Niki Lauda
Niki Lauda | |
---|---|
alm. Andreas Nikolaus Lauda | |
| |
Doğum tarixi | |
Doğum yeri | Vyana, Avstriya |
Vəfat tarixi | 20 may 2019[1][2][…] (70 yaşında) |
Vəfat yeri | Sürix |
Ölkə | Avstriya |
Komanda | March, BRM, Ferrari, Brabham, McLaren |
Formula 1 karyerası | |
Yarış sayı | 177 |
Çempionluq | 3 (1975, 1977, 1984) |
Birincilik | 25 |
Cəmi xal | 420.5 |
Poul sayı | 24 |
Podium | 54 |
Rekord dərəcə | 24 |
Birinci yarış | 1971-ci il Avstriya Qran Prisi |
İlk birincilik | 1974-cü il İspaniya Qran Prisi |
Vikianbarda əlaqəli mediafayllar |
Andreas Nikolaus "Niki" Lauda (alm. Andreas Nikolaus "Niki" Lauda; 22 fevral 1949[1][2][…], Vyana[1] – 20 may 2019[1][2][…], Sürix[3]) — sabiq avstriyalı Formula-1 pilotu. Karyerası ərzində üç dəfə — 1975, 1977 və 1985-ci illərdə F1 üzrə dünya çempionluğu qazanıb. Karyerasını bitirdikdən sonra aviasiya ilə maraqlanmağa başlayıb və özünün iki şəxsi aviasiya şirkətini açıb. Bundan əlavə, Skuderiya Ferrari komandasında məsləhətçi və iki il Jaguar komandasında komanda meneceri kimi çalışıb.
1976-cı il Almaniya Qran Prisində idarə etdiyi maşının qəza etməsi və sonra alışması nəticəsində ciddi yanıq xəsarətləri almışdı. Ciyərlərinin zədə almasına və xəsarətlərinin ciddi olmasına baxmayaraq, sadəcə altı həftə sonra İtaliya Qran Prisində yenidən çempionata geri dönmüşdü.
Karyerası
[redaktə | vikimətni redaktə et]İlk illər
[redaktə | vikimətni redaktə et]Niki Lauda 1949-cu il 22 fevralda varlı ailədə dünyaya göz açıb. Ailəsinin ona qarşı çıxmasına baxmayaraq o yenə də yarış maşınlarının pilotu olur.
1971-ci ildə Bankdan £30,000[4] funt sterlinq kreditə götürüb, özünə sığorta aldıqdan sonra Formula-2 pilotu kimi March komandasına qoşulur. Ailəsinin ona qarşı çıxması səbəbindən aralarında yaranan mübahisələrdən uzaqlaşmaq üçün öz ailəsi ilə olan əlaqələrini kəsir.[5] Qısa zamanda F1 komandasına yüksəlir və 1972-ci ildə March-ın həm F1, həm də F2 komandasının pilotu olur. 1972-ci il uğurlu alınmır və xeyli borc içində olan Lauda yenidən bankdan kredit alır və 1973-cü ildə BRM komandasına qoşulur. Lauda yaxşı pilot olsa da, komandanın ümumi vəziyyəti yaxşı deyildi. Laudanın karyerasının dönüş nöqtəsi isə BRM-də komanda yoldaşı olan digər pilot Kley Reqazzoninin 1974-cü ildə Ferrari ilə müqavilə bağlaması oldu. Belə ki, Ferrarinin sahibi Enzo Ferrari Reqazzonidən Lauda haqqında soruşanda, Reqazzoni onun haqqında yaxşı fikirlər səsləndirdiyinə görə Ferrari dərhal Lauda ilə müqavilə bağlayır və onun bütün borclarını bağlayacaq pul təklif edir.
Ferrari 1974–1977-ci illər
[redaktə | vikimətni redaktə et]1970-ci illərin əvvəllərində Ferrari komandasının vəziyyəti heç də ürəkaçan deyildi. 1974-cü ilin dünya çempionatının Argetinada olan ilk Qran Prisində Lauda ikinci yeri qazanır. İlk qran pri birinciliyini isə sadəcə üç yarışdan sonra İspaniya Qran Prisində əldə edir. Bu onun 1972-ci ildən sonra Ferrari komandasında qazandığı ilk birincilik olur. Eyni ildə o Almaniya Qran Prisində də birincilik qazanır, lakin həmin il dünya çempionatını sadəcə dördüncü yerdə başa vura bilir. Həmçinin, maşınlarda yaranan ciddi texniki problemlər səbəbindən özü şəxsən onların testdən keçirilməsində və inkişaf etdirilməsində iştirak edir.
