Şahqulu Xəlifə Zülqədər (ö. 4 iyul 1558, Astrabad, Səfəvi imperiyası) — Səfəvi imperiyasının türk hərbi və ictimai xadimi, I Təhmasibin möhrdarı, eşikağasıbaşı və Qum hakimi. Şah Təhmasibin hakimiyyəti dövründə - 1530-cu illərin əvvəllərindən ölümünə qədər - 1558-ci ilə qədər şahın ən yaxın adamlarından biri olmuş, Möhrdar, eşikağasıbaşı, Qum bəylərbəyisi və çoxsaylı yürüşlərdə ordu komandanı kimi vəzifələrdə xidmət etmişdir.
Şahqulu Xəlifə Zülqədər | |
---|---|
Səfəvi şahının möhrdarı | |
1533 – 1558 | |
Əvvəlki | Mahmud bəy Zülqədər |
1532 – 1558 | |
Şəxsi məlumatlar | |
Doğum yeri | Bilinmir |
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Xidmət illəri | 1530-1558 |
Mənsubiyyəti | Səfəvi ordusu |
Qoşun növü | Süvari ordu |
Rəhbərlik edib | Fərqli qızılbaş orduları |
Döyüşlər |
Osmanlı ilə müharibə Özbəklərlə müharibə Əlqas Mirzə üsyanının yatırılması Gürcüstana yürüşlər Osmanlıya hücum |
Rütbəsi | Ordu komandanı |
Şahqulu Xəlidə Zülqədər tayfasının Qavurqalı boyundan idi. Onun adı ilk dəfə 1530-cu ildə bu tayfanın başçılarından biri kimi adı çəkilmişdir. O, Şahın sarayındakı mühafizəçilər qvardiyasında xidmət etmiş və şaha yaxın olan ən yuxarı eşalonda təmsil edilmişdir.[1] "Tarix-i Qızılbaşan" əsərinin anonim müəllifinin bildirdiyinə görə, o, eşikağasıbaşı vəzifəsinə 1531-ci ildə Dilişeyxinin qətlindəki roluna görə bu vəzifəyə təyinat almışdır. Bu zaman möhrdar Kaba Xəlifə Təkəli idi. O, Təkəli tayfasının üsyanında iştirakına görə edam edildikdən sonra bu vəzifəyə Mahmud bəy Zülqədər təyin edildi. 1533-cü ildə onun da ölümündən sonra bu vəzifə də Şahqulu Xəlifə Zülqədərə həvalə edildi. O, bu vəzifəni 26 ildən çox, yəni ölümünə qədər idarə etdi.[2]
Möhrdar təyin edilməmişdən əvvəl Şah Təhmasibin qardaşı Sam Mirzə ilə onun lələsi Ağzıvar xanın xəyanət etmə şübhəsi meydana çıxır. Lakin 1536-cı ildə onlar öz siyasi hədəflərinə çata bilməyib, ordularını tərxis etməyə məcbur olurlar.[3] Bu zaman Təhmasib öz möhrdarı və eşiağasıbaşısı Şahqulu Xəlifəni Tabas qalasına göndərərək Sam Mirzə ilə Ağzıvar xanı təslim olmağa razı salmağı tapşırır. O, şahzadəyə təminat verir ki, şah onu edam etdirməyəcək və onları razı salaraq saraya aparır. Şah Təhmasib öz sözünü tutur və şahzadəyə toxunmur, lakin onun yaxın tərəfdarları edam edilir. Şahzadənin özü isə ev həbsinə salınır və 30 qorçuya onun gündəlik fəaliyyətinə nəzarət etmək tapşırılır.[4] Şah Təhmasibin Şahqulu Xəlifəyə olan etibarı Sultan Süleymanın yürüşü zamanı bir dah aözünü təstiqlədi. Beləki Xorasanda yürüşdə olarkən şaha Osmanlı ordusunun özünün əsas qüvvələri ilə Səfəvi torpaqlarına axil olduğu xəbəri çatdı. Belə görünürdü ki, 1514-cü ildəki Çaldıran döyüşündəki fəlakət yenidən təkrarlana bilər və şahın ailəsi Osmanlı ordusunun əlinə keçə bilər. Lakin şah atasının səhvini təkrarlamaq istəmirdi və buna görə də, Şahqulu Xəlifəyə bu mühüm vəzifəni həvalə edərək şah ailəsini Qumdan İsfahana aparmağı əmr etdi.[5]
