qoşunlarına qarşı fəallaşması haqqında xəbər alan kimi Şah Təhmasib tərəfindən “fərman verildi ki, o ordunun öndə gedəni və o qoşunun Cahan Pəhləvanı olan aləm sakinlərinin şahzadəsi və cahan sakinlərinin gözünün nuru şücaüddövlə İsmayıl mirzə bir dəstə bahadırla İsgəndər paşanı dəf etmək üçün Ərzuruma yollansın. Bədr xan Ustaclı da digər qızılbaş əmirləri ilə birgə İsmayıl Mirzə ilə Ərzuruma göndərilən qoşunun tərkibində idi.[20]

1552-ci ildə Ərzurum ətrafında tərəflər arasında baş verən döyüşdə Bədr xan Ustaclı da iştirak etmişdi. Döyüş zamanı İsmayıl Mirzə meydana atılmaq istəyəndə Bədr xan Ustaclı və Şahqulu sultan Lələ onun atının yüyənini tutub qoymadılar ki, irəli gedsin. Lakin İsmayıl Mirzə bundan qəzəblənib onları acıladı və yenidən meydana atılmaq istədi. Bədr xan Ustaclı və Şahqulu sultan atın yüyənini buraxmadılar.[21][22]

Bədr xan Ustaclı Şah Təhmasib tərəfindən Ərcişə göndərilən dəstənin mənqəlayı təyin edilmişdi.[21]

Özbəklərlə mübarizədə iştirakı və ölümü[redaktə | mənbəni redaktə et]

h. 965/1557-58-ci illərdə Yaxa türkmənlərindən olan Aba Astrabada hücum edərək ətraf kəndləri qarət etdi. Bundan xəbər tutan Şah Təhmasib bölgəyə kömək üçün divan əmiri Bədr xan Ustaclı da daxil olmaqla bir dəstə göndərdi. 2 günlük döyüşdən sonra qızılbaşlar Abanı məğlub etdilər və o, qaçaraq Xarəzm hökmdarı Əli Sultana sığındı. Bu zaman həmin ilin (965-ci il) Ramazan ayının 18-də (4 iyul 1558) Şahqulu xəlifə Zülqədər vəfat etdi.[23] Qızılbaş əmirləri divanbəyi Bədr xana tabe olmadılar və onların hər biri Gürgan çölündə müstəqil hərəkət etdilər. Şahqulu xəlifədən sonra ordunun baş komandanı Bədr xan Ustaclı olmuşdu. Bu barədə Rumlu yazır:

“Yürüş əsnasında ordu sərdarı Şahqulu xəlifə Möhürdarı qarın sancısı tutdu və şənbə gecəsi, ramazan [ayının] 18-də (04.07.1558)2483 vəfat etdi. Əmirlər Bədir xanın sözünü qəbul etməyib hər biri özbaşına hərəkət etdi. Bir neçə gün ərzində aləmi yandıran ordu o biyabanda türkmənlərin ulusuna basqınlar edərək öz atlarını yorduqdan sonra xəbər gəldi ki, Din Məhəmməd xanın qardaşı Əli sultan dinin pənahı olan şahın ona verdiyi ənamları və ona göstərdiyi lütfkarlığı unudaraq, döyüşmək iddiası ilə böyük bir qoşunla Xarəzmdən bu tərəfə doğru Aba Türkmənin köməyinə gəlməkdədir. Bədr xan bu haldan xəbərdar olduqda həmlə etmək əzmi ilə onların üzərinə yollandı. Əli sultan acizliyinin çoxluğu ucbatından öz ordusunun kənarında xəndək qazdırmış, çuvalları qumla doldurub qoydurmuş, dəvələri orada yerə yatırtmış, tüfəngçilər oturtmuş və sanki istehkamlı bir qala düzəltmişdi. Əmirlər döyüşə başladılar. Çevik cavanlar və adlı-sanlı igidlər həmlə etdilər. döyüş qızışdı. Qazilər xəndəyin kənarına çatdıqda özbəklər onları ox və tüfəng atəşi ilə qarşıladılar.”[24]

