Abdulla xan Qara xan oğlu Ustaclı (digər Azərbaycandilli mənbələrdə Abdullaxan Ustaclı deyə qeyd olunur;[1] 1515, Diyarbəkir – 2 oktyabr 1567, Şirvan) — Qızılbaş sərkərdəsi, Şirvan bəylərbəyi, I Şah İsmayıl Səfəvinin bacısı oğlu.
Abdulla xan Ustaclı | |
---|---|
| |
1549 – 1567 | |
Əvvəlki | Əlqas mirzə Səfəvi |
Sonrakı | Araz xan Rumlu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1515 |
Doğum yeri | |
Vəfat tarixi | 2 oktyabr 1567 |
Vəfat yeri | |
Atası | Qara xan Ustaclı |
Anası | Fatma Sultan bəyim Səfəvi |
Həyat yoldaşı | Pəri xan xanım |
Dini | Şiə İslam |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Abdulla xan hicri 956 (1549–1550)-cı ildə Şirvan bəylərbəyisi vəzifəsinə təyin olunmuş və 974 (1566–1567)cü ildə vəfat edənədək, 17 il ərzində həmin vəzifəni tutmuşdu. O, Şirvan əyanlarının separatçı çıxışlarını (Qurbanəlinin, Mehrabın, Qasım Mirzənin) yatırmağa nail oldu və burada Səfəvilərin hakimiyyətini möhkəmləndirdi. Bundan sonra Abdulla xanın nüfuzu daha da artdı. I Şah Təhmasib həm də bibisi oğlu olan Abdulla xanla çox vaxt hesablaşırdı. Cenkinsonun öz qeydlərində Şirvan canişini Abdulla xanın sarayının şahanə təmtəraqının təsvirinə böyük yer verməsi, onu mədh edərək "Şirvan kralı" adlandırması təsadüfi deyildi.
Abdulla xan Qara xan oğlu Ustaclı Diyarbəkirdə anadan olmuşdu. Ustaclı elinin Təmişli oymağındandır.[2] Anonim müəllif tərəfindən qələmə alınan Tarixi Qızılbaşan adlı əsərdə onun haqqında məlumata rast gəlinir. Müəllif yazır ki, Ustaclı tayfasının ən böyük əmirlərindən biri olan Abdulla xan I Şah İsmayılın bacısı oğlu, I Şah Təhmasibin isə bacısının əri idi.[3]
I Şah İsmayılın ölümündən sonra I Şah Təhmasibin lələsi, rumlu tayfasına mənsub Div Sultan dövlət işlərində nəzarəti öz əlinə keçirir. Bu zaman Ustaclı tayfasının görkəmli əmirlərindən olan Abdulla xan və Köpək sultan onun hakimiyyətinin güclənməsinə yol vermək istəmirlər. Tərəflər arasında hicri 932-ci ildə (1525) Səksəncik və Xərzavil döyüşlərində ustaclılar məğlub oldular. Xərzavil döyüşündə Abdulla xan Ustanclı Kirman hakimi Əhməd Sufi oğlu Ustaclı ilə birlikdə qoşuna rəhbərlik edirdi.[4]
1527-ci ildə özbək xanı Ubeydulla xan Qızılbaşlar məmləkətinə qoşun çəkdi. I Şah Təhmasib ordu toplayıb qarşı çıxdı. Ustaclı elindən Abdulla xan 200 nəfər seçmə bahadırla toplantı yerinə gəldi.[2] Elin digər qruplarından isə 16 mindən yuxarı atlı yığılmışdı. Yığılanlar içində Ustaclı eli birinci yeri 17 min atlıyla, ikinci yeri Avşar eli 16 min atlıyla tuturdu. Özbəklər məğlub olub geri çəkildilər.[5]
Abdulla xan Ustaclı siyasətdə şahın bütün əmirləri içində daha seçkin bir mövqedə idi. Şah Təhmasib Çuxa Sultanın ölümündən sonra hicri 937-ci ildə (1531) Qızılbaşlar arasında tarazlığı qorumaq üçün Hüseyn xan Şamlı ilə Abdulla xan Ustaclını əmirəl üməra vəzifəsinə gətirdi.[6]
Şah Təhmasibin 1540–1541-ci ildə Baban bölgəsi hakimi Şeyx Kürdə qarşı göndərdiyi hərbi birlik məğlub olub geri qayıdır. Şərəf xan Bitlisi "Şərəfnamə" əsərində yazır ki, bu zaman şah üçüncü dəfə 1542-ci ildə yeni qoşun göndərmək qərarına gəlir. Bu qoşuna rəhbərlik edən qızılbaş əmirlərindən biri də Abdulla xan Ustaclı idi. Baş verən döyüşlər qızılbaşlar üçün məğlubiyyətlə nəticələnir.[6]
1548–1549-cu ildə Sultan Süleyman Təbrizə doğru hərəkət etdi. Bu zaman Təbrizdə Şənbi-Qazan adlı yerdə gözləyən Şah Təhmasibin ordusunun avanqard hissəsini osmanlılara qarşı döyüşmək üçün Mərəndə göndərdi. Abdulla xan da bu qoşunla birlikdə idi. Osmanlı qoşunları Abdulla xan Ustaclının, Şahverdi Sultan Ziyad oğlunun və Əli Sultan Təkəlinin başçılığı ilə irəlidə olan qızılbaş hissələri ilə toqquşdular. Qızılbaşlar Osmanlıların üstün qüvvələrinin təzyiqi altında şahın Eşkəmbərdə yerləşən qərargahına geri çəkilməyə məcbur oldular.[7]
Həmin il Sultan Süleyman geri qayıtdıqdan və Əlqas Mirzə yaxalandıqdan sonra Şah Təhmasib yenidən Şirvanda Səfəvi hakimiyyətini bərpa etdi. Osmanlı qoşunları Azərbaycanın cənub hissəsindən getdikdən sonra şah ustaclı tayfasının başçısı Abdulla xanı Şirvan hakimi təyin etdi və Şirvan qiyamçılarını zərərsizləşdirmək vəzifəsini ona tapşırdı.[8]Abdulla xan Ustaclının Şirvana bəylərbəyi təyin edilməsi də daha çox burada baş verə biləcək mərkəzdənqaçma meyilləri ilə əlaqədar idi. Fəzli İsfahani yazır ki, Şirvanşahlar nəslindən olan Bürhan sultan Şirvana gəlib, Şirvanşahlar sülaləsini və hakimiy- yətini bərpa etmək üçün Qızılbaş qoşunları ilə vuruşdu və məğlub oldu. Vəziyyəti belə görən Şah Təhmasib H.956-cı (1549) ildə öz bibisi oğlu Abdulla xan Ustaclını Şirvana bəylərbəyi təyin edir.[9]
Hicri 956 (1549)-cı ildə Abdulla xan Cavad yaxınlığında Kürü keçərək Əli Şəban adlı yerdə düşərgə saldı. Qiyamçılar Buğurd dərəsində yerləşmişdilər. Onlar böyük qüvvələrə malik olduqlarına görə qızılbaşlar hücuma başlamağa cəsarət etmirdilər. Lakin bu vaxt qiyamçıların başçısı Bürhan öldü və üsyançılar onun qohumlarından birini – gənc Mehrabı özlərinə başçı saçdilər. Abdulla xan qiyamçılara hücum edib onları məğlubiyyətə uğratdı. Mehrab çoxlu tərəfdarları ilə qaçdı.[10] Şirvanlılar yenə şahın hakimiyyətinə qarşı çxıb Şirvanşah taxtına Mehrabın qohumunu, Qurban Əli adlı bir şəxsi namizəd kimi irəli sürdülər. Onlar Xəzər dənizi adalarının birində möhkəmləndilər. Abdulla xan qiyamçılara sülh təklif etsə də onlar barışıq təklifini rədd edirlər. Nəricədə 1549-cu ilin sonunda baş verən döyüşdə Qurban Əli və qiyamçılar məğlub edilir.[10]
