"Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsi

Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsi (əvvəlki adı: Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsi) — Azərbaycan Respublikasında müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirləri (innovativ təhsil proqramlarını) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən ümumi təhsil müəssisəsi üçün 2007-2008-ci tədris ilindən başlayaraq hər tədris ilində bir dəfə olmaqla, müsabiqə əsasında 50 ən yaxşı ümumi təhsil müəssisənin hər birinə innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün 10.000 manat məbləğində birdəfəlik mükafatın verilməsini nəzərdə tutan müsabiqə.

Müsabiqə hər tədris ili üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilib.[1]

Təsisi[redaktə | mənbəni redaktə et]

"Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamı ilə gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatıtarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən ümumtəhsil məktəblərinin fəaliyyətini qiymətləndirmək məqsədilə təsis edilmişdir[2].

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2008-ci il tarixli, 714 nömrəli Fərmanı ilə "Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri" təsdiq edilmişdir[3].

Adı[redaktə | mənbəni redaktə et]

Müsabiqənin ilk adı "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 381 nömrəli Fərmanı ilə müsabiqənin adı dəyişdirilərək, "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsi olmuşdur[4]. Lakin 2012/2013-cü tədris ilində müsabiqə qaliblərinin mükafatlandırılması ilə bağlı verilmiş Sərəncamda müsabiqənin adı yenidən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi kimi göstərilmişdir[5].

Başlıca məqsədi[redaktə | mənbəni redaktə et]

Müsabiqənin keçirilməsində başlıca məqsəd innovativ təhsil proqramlarının tətbiqi ilə təlim-tərbiyə sahəsində uğurlu nəticələrə nail olan, keyfiyyət göstəricilərinə görə fərqlənən ümumi təhsil müəssisələrini müəyyən etmək, yaradıcı pedaqoji kollektivlərin qabaqcıl təcrübəsini respublika miqyasında geniş yaymaq, təhsil müəssisələri arasında yenilikçilik uğrunda sağlam rəqabətin güclənməsinə real zəmin yaratmaq və ictimaiyyətin, valideynlərin, xeyriyyəçi iş adamlarının, biznes qurumlarının diqqətini ümumi təhsil müəssisələrinin inkişafı ilə bağlı məsələlərə fəal cəlb etməkdən ibarətdir.

Müsabiqədə iştirak şərtləri[redaktə | mənbəni redaktə et]

Müsabiqədə iştirak etmək istəyən ümumi təhsil müəssisələri aşağıdakı şərtlərə cavab verməlidir:

  1. son üç ildə məzunlarının ali təhsil müəssisələrinə qəbul faizinin yüksək olması;
  2. son üç ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında məzunlarının yüksək bal toplaması;
  3. müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakı;
  4. respublika və beynəlxalq səviyyəli olimpiada, müsabiqə və yarışlarda şagirdlərinin mükafata layiq yerlər tutması;
  5. ali təhsilli müəllimlərinin faizinin yüksək olması;
  6. ümumi təhsil müəssisəsinin fənn müəllimləri ilə tam komplektləşdirilməsi, müəllim-şagird nisbətinin səviyyəsinin aşağı olmaması;
  7. təhsil və əmək qanunvericiliyinin, təhlükəsizlik və sanitar tələblərin pozulması hallarına yol verilməməsi;
  8. ictimai birliklər, fondlar, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, valideyn-məktəb assosiasiyaları və digər qurumlar tərəfindən, o cümlədən təhsil alanlar arasında aparılan sorğularda ümumi təhsil müəssisəsi haqqında müsbət mülahizə və rəylərin irəli sürülməsi;
  9. ümumi təhsil müəssisəsinin müsabiqədə iştirakı üçün əhəmiyyətli olan digər zəruri göstəricilər.

Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət[redaktə | mənbəni redaktə et]

Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət, tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən "Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi" tərəfindən həyata keçirilir. Təşkilat komitəsinin tərkibinə beynəlxalq və qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri də daxil edilə bilərlər. Müsabiqə prosesində mərhələlər üzrə qiymətləndirmə balları Təşkilat komitəsi tərəfındən müəyyən edilir.

Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılan apelyasiya komissiyasında baxılır.