Bu dəfə Əli Sultan Özbək Abaya kömək əlini uzadaraq əsgərləri ilə Astrabad üzərinə hücuma keçdi. İki ordu 21 Şəvval 965/6 avqust 1558-ci ildə döyüşə başladı. Baş verən döyüşdə bir neçə Qızılbaş əmiri şəhid oldu. Bədr xan Ustaclu və bəzi Qızılbaş əmirləri də əsir götürüldü. Başqa böyük bir qrup qızılbaş dəstəsi qaçarkən Gürgan çayında boğularaq öldü. Əli Sultan əsirlərlə birlikdə Xarəzmə qayıtdıqdan sonra onları azad etmək üçün 200 tümən pul istədi. Qızılbaşlılar Əli Sultanın tələb etdiyi məbləği ödəyib, onun əsir götürdüyü əmirlərin azad edilməsini təmin etdilər. Bədr xan nəhayət əsirlikdən xilas olub Qəzvin şəhərinə gəldi. Lakin o artıq şahın diqqətini çəkmədi. Məhz buna görə də həmin vaxt xəstəliyə düşərək dünyasını dəyişdi.[25]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Bədr xanın İmamqulu bəy adlı oğlu vardı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Rumlu, Həsən bəy. Əhsənüt-təvarix (az.). Bakı: Uzanlar. 2017. ISBN 978-605-030-641-5.
  • Bayramlı, Zabil Həsrət oğlu. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU (az.). Bakı: «AVROPA» nəşriyyatı. 2015.
  • Münşi, İsgəndər bəy. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF) (az.). I. Bakı: «Təhsil» nəşriyyatı. 2009.
  • Cavanşir, Babək. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576) (türk). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007.
  • Məhəmmədi, M.Ə. Tarix-i Qızılbaşan (türk). Bakı: Azərbaycan nəşriyyatı. 1993.
  • Süleymanov, Mehman. Səfəvilər. Şah Təhmasib (az.). V. Bakı: Maarif. 2020. ISBN 978-9952-37-141-8.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Çingizoğlu, Ənvər. Qarşı yatan Qaradağ (az.). Bakı: Ozan. 1998.
  • Çingizoğlu, Ənvər. Qaradağlılar (az.). Bakı: Şuşa. 2008.
  • Çingizoğlu, Ənvər. Qaradağ xanlığı (az.). Bakı: "Mütərcim". 2011.
  • Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. 1–337. ISBN 978-1933823232.
  • Fleischer, C. "ALQĀS MĪRZA". Encyclopedia Iranica. 1989. İstifadə tarixi: 28 April 2017.
  • Musalı, Namiq. I ŞAH İSMAYILIN HAKİMİYYƏTİ (“TARİX-İ ALƏMARA-Yİ ŞAH İSMAYIL” ƏSƏRİ ƏSASINDA) (az.). Bakı: Nurlan. 2011.
  • Mehman Süleymanov. Şah İsmayıl Səfəvi. Bakı: Elm və təhsil. 2018. ISBN 978-9952-8176-9-0.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Məhəmmədi, 1993. səh. 15
  2. Rumlu, 2017. səh. 451
  3. 1 2 Cavanşir, 2007. səh. 465
  4. Süleymanov, 2020. səh. 59
  5. 1 2 Münşi, 2009. səh. 151
  6. Rumlu, 2017. səh. 492
  7. Bayramlı, 2015. səh. 236
  8. Rumlu, 2017. səh. 516
  9. Bayramlı, 2015. səh. 214
  10. Rumlu, 2017. səh. 528
  11. Cavanşir, 2007. səh. 466
  12. 1 2 Rumlu, 2017. səh. 529
  13. Münşi, 2009. səh. 166
  14. 1 2 Cavanşir, 2007. səh. 467
  15. Süleymanov, 2020. səh. 404
  16. 1 2 Münşi, 2009. səh. 168
  17. Rumlu, 2017. səh. 552
  18. Rumlu, 2017. səh. 554
  19. Rumlu, 2017. səh. 555
  20. Süleymanov, 2020. səh. 410
  21. 1 2 Rumlu, 2017. səh. 563
  22. Süleymanov, 2020. səh. 493
  23. Cavanşir, 2007. səh. 568
  24. Rumlu, 2017. səh. 584
  25. Rumlu, 2017. səh. 585

Həmçinin bax[redaktə | mənbəni redaktə et]