Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsi (əvvəlki adı: Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsi) — Azərbaycan Respublikasında müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirləri (innovativ təhsil proqramlarını) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən ümumi təhsil müəssisəsi üçün 2007-2008-ci tədris ilindən başlayaraq hər tədris ilində bir dəfə olmaqla, müsabiqə əsasında 50 ən yaxşı ümumi təhsil müəssisənin hər birinə innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün 10.000 manat məbləğində birdəfəlik mükafatın verilməsini nəzərdə tutan müsabiqə.
Müsabiqə hər tədris ili üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilib.[1]
"Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamı ilə gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən ümumtəhsil məktəblərinin fəaliyyətini qiymətləndirmək məqsədilə təsis edilmişdir[2].
Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2008-ci il tarixli, 714 nömrəli Fərmanı ilə "Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri" təsdiq edilmişdir[3].
Müsabiqənin ilk adı "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 381 nömrəli Fərmanı ilə müsabiqənin adı dəyişdirilərək, "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsi olmuşdur[4]. Lakin 2012/2013-cü tədris ilində müsabiqə qaliblərinin mükafatlandırılması ilə bağlı verilmiş Sərəncamda müsabiqənin adı yenidən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi kimi göstərilmişdir[5].
Müsabiqənin keçirilməsində başlıca məqsəd innovativ təhsil proqramlarının tətbiqi ilə təlim-tərbiyə sahəsində uğurlu nəticələrə nail olan, keyfiyyət göstəricilərinə görə fərqlənən ümumi təhsil müəssisələrini müəyyən etmək, yaradıcı pedaqoji kollektivlərin qabaqcıl təcrübəsini respublika miqyasında geniş yaymaq, təhsil müəssisələri arasında yenilikçilik uğrunda sağlam rəqabətin güclənməsinə real zəmin yaratmaq və ictimaiyyətin, valideynlərin, xeyriyyəçi iş adamlarının, biznes qurumlarının diqqətini ümumi təhsil müəssisələrinin inkişafı ilə bağlı məsələlərə fəal cəlb etməkdən ibarətdir.
Müsabiqədə iştirak etmək istəyən ümumi təhsil müəssisələri aşağıdakı şərtlərə cavab verməlidir:
Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət, tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən "Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi" tərəfindən həyata keçirilir. Təşkilat komitəsinin tərkibinə beynəlxalq və qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri də daxil edilə bilərlər. Müsabiqə prosesində mərhələlər üzrə qiymətləndirmə balları Təşkilat komitəsi tərəfındən müəyyən edilir.
Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılan apelyasiya komissiyasında baxılır.
Müsabiqə üç mərhələdə keçirilir. Müsabiqənin mərhələlər üzrə keçirilmə müddətləri hər il üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
Birinci mərhələdə iddiaçı ümumi təhsil müəssisələrinin rəhbərləri müsabiqədə iştirak etmək barədə ərizə ilə müvafiq rayon (şəhər) təhsil şöbələrinə müraciət edirlər. Nəzərdə tutulmuş şərtləri təsdiq edən sənədlərin surətləri ərizəyə qoşma kimi əlavə olunur. Ərizə müvafiq rayon (şəhər) təhsil şöbəsi tərəfindən qeydiyyata alınır və ümumi təhsil müəssisəsinin fəaliyyətinin müəyyən olunmuş şərtlərə uyğunluğunu təsdiq edən aşağıdakı sənədlər Təşkilat komitəsinə göndərilir:
Müəyyən edilmiş müddətdən sonra müvafiq rayon (şəhər) təhsil şöbəsi tərəfindən Təşkilat komitəsinə təqdim edilən sənədlər qəbul edilmir.
Təqdim edilmiş sənədlərin ekspertizasını Təşkilat komitəsi tərəfindən təhsil sahəsində nüfuzlu mütəxəssislər, təhsilin idarə olunması üzrə təcrübəli işçilər, müsabiqə materiallarının qiymətləndirilməsində səriştəsi olan şəxslər daxil edilməklə yaradılan ekspert qrupu (qrupları) həyata keçirir.