Müsabiqənin təşkili[redaktə | mənbəni redaktə et]

Müsabiqə üç mərhələdə keçirilir. Müsabiqənin mərhələlər üzrə keçirilmə müddətləri hər il üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

Birinci mərhələ[redaktə | mənbəni redaktə et]

Birinci mərhələdə iddiaçı ümumi təhsil müəssisələrinin rəhbərləri müsabiqədə iştirak etmək barədə ərizə ilə müvafiq rayon (şəhər) təhsil şöbələrinə müraciət edirlər. Nəzərdə tutulmuş şərtləri təsdiq edən sənədlərin surətləri ərizəyə qoşma kimi əlavə olunur. Ərizə müvafiq rayon (şəhər) təhsil şöbəsi tərəfindən qeydiyyata alınır və ümumi təhsil müəssisəsinin fəaliyyətinin müəyyən olunmuş şərtlərə uyğunluğunu təsdiq edən aşağıdakı sənədlər Təşkilat komitəsinə göndərilir:

  1. ümumi təhsil müəssisəsinin müsabiqədə iştirakının irəli sürülməsi barədə müvafiq rayon (şəhər) təhsil şöbəsinin təqdimatı;
  2. müsabiqədə iştirak etmək üçün əsas olan şərtlərə uyğun ümumi təhsil müəssisəsinin göstəriciləri.

Müəyyən edilmiş müddətdən sonra müvafiq rayon (şəhər) təhsil şöbəsi tərəfindən Təşkilat komitəsinə təqdim edilən sənədlər qəbul edilmir.

Təqdim edilmiş sənədlərin ekspertizasını Təşkilat komitəsi tərəfindən təhsil sahəsində nüfuzlu mütəxəssislər, təhsilin idarə olunması üzrə təcrübəli işçilər, müsabiqə materiallarının qiymətləndirilməsində səriştəsi olan şəxslər daxil edilməklə yaradılan ekspert qrupu (qrupları) həyata keçirir.

Təqdim edilmiş sənədlərin ekspertizası prosesində meydana çıxan, ümumi təhsil müəssisəsinin əhəmiyyətli göstəriciləri hesab oluna biləcək xüsusi hallar da nəzərə alınmaqla, ümumi təhsil müəssisəsinin iştirak üçün müəyyən olunmuş şərtləri hansı səviyyədə ödəməsi ayrılıqda müvafıq balla qiymətləndirilir.

Ekspertizanın yekununa görə daha çox bal toplamış ümumi təhsil müəssisələri ekspert qrupunun təqdimatı əsasında Təşkilat komitəsinin qərarı ilə ikinci mərhələyə buraxılırlar.

İkinci mərhələ[redaktə | mənbəni redaktə et]

Müsabiqənin ikinci mərhələsi yerlərdə təşkil edilir. Bu mərhələdə iştirakçı ümumi təhsil müəssisələrinin IX və XI sinif şagirdlərinin bilik səviyyəsi hər il Təşkilat komitəsinin müəyyən etdiyi fənlər üzrə xüsusi testlər vasitəsilə yoxlanılır.

Testlərin hazırlanmasını, yoxlamaların keçirilməsini və nəticələrin qiymətləndirilməsini həmin məqsədlə Təşkilat komitəsi tərəfındən yaradılmış ekspert qrupları həyata keçirirlər. Bu mərhələnin yekunları barədə ekspert qrupları tərəfindən müəyyən edilmiş müddətdə Təşkilat komitəsinə hesabat təqdim edilir.

Üçüncü mərhələ[redaktə | mənbəni redaktə et]

Müsabiqənin üçüncü mərhələsi bilavasitə Təşkilat komitəsi tərəfindən keçirilir. Bu mərhələnin iştirakçısı olan ümumi təhsil müəssisələri müsabiqədə 3-5 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil edilə bilərlər.

Üçüncü mərhələdə iştirakçı ümumi təhsil müəssisəsinin rəhbəri ümumi təhsil müəssisəsinin fəaliyyəti barədə 10 dəqiqəlik təqdimatla çıxış edir və verilən suallara cavab verir. Təşkilat komitəsinin hər bir üzvü təqdimatı fərdi qaydada qiymətləndirir. Yekun qiymətləndirmə balı isə aparılan ümumi müzakirənin nəticəsinə görə müəyyən edilir.