Şahın əsas möhrünün gözətçisi olmaq ona Sevindik bəy Əfşar kimi dövlətdə böyük nüfuza və söz sahibinə çevirmişdi. O, "rükn-əl dövlə" və "dövlətin sütunları"ndan biri hesab edilirdi. Venesiya səfiri Mişel Membre Səfəvi imperiyasına səfəri zamanı Şahqulu Xəlifə ilə birlikdə yaşamışdır. O, öz hesablarında yazır ki, o, şahın möhürünü öz sinəsində, qızıl zəncirli formada və çoxlu daş-qaşla bəzədilmiş şəkildə saxlayırdı. Şah Təhmasibin möhürü mərkəzi inzibati funksiya yerinə yetirməkdən əlavə, onu qoruyan şəxsə nüfuz, güc və status qazandırmaqda idi.[2] Mahiyyət etibarı ilə bu, şahın ona olan inamını təcəssüm etdirirdi və o, bunu sarayda qürurla və meydan oxuyaraq geyinirdi. Ola bilsin ki, Təhmasib Şahqulu Xəlifəni öz şahzadələrindən biri ilə evləndirməyi düşünürdü.[6]
Morton iddia edir ki, Şahqulunun sahib olduğu Xəlifə titulu ola bilsin ki, ona başqa səlahiyyətlər də vermiş olsun. Beləki bu titul erkən Səfəvi dövləti tarixində Səfəvi ailəsi ilə onun Şərqi Anadolu və digər vilayətlərdəki ruhani ardıcıllarının əlaqələrini təmin etmək və onu gdaha da gücləndirmək üçün çalışan insanlara verilirdi. Bu məlumatı venesiyalı səfir Membre de təstiqləmişdir. Qeyd edək ki, Membre həmçinin Şahqulu Xəlifə ilə şəxsən də tanış olma imkanına sahib olmuşdur. O, öz hesabatlarında iki hadisə barədə məlum at vermişdir. Beləki bu hadisələrdən birində Adanadan olan bir qızılbaş, digərində isə Xorasandan olan bir qızılbaş Şahqulu Xəlifəyə müraciət edərək onlara şahın şəxsi əşyalarından verilməsini xahiş etmişdir. Bu əşyalar aparılaraq qədim türk adətlərindəki kimi tumar kimi istəfadə edilirdi. Şahqulu Xəlifə şahın yaxın adamı, ölkənin ən güclü şəxslərindən biri kimi öz şahının səxavətini sübut etmək üçün daim xeyriyyə işlərində də iştirak etməli idi. Onun belə addımlarından biri haqqında məlumat qorunub saxlanmışdır. Beləki, Şahqulu Xəlifə Reydə yerləşən İmam Əbdüləzim vəfqinə böyük miqdarda yardım etməsinin sənədi günümüzə qədər gəlib çatmışdır. Qum vilayətini tiyul kimi saxladığı üçün bu cür ianələr onun üçün ciddi çətinli k yaratmamalı idi. Bu, xüsusilə şərəfli bir mövqe idi, çünki Qum şəhəri təkcə şiələrin mənəvi təhsil mərkəzi deyil, həm də orada yerləşən Həzrəti Məsumun türbəsi sayəsində mühüm ziyarət yeri olub, xeyli gəlir gətirirdi. Bu dövrdə Səfəvi şahları türk ənənəsinə uyğun olaraq daim köç halında idilər və buna görə də, Şahqulu daim Səfəvilərin köçəri sarayında olmasına görə səlahiyyətlərini ruhani Asif Cah Mirzə Ataullaha həvalə etdi. Təxminən 1553-cü ildə o, öz torpaq sahələrinə Fars vilayətinin ən şərq bölgəsini - Darab əyalətini əlavə edə bildi.[7]