Təqdim edilmiş sənədlərin ekspertizası prosesində meydana çıxan, ümumi təhsil müəssisəsinin əhəmiyyətli göstəriciləri hesab oluna biləcək xüsusi hallar da nəzərə alınmaqla, ümumi təhsil müəssisəsinin iştirak üçün müəyyən olunmuş şərtləri hansı səviyyədə ödəməsi ayrılıqda müvafıq balla qiymətləndirilir.
Ekspertizanın yekununa görə daha çox bal toplamış ümumi təhsil müəssisələri ekspert qrupunun təqdimatı əsasında Təşkilat komitəsinin qərarı ilə ikinci mərhələyə buraxılırlar.
Müsabiqənin ikinci mərhələsi yerlərdə təşkil edilir. Bu mərhələdə iştirakçı ümumi təhsil müəssisələrinin IX və XI sinif şagirdlərinin bilik səviyyəsi hər il Təşkilat komitəsinin müəyyən etdiyi fənlər üzrə xüsusi testlər vasitəsilə yoxlanılır.
Testlərin hazırlanmasını, yoxlamaların keçirilməsini və nəticələrin qiymətləndirilməsini həmin məqsədlə Təşkilat komitəsi tərəfındən yaradılmış ekspert qrupları həyata keçirirlər. Bu mərhələnin yekunları barədə ekspert qrupları tərəfindən müəyyən edilmiş müddətdə Təşkilat komitəsinə hesabat təqdim edilir.
Müsabiqənin üçüncü mərhələsi bilavasitə Təşkilat komitəsi tərəfindən keçirilir. Bu mərhələnin iştirakçısı olan ümumi təhsil müəssisələri müsabiqədə 3-5 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil edilə bilərlər.
Üçüncü mərhələdə iştirakçı ümumi təhsil müəssisəsinin rəhbəri ümumi təhsil müəssisəsinin fəaliyyəti barədə 10 dəqiqəlik təqdimatla çıxış edir və verilən suallara cavab verir. Təşkilat komitəsinin hər bir üzvü təqdimatı fərdi qaydada qiymətləndirir. Yekun qiymətləndirmə balı isə aparılan ümumi müzakirənin nəticəsinə görə müəyyən edilir.
Təqdimatın qiymətləndirməsi zamanı aşağıdakı göstəricilər nəzərə alınmalıdır:
Təşkilat komitəsi tərəfındən zonalar üzrə müsabiqə qaliblərinin seçilməsi üçün ümumi təhsil müəssisələrinin say nisbəti nəzərə alınmaqla kvotalar müəyyənləşdirilir.
Təşkilat komitəsi hər üç mərhələnin nəticələrinə görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq, daha çox bal toplamış 50 ümumi təhsil müəssisəsini seçir və müsabiqənin yekununu müvafiq aktla rəsmiləşdirir.
Müsabiqədən müvəffəqiyyətlə keçmiş ümumi təhsil müəssisələrinin siyahısı, müsabiqənin yekunlarına dair əsaslandırılmış arayış əlavə edilməklə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, zərurət yarandıqda, müsabiqənin keçirilməsi ilə bağlı zəruri sənədləri (məlumatları) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edir.
Hər tədris ili üzrə müsabiqədən müvəffəqiyyətlə keçmiş ümumi təhsil müəssisələri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ən yaxşı ümumi təhsil müəssisəsi mükafatı ilə mükafatlandırılır. Ən yaxşı ümumi təhsil müəssisəsi mükafatı ilə mükafatlandırılmış ümumi təhsil müəssisəsi mükafatlandırıldığı tədris ilindən yalnız 4 il keçdikdən sonra müsabiqədə təkrar iştirak edə bilər.
Müsabiqədə qalib gəlmiş ümumi təhsil müəssisələrinə verilmiş mükafatlar ümumi təhsil müəssisəsi şurasının qərarı ilə aşağıdakı istiqamətlər üzrə xərclənə bilər:
Ümumi təhsil müəssisələri verilmiş mükafatlardan tam istifadə edildikdən sonra xərc barədə hesabatı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formada Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edirlər.