Həsən bəy Rumlu bu hadisəni belə şərh edir ki, Abdulla xan Şirvana çatdıqda Bürhan vəfat etmişdi. Qiyamçılar onun cəsədini gizlətmişdilər. Abdulla xanın göstərişi ilə Bürhanın cəsədi aşkar edilir və başı kəsdirilir. Qorxudan Xəzər dənizi sahilində adaya çəkilən qiyamçılar Abdulla xanın barış təklifini qəbul etmədiklərinə görə dənizə sıxışdırılıb məhv edilirlər.[9] Abdulla xan Ustaclı tayfasının bir hissəsini Şirvana köçürüb öz hakimiyyətini möhkəmləndirdi.[11]
Hicri 958 (1551)-ci ildə I Şah Təhmasib Şəkinin müstəqilliyinə son qoymaq qərarına gəldi. Şah Təhmasib Şəki hakiminin üsyankar rəftarına qarşı cavab vermək məqsədilə 1551-ci ildə Şəki üzərinə yürüşə başlayır. Bu zaman Dərviş Məhəmməd xana nifrət bəsləyən gürcülər də I Təhmasibin yanına gəlib öz itaətlərini bildirirlər. Səfəvi ordusunun gəldiyi xəbərini eşidən Dərviş xan Gələsən-Görəsən qalasına sığınır. Digər əyanlar isə Kiş qalasında idilər. Qorçibaşı Sevindik bəy, Bədr xan və Şahqulu Sultan Ustaclı Kiş qalasının üzərinə göndərililər.[12] "Gələsən – Görəsən" qalasını ələ keçirmək Abdulla xan Ustaclıya və kaxetiya çarı Levana tapşırıldı. Çıxılmaz vəziyyətə düşdüyünü görən Dərviş Məhəmməd xan gecə "Gələsən – Görəsən" qalasından çıxdı və özünün dörd yüz nəfərlik dəstəsi ilə qalanı mühasirəyə alməş qızılbaşların xəttini yarıb keçməyə cəhd göstərdi. Lakin Abdulla xanın və çar Levanın dəstələri qaçqınları yaxaladılar və qılıncdan keçirdilər.[13]
1553-cü ildə I Süleyman 4-cü dəfə Azərbaycana səfərə başlayanda ona tabe olan Qasım bəy Şirvaninin bir qədər əsgər ilə Şirvana göndərir. O Dərbəndi keçərək Şirvan vilayətinə daxil oldu. Burada şirvanlıların bir hissəsi də onun qoşununa qatıldı.[14] Abdulla xan qoşununun böyük bir qismini Naxçıvana göndərdiyi üçün öhdəliyində olan qüvvələr olduqca az idi. Buna baxmayaraq o Şirvan əmirlərindən İbrahim bəy Şamlı və Əliqulu bəy Qacarın köməkliyi ilə qiyamçılar üzərinə hücuma keçdi.[15] İlk döyüşdə qızılbaşlar uğur qazana bilməyib Şamaxıya geri qayıdırlar. Daha sonra qiyamçılarla Abdulla xan arassında Gülüstan qalasının altında baş verən döyüşdə qızılbaşlar qalib gəldilər. Döyüş meydanında 5 minə yaxın qiyamçı öldürüldü. Yerdə qalanlar isə Tabasarana qaçdılar. Bu qələbə ilə Şirvanda Abdulla xanın hakimiyyəti gücləndi.[16]
Abdulla xan 1549-cu ildən 1567-ci ilədək Şirvanın bəylərbəyisi olmuşdu. O, bu vəzifədə olarkən bir çox xarici səyyah və səfirləri qonaq etmişdi. "Moskva kompaniyası"nın agenti olan tacir-səyyah Antoni Cenkinson Şamaxıda Şirvan bəylərbəyi Abdulla xan Ustaclı tərəfindən qəbul edilmişdi. Antoni Cenkinson Şamaxı ətrafında Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı və onun şərəfinə təşkil etdiyi ziyafətlə bağlı belə yazırdı:[17]