Dəstur əl-Muluk rəhbərliyinə verilən göstərişə əsasən, mehrdar da Şahqulu kimi “əmir və valilərin bütün tiyul-adlarına, vəzirlər, qələntərlər, mustufilər və yerli vergi yığanların təyinat sənədlərinə möhür vurmalı idi. Bu sənədlər sırasına müxtəlif növ vergilərdən azad olmaq hüququ verəb sənədlər də (soyurqal, muafi, müsəlləm və iqta-yi təmlik) daxil idi. Erkən Səfəvilər dövlətinin bir çox vəzirləri kimi, Şahqulunun da vəzifəsi bürokratik və hərbi funksiyaları birləşdirdi. Şah Təhmasibin salnaməçilərinin nöqteyi-nəzərindən o, aparıcı saray bürokratından daha çox general idi. Hətta daha sonrakı salnamələrdən birində Şahqulu Xəlifə "sərdar-i ləşkər" (ordu komandanı) adlandırılır. Osmanlılarla müharibələrdə (1533-1554) Sevindik bəylə birlikdə görkəmli qızılbaş sərkərdəsi kimi ön cəbhədə olması və bir sıra yerli üsyanların yatırılmasındakı rolu onun nə üçün ilk növbədə hərbi lider kimi qəbul edildiyindən xəbər verir. 1539-cu ildə Təhmasib onu Əmirə Qubadı əzmək üçün böyük bir dəstənin başında Astaraya göndərdi. Bundan əlavə, 1551-1558-ci illər arasında Şahqulu çoxsaylı yürüşlərdə iştirak etdi: 1551-ci ildə Məsum bəy Səfəvi və Əli Sultan Təkəli ilə birlikdə kürdlərin yaşadığı Tarqur və Marqur bölgələrində; bir il sonra isə Sığnaq qalasının mühasirəsinə komandanlıq etdi.[7] Bu zaman Sevindik bəy Əfşar və Bədr xan Ustaclı Kiş qalasına basqın etmişlərdi. Bu yürüş nəticəsində Şəki Səfəvi dövlətinə birləşdirildi və Şəki hakimi Dərviş Məhəmməd xan öldürüldü. 1554-cü ildə Sultan Süleymanın dövründə Osmanlılar Səfəvi ərazisinə sonuncu dəfə hücum etdikdə, Şahqulu Məsumbəy Səfəvi və Şahzadə İsmayılla birlikdə Osmanlı ərazilərinə basqınlar və əks-hücumlar təşkil etmək əmri aldı və bu, böyük uğur qazandı. Sonrakı danışıqlarda Amasyada əlverişli şərtlərin yaranmasına səbəb oldu. Bir neçə il sonra o, Səfəvi qoşunlarına Gürcüstana qarşı yürüşdə rəhbərlik etdi.[8]
Şahqulu Xəlifə həmçinin üsyankar Əlqas Mirzəyə qarşı da döyüşmüşdür. Əlqas Mirzə Şah Təhmasibin qardaşı olmaqla birlikdə, Şirvan hakimi idi. O, 1546-cı ildə üsyana başladı və şah onu bu fikrindən daşındırmaq üçün Şahqulu Xəlifə ilə Sevindik bəy Əfşarı göndərdi. Bu iki şəxsin rəhbərliyi altında gələn nümayəndələrin əsas tapşırığı Əlqas Mirzəni üsyan fikrindən daşındırmaqla birlikdə, onu Şah Təhmasibə tabe olacağına dair Qurana and içdirmək idi. Nümayəndəlik buna nail olaraq şah ordularının yanına geri döndü. Lakin bir il keçməmiş Əlqas Mirzə yenidən üsyana qalxdı. Onun üsyançı ordusunun qarşısına Şahqulu Xəlifənin komandanlığındakı dəstələr çıxdı. Bir neşə toqquşma baş verdi və heç birindi üsyançılar qalib gələ bilmədilər. Güman edilir ki, bu toqquşmalardan əvvəl Əlqas Mirzə Təhmasibin onun üsyanını yatıra bilməyəcəyini düşünürdü. Şah Təhmasibdən iki yaş kiçik olan Əlqas Mirzə taxta namizədlikdə şahın ikinci böyük oğlu İsmayıl Mirzədən sonra gəlirdi.