1975-ci il sezonu Lauda üçün elə də yaxşı başlamadı, ilk dörd yarışda ən yaxşı nəticəsi beşinci idi. Lakin, o yeni Ferrari 312T maşınına keçdikdən sonra növbəti beş yarışdan dördünü birinciliklə tamamladı. İtaliya Qran Prisini üçüncü yerdə başa vurduqdan sonra onun ilk dünya çempionluğu rəsmiləşdi. Həmin Qran Prini komanda yoldaşı Reqazzoni birinciliklə bitirdi və Ferrari son 11 ildə ilk çempionluğunu qazanmış oldu. Lauda həmin ilin son yarışması olan Amerika Qran Prisində də birinciliyi əldə etdi.[6]
1976-cı il sezonu Lauda üçün əla başladı. Belə ki, ilin ilk altı yarışmasının dördünü birinciliklə, digər iki yarışmanı isə ikinciliklə başa vurdu. Britaniya Qran Prisində ilin beşinci birinciliyini əldə etdikdən sonra, topladığı xal ən yaxın izləyiciləri olan Ceyms Hant və Codi Şekterin xallarından azı iki dəfə çox idi.
1976-cı il Nyürburqrinq trekində olacaq Almaniya Qran Prisindən bir həftə əvvəl, Lauda pistin ən sürətli pilotu olsa da təhlükəsizlik qaydalarından narahat olduğu üçün digər pilotları bu yarışı baykot etməyə çağırır. Lakin, digər pilotların çoxu Laudaya qarşı səs verir və beləliklə, yarış qüvvədə qalır. Avqustun biri 1976-cı il Almaniya Qran Prisinin ikinci dövrəsində Laudanın idarə etdiyi Ferrari yoldan çıxaraq dəhşətli qəzaya uğradı və qəzadan sonra maşın alovlandı. Qəza zamanı Ferrari həmçinin Brett Lunqerin maşınına dəydi. Lauda maşında ilişib qalmışdı, bir neçə saniyə içində digər pilotlar — Arturo Merzario, Lunqer, Qay Eduards və Harald Ertl yanan Ferrarinin yanında idilər və onlar Laudanı maşından çıxartmağa müvəffəq olurlar. Lauda üzündən yanıq xəsarətləri almaqla yanaşı, həmçinin zəhərli qaz onun ciyərlərinə və qanına ciddi zədə yetirdi. Maşından çıxarılandan sonra Lauda ayaqda dura bilsə də, hospitala çatdırılandan sonra koma vəziyyətinə düşdü.[7]
Aldığı yanıq xəsarətləri üzünün sağ tərəfini tanınmaz hala saldı, qulağının çox hissəsini, saçını, qaşını və kirpiklərini itirdi. Üzünün bərbad hala düşməsi səbəbindən hospitaldan çıxandan sonra hər zaman kepka taxmağa başladı və bir müddətdən sonra kepka üzərində reklam üçün sponsorlarla razılığa gəldi.
Lauda yarışlarda iştirak etmədiyinə görə onu Karlos Reutemann əvəz edirdi. İspaniya və Britaniya Qran Prilərində McLaren sürücüsü Ceyms Hanta edilən güzəştlər səbəbindən Ferrari Avstriya Qran Prisini boykot etdi.
Lauda cəmi altı həftədən (iki Qran Pri) sonra pistlərə dönməyə qərar verdi və Monzada mətbuat konfransı keçirdi. Konfransda üzündə sarğılar var idi. İtaliya Qran Prisini dördüncü yerdə başa vurdu. Həmçinin çox narahatlıq yaratmaması üçün Lauda xüsusi kaskadan istifadə etmişdi. Lauda hospitalda olan zaman ərzində Ceyms Hant Kanada və ABŞ Qran Prilərini qazanmağı bacarmışdı[8] və ilin son Qran Prisi olan Yaponiyadan əvvəl Laudadan sadəcə üç xal geri qalırdı.
Yaponiya Qran Prisi zaman güclü yağış var idi. Lauda sadəcə iki dövrədən sonra təhlükəsizliyindən narahat olaraq yarışdan çəkildi. İntervyularda yağışın təhlükə yaratdığını və gözünə damlaların çox gəldiyini demişdi. Hant yarışda maşının təkərlərindən biri partlayana qədər lider olaraq davam etdi, o pit-stop etmək məcburiyyətində qaldı. Buna baxmayaraq, Hant yarışı üçüncülüklə bitirdi və Laudanı bir xal qabaqlayaraq 1976-cı ilin dünya çempionu oldu.
Yarışdan çəkilməsi səbəbindən Laudanın Ferrari ilə münasibətləri gərginləşdi. 1977-ci il sezonu çətin keçsə də, ikinci dəfə dünya çempionu olmağı bacardı. Bundan əlavə onun yeni komanda yoldaşı Reutemanndan xoşu gəlmirdi. Lauda özünü komandada artıq rahat hiss etmirdi və intervyuların birində bunları demişdi: "Reutmannla aramız elə də yaxşı deyildi. Ferrari isə mənim üzərimə düşən təzyiqi azaltmaq əvəzinə, onu da komandaya gətirdi". Sezonun sonunda Lauda Ferraridən ayırldığını bəyan etdi.
Brabham 1978–1979-cu illər
[redaktə | vikimətni redaktə et]1978-ci ildə $1 milyon maaş qarşılığında Brabham komandasına qoşuldu. Burada uğursuz iki sezon keçirdi. Brabham komandasının maşını yarışlar üçün çox uyğun deyildi və digər maşınlarla müqayisədə zəif olduğundan Lauda sadəcə İsveç Qran Prisini birinciliklə başa vura bildi. Bundan sonra komanda maşını daha F1-də istifadə etmədi, komandanın dəstəkçiləri komandaya çoxlu etirazlar etdi. Lauda 1978-ci il üçüncü yarışında Cənubi Afrikada yeni BT46 Alfa Romeo ilə yarışa qoşuldu və üçüncü yeri qazandı. Maşının xeyli problemləri olduğundan Lauda ilin 14 yarışından doqquzunu yarımçıq saxlamalı oldu. İsveç Qran Prisindən sonra həmin il sadəcə İtaliya Qran Prisini birinciliklə bitirən Lauda bitirdiyi yarışlarda ikinci və üçüncülüklə kifayətləndi. 1979-cu il Kanada Qran Prisindən sonra Lauda komandaya artıq çalışmaq istəmədiyini bildirirək karyerasını başa vurduğunu açıqladı. Lauda Avstriyaya qayıdaraq özünün əsasını qoyduğu Lauda Hava Yolları şirkətinin başına keçdi.
McLaren 1982–1985-ci illər
[redaktə | vikimətni redaktə et]1982-ci ildə Lauda pistlərə geri döndü. McLarendə testi uğurla başa vurduqdan sonra, komandanın sponsoru Marlboronu onun hələ də çempion ola biləcəyinə inanmağa razı salmaq lazım gəldi. Lauda ilin üçüncü yarışı Lonq Biç Qran Prisini qazanaraq hələ də çempionluğa iddialı olduğunu sübut etdi. Lakin, həmin sezon Lauda üçün elə də yadda qalan olmadı.