Ayın 18-də yuxarıda adı çəkilən Hirkan, başqa sözlə desək, Şirvan ölkəsindəki Şamaxı (Shamaky) adlı şəhərə gəlib çıxdım. Bu gözəl kral şəhərində mənim üçün bina ayrılmış, mallar isə yerləşdirilmişdi. O biri gün, ayın 19-da mən əmr aldım ki, kralın görüşünə gedim. Onun adı Abdulla xan idi, Avqustun 20-də
onun görüşünə gəldim. O, məni mehriban qarşıladı. Mən onun əlini öpdükdən sonra, o məni nahara dəvət elədi, həm də özünün yaxınlığında oturmağı emr etdi. Kral zəngin ipək və qızıl ilə bəzənmiş çadırda oturmuşdu. ..Hökmdar özü ortaboylu və zəhmli adam idi, uzun ipək parçalardan bahalı mirvarilər və daş-qaş düzülmüş paltar geyinmişdi. O, başına şiş uclu, yarım yard uzunluğunda zəngin qızılı parçadan türban qoymuşdu, üstündən 20 yard uzunluğunda, qızılı sapla tikilmiş hind ipəyindən çalma bağlamışdı. Türbanın sağ tərəfində, mina ilə zərif bəzədilmiş və daş-qaş düzülmüş qızıl lüləyə lələk çələngi taxılmışdı. Onun sırğalarının əl içi boyda asılı uclarına böyük qiyməti olan iki yaqut qoyulmuşdu. |
Əcnəbi qonağı nahar yeməyinin çeşidi heyrətləndirmiş, о hətta yeməklərin sayını hesablamağı qərara almışdı.[17]
Nahar vaxtı gəlib çatdıqda döşəməyə süfrələr salındı və müxtəlif yeməklər gətirildi; yeməklər çeşidinə görə sıra ilə düzülmüşdü. Mən apardığım sayıma görə 140 növ yemək vərilmişdi. Onları süfrələr ilə birlikdə yığışdırdıqdan sonra yeni süfrələr salıb meyvələrdən və başqa qonaqlıq yeməklərindən ibarət 150 növ bulud gətirdilər, beləliklə, iki dəfəyə 290 yemək növü vərilmişdi. Nahar qonaqlığının sonunda kral mənə guoch gueldə, yəni «xoş gəldin» dedi, bulaqdan parçı su ilə doldurmağı əmr edib bir qurtum içdi və qalanını mənə verərək, soruşdu ki, su mənim xoşuma gəlirmi və bizim ölkədə belə dadlı su varmı? |
O,1563-cü ildə Qəzvindən geri qayıdarkən aprelin 6-da yenidən Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı ilə Cavadda onun sarayında görüşür. Bu barədə Cenkinson yazır: "Yenə də həmin 1562-ci il oktyabrın 6-da mən öz yoldaşlarımla Şamaxıdan çıxdım və 60 mil getdikdən sonra kralın (Abdulla xan Ustaclı nəzərdə tutulur) hər cür növlü meyvələrlə bol bağları olan gözəl sarayının yerləşdiyi Cavad (Javate) şəhərinə çatdım". Abdulla xan Moskva dövlətinə və İngiltərəyə ipək ixracını Şirvanın və bütün ölkənin iqtisadiyyatı üçün faydalı iş sayırdı və buna görə də, şahı faydalı iş təklifinə xeyirxahlıqla yanaşmağa inandırmışdı. Abdulla xan tərəfindən imzalanan fərmanın mətni belə idi:[18]
Biz, Abdulla xan, göyün və yerin yaradıcısı Allahın qüdrəti ilə təyin olunmuş və indi də səltənət sürən Şirvan və Hirkan kralı205, bizim əzizimiz və istəklimiz elçi Antoni Cenkinsonun təkidli ərzihalı və xahişləri nəticəsində bizim təşəbbüsümüz və böyük mərhəmətimizlə yalnız çox möhtərəm ser Uilyam Gerretə, ser Uilyam Çestora, ser Tomas Loca, cənab Riçard Melleriyə və cənab Riçard Çemberlenə, onların İngiltərənin London şirkətindən olan bütün tacir-sahibkarlar dəstəsinə bizim ölkəyə ticarət aparmaq üçün mallarla gəlmələrinə və ya bu məqsədlə öz nümayəndələrini göndərmələrinə, keçməyə, başqa şəxslərlə nağd pulla, yaxud mübadilə etməklə alqı-satqı aparmağa, arzu etdikləri qədər bizim ölkədə qalmağa və yaşamağa və istədikləri vaxt, istər onların özlərinə, istərdə də mallarına münasibətdə yubanmadan, əngəlsiz və maneəsiz getməyə tam sərbəstlik, təhlükəsiz buraxılış və icazə hüququ verdik və bağışladıq. Sonra, hökm vermək istərdik ki, yuxarıda göstərilən ingilis tacirləri və onların şirkəti bizim mülklərimizdə alacaqları və satacaqları mallar üçün heç bir rüsum verməyəcəklər. Əgər hər hansı bir vaxtda bizim vergi yığanlarımız, bizim digər qulluqçularımız, yaxud onlardan kimsə bizim bu hökmümüzü pozaraqəngəl və sui-istifadə törədib, bu ingilis tacirlərindən, yaxud onların nümayəndələrindən, onların bizim mülklərə gətirdiyi, yaxud buradan apardığı mallardan hər hansı rüsum almağa güc işlədərlərsə, yuxarıda deyilən yığıcılar və qulluqçular öz vəzifələrindən kənar edilsinlər, bundan sonra bizim gözümüzdən düşməyə düçar edilsinlər, yığıcılarımızın bizim xəzinə üçün onlardan topladığı bütün pullar və mallar isə ingilis tacirlərinə qaytarılsın. Göstərilən ingilis tacirləri, yaxud onların nümayəndələri bizim xəzinəmiz üçün yararlı olan hər hansı mallar gətirərlərsə, xəzinədar belə malları xəzinəyə qəbul etməli və ingilis tacirlərinə həmin malların dəyəri həcmində ya nağd pul, yaxud xamna ödəməlidir. Bizim imtiyazlı fərmanımızmülklərimizin hər yerində təqdim edilərsə, yaxud oxunarsa, biz tələb və hökm edirik ki, onun qüvvəsi olsun və bütün məntəqələrdə ona əməl edilsin” |
Abdulla xanın imtiyazlarına görə, "Moskva şirkəti"nə ingilis tacirlərinə imkan verilirdi: 1) ölkəyə gəlmək və burada qeyri-məhdud müddətdə qalmaq hüququ; 2) ingilis mallarının ölkəyə sərbəst və xüsusilə rüzumsuz gətirilməsi, burada satılması. 1563-cü ildə əllərində Abdulla xanın fərmanı olan (A. Cenkinsonun onlara verdiyi) ingilis tacirləri Tomas Olkok, Corc Renn və Riçard Çini Azərbaycana gəlmişdilər.[19]
1563-cü il noyabrın 1-də Şirvan bəylərbəyi Abdulla xan Ustaclının nümayəndəliyi IV İvan ilə diplomatik danışıqlar aparmaq məqsədilə Moskvaya gəlmişdi.
Abdulla xan Şah İsmayıl Səfəvinin qızı evlənmişdi. Həmzə xan, Şahəli mirzə, Xanməhəmməd bəy adlı oğulları vardı.