Təqdimatın qiymətləndirməsi zamanı aşağıdakı göstəricilər nəzərə alınmalıdır:

  1. təqdimat üçün maraqlı və orijinal formanın seçilməsi;
  2. təqdimatın tamlığı və zəruri məsələləri əhatə etməsi;
  3. ümumi təhsil müəssisəsinin inkişafyönümlü fəaliyyətinin, yaradıcı iş üslubunun və informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsinin real faktlarla diqqətə çatdırılması;
  4. suallara cavabların əsaslandırılmış və inandırıcı xarakter daşıması;
  5. ümumi təhsil müəssisəsini təmsil edən nümayəndə heyətinin vahid məqsəd ətrafında birlik nümayiş etdirməsi;
  6. ümumi təhsil müəssisəsinin fəaliyyətinin perspektivləri və yaxın 3 ildə gözlənilən nəticələri haqqında aydın təsəvvürlərin yaradılması.

Müsabiqənin yekunu[redaktə | mənbəni redaktə et]

Təşkilat komitəsi tərəfındən zonalar üzrə müsabiqə qaliblərinin seçilməsi üçün ümumi təhsil müəssisələrinin say nisbəti nəzərə alınmaqla kvotalar müəyyənləşdirilir.

Təşkilat komitəsi hər üç mərhələnin nəticələrinə görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq, daha çox bal toplamış 50 ümumi təhsil müəssisəsini seçir və müsabiqənin yekununu müvafiq aktla rəsmiləşdirir.

Müsabiqədən müvəffəqiyyətlə keçmiş ümumi təhsil müəssisələrinin siyahısı, müsabiqənin yekunlarına dair əsaslandırılmış arayış əlavə edilməklə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, zərurət yarandıqda, müsabiqənin keçirilməsi ilə bağlı zəruri sənədləri (məlumatları) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edir.

Hər tədris ili üzrə müsabiqədən müvəffəqiyyətlə keçmiş ümumi təhsil müəssisələri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ən yaxşı ümumi təhsil müəssisəsi mükafatı ilə mükafatlandırılır. Ən yaxşı ümumi təhsil müəssisəsi mükafatı ilə mükafatlandırılmış ümumi təhsil müəssisəsi mükafatlandırıldığı tədris ilindən yalnız 4 il keçdikdən sonra müsabiqədə təkrar iştirak edə bilər.

Qaliblər[redaktə | mənbəni redaktə et]

2008[redaktə | mənbəni redaktə et]

2009[redaktə | mənbəni redaktə et]

2010[redaktə | mənbəni redaktə et]

2011[redaktə | mənbəni redaktə et]

2012[redaktə | mənbəni redaktə et]

2013[redaktə | mənbəni redaktə et]

2014[redaktə | mənbəni redaktə et]

2015[redaktə | mənbəni redaktə et]

Qaliblərə verilmiş mükafatın istifadə istiqamətləri[redaktə | mənbəni redaktə et]

Müsabiqədə qalib gəlmiş ümumi təhsil müəssisələrinə verilmiş mükafatlar ümumi təhsil müəssisəsi şurasının qərarı ilə aşağıdakı istiqamətlər üzrə xərclənə bilər:

  1. laboratoriya, kompüter və idman avadanlığının alınması;
  2. informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi;
  3. istedadlı şagirdlərə və işdə fərqlənən müəllimlərə mükafatların verilməsi;
  4. inkişafyönümlü layihə və proqramların hazırlanması;
  5. elektron tədris vəsaitlərinin, elmi-metodiki ədəbiyyatın alınması;
  6. innovativ təhsil proqramlarında iştirak üçün xarici ölkələrə ezamiyyətlərin təşkili.

Ümumi təhsil müəssisələri verilmiş mükafatlardan tam istifadə edildikdən sonra xərc barədə hesabatı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formada Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edirlər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İlin məktəbi və Ən yaxşı müəllim müsabiqəsi ləğv edildi". 2022-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28.
  2. "Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında"Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2014-09-06 at the Wayback Machine  (az.)
  3. ""Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında"Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2008-ci il tarixli, 714 nömrəli Fərmanı. e-qanun.az Arxivləşdirilib 2014-09-06 at the Wayback Machine  (az.)
  4. "“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi barədə"Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 381 nömrəli Fərmanı. e-qanun.az[ölü keçid]  (az.)
  5. "2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında"Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2013-cü il tarixli, 3043 nömrəli Sərəncamı. e-qanun.az[ölü keçid]  (az.)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]