[8] Lakin onun dəstələri bir neçə toqquşmadan sonra Şahqulu Xəlifənin komandanlığındakı qızılbaşlar tərəfindən darmadağın edildilər. Şahın yanına aparılacağı halda edam ediləcəyini bilən Əlqas Mirzə Krıma, oradan da İstanbula qaçdı və Osmanlı sarayına sığınıb onların yürüşlərində iştirak etdi.[3]
Osmanlı imperiyasına sığındıqdan sonra Əlqas Mirzə, bir digər Səfəvi imperiyasına xəyanət etmiş şəxs olan Üləmə bəy Təkəli ilə birlikdə bir neçə dəfə hücuma keçdilər. Bu zaman Üləmə bəy Osmanlı hökmdarı Sultan Süleyman tərəfindən qısa müddətlik Ərzurumun hakimi təyin edilmişdi. Bu hücumların heç birisində uğur qazanılmadı və əsas hədəf olan Şah Təhmasibi devirmək istəyinə nail olmaq mümkün olmadı. Bu yürüşlərdə Əlqas Mirzənin əsas məqsədi özünü irsi taxtı ("sarir-i mavrusi") hesab etdiyi Səfəvi taxtına sahiblənmək idi. 1548-ci ildə Əlqas Mirzəyə təhkim edilmiş Osmanlı ordusu Həmədan, Qum, Kaşan və İsfahana hücum etdi, lakin böyük hərbi qüvvəyə baxmayaraq, yalnız bir neçə kiçik uğur qazana bildi. Sultan tərəfindən tərk edildikdən və qızılbaşlar tərəfindən anbaan təqib edildikdən sonra nəhayət Əlqas Mirzə 1549-cu ilin 1 oktyabrında Mərvanda təslim oldu. Şahqulu Xəlifə Bəhram Mirzə və Şiraz hakimi İbrahim xan ilə birlikdə onu özləri ilə birlikdə şah sarayına apardılar.[3]
Şahın özündən yaşca kiçik olan sevimli bacısı Mehinbanu 1549-cu ildə Məşhədə müqəddəs ziyarətə gedərkən onu müşayət və təhlükəsizliyini təmin etmək tapşırığı Şahqulu Xəlifəyə tapşırılmışdı. Bu, onun şahın gözündə nə qədər imtiyazlı və güvənilir yerə sahib olduğunun sübutu hesab edilir.[5][1] Həmçinin, Şahqulu Xəlifə Səfəvi sülaləsinin hakimiyyəti boyunca şahın möhürdarı kimi mühüm vəzifəyə ən uzun müddət nəzarət etmiş şəxsdir. Ölümündən bir az əvvəl Təhmasib ona mehrdar vəzifəsinin sonsuza qədər ailəsinin əlində qalacağına söz vermişdi - bu jest Səfəvilər nəslindən olan Şahqula iyirmi altı illik sədaqətli xidmətə görə dərin minnətdarlıq hissindən xəbər verir.
Şahqulu Xəlifə 1558-ci ildə növbəti dəfə Xorasana basqın etmiş özbəklərlə döyüşmək üçün hərbi səfərdə ikən mədə ağrılarından şikayət edib xəstələnmiş və elə iyul ayının 4-də də vəfat etmişdir.[1] Yayın istisi səbəbindən yoldaşları onun cəsədini uzaq məsafəyə daşıya bilməyiblər. Buna görə də onun nəşi Məşhəd şəhərinə gətirilmiş və burada da dəfn edilmişdir.[9]