1984-cü ildə Lauda komanda yoldaşı Eleyn Prostu yarım xal qabaqlayaraq üçüncü dünya çempionluğunu əldə etdi. Həmin sezon onun Avstriya Qran Prisini qazanması yadda qalan oldu, belə ki Avstriya Qran Prisini qazanan yeganə avstriyalı Lauda oldu. Əvvəllər Lauda Prostun sürətli olduğu üçün onun komanda yoldaşı olmasına qarşı çıxsa da, iki sezon eyni komandada çalışmaları ərzində ikisi arasında yaxşı münasibət yarandı və sonradan Lauda Prost kimi pilotu geridə qoymağın ona əlavə stimul verdiyini dedi. Bütün sezon Lauda və Prostun liderliyi şəraitində keçdi, onlar ikisi ümumilikdə ilin 16 yarışından 12-ni birinciliklə başa vurdular. Lauda bunlardan beşini əldə etdiyi halda Prost yeddi Qran Pri qazanmağı bacarmışdı. Laudanın çempionluq yarışı Estorildə baş tutdu. Belə ki, yarışa ikinci cərgədə başlayan Prost yarışı birinciliklə bitirməsinə baxmayaraq, 11-ci cərgədən yarışa başlayan Lauda ikinciliklə kifayətləndi ki, bu da Laudanın çempionluğu əldə etməsinə bəs etdi. Laudanın yarışda ikinci yeri tutmasına bəxt amili də kömək oldu. Nigel Mansell yarışın əsas hissəsini ikincilikdə gedirdi. Bu Mansellin Lotusla olan son yarışması idi və bu son yarış üçün o maşını üçün yeni əyləc istəsə də, onun bu istəyi yerinə yetirilmədi və nəticədə Portuqaliya Qran Prisinin 52-ci dövrəsində əyləc problemi olduğundan yarışdan çəkildi. Beləliklə, Lauda yarışı ikinciliklə bitirə bilmişdi.
1985-ci il sezonu Lauda üçün heç də uğurlu alınmadı, qatıldığı 14 yarışdan 11-də yarışdan çəkilmək məcburiyyətində qaldı. Məşq zamanı qəzaya uğrayıb biləyini qırması nəticəsində Belçika və Avropa Qran Prilərinə qatıla bilmədi. Con Uotson onu bu yarışlarda əvəzlədi. San Marino Qran Prisini dördüncü, Almaniya Qran Prisini beşinci bitirdi və sezonda yeganə biriniciliyini Niderland Qran Prisində əldə etdi. Bu onun rəsmi son Qran Pri birinciliyi idi və həmçinin Niderlanda keçirilən son Qran Pri idi. Avstriya Qran Prisində də yarışdan çəkilir və sezonun sonunda karyerasını başa vurduğunu açıqlayır.
Ailə həyatı
[redaktə | vikimətni redaktə et]Lauda 1976-cı ildə Marlen Knausla ailə həyatı qurub və 1991-ci ildə ayrılmışlar. Bu evlilikdən Laudanın iki övladı var. Matiyas yarış maşınlarının sürücüsü, qardaşı Lukas isə onun meneceridir. Növbəti münasibətində Kristof adlı daha bir oğlu dünyaya gəlir. 2008-ci ildə özündən otuz yaş kiçik Birqit Vetzingerlə evlənir. Cütlük 2009-cu ildə biri qız və biri oğlan olmaqla əkiz övladlara sahib olur. Birqit Vetzinger onun sahibi olduğu aviasiya şirkətinin müşətirlərindən biri olub və illər əvvəl qardaşının ona verdiyi böyrək çalışmaz hala gələndə Vetzinger öz böyrəklərindən birini ona bağışlamışdı.[9]
Film
[redaktə | vikimətni redaktə et]1976-cı il dünya çempionatında il boyu Ceyms Hant və Lauda arasında gərgin mübarizə 2013-cü ildə ekranlara çıxmış Qələbəyə Atılmaq (Rush) filmində göstərilmişdir. Filmdə Lauda məşhur aktyor Deniel Brül tərəfindən canlandırılıb.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Yuxarıda get: 1 2 3 4 Le « Robot » Niki Lauda, triple champion du monde de formule 1, est mort.
- ↑ Yuxarıda get: 1 2 3 Nikolaus Lauda // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ F1 star Niki Lauda's family reveal he died surrounded by close relatives at Swiss clinic days after he was hospitalised for dialysis.
- ↑ "1979-cu ildə BBC telekanalında Laudanın karyerasını bitirdiyi haqqında". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- ↑ "Niki Laudanın intervyusu (Alman dilində)". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- ↑ "Niki Lauda haqqında bəzi statistik məlumatlar". 2015-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
- ↑ "BBC xəbərlərində Laudanın qəzası haqqında". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-23.
- ↑ "Ceyms Hant və Niki Lauda 1976-cı il mübarizəsi". 2015-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-24.
- ↑ "Lauda 60 yaşında ata oldu". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-19.