Çəkicvuran Rozi (ing. Rosie the Riveter) — ABŞ-də İkinci dünya müharibəsi dövrünün əməkçi qadın simvolu.[1] Əsasən feminizm və qadınların iqtisadi gücünün bir simvolu olaraq istifadə edilir.[2]
İkinci dünya müharibəsi dövründə ABŞ-də milyonlarla qadın Avropada hərbi əməliyyatların gedişini təmin etmək üçün işçi qüvvəsi sıralarına qoşuldu.[1] Bunun əsas səbəbi işçi qüvvəsinin mühüm hissəsini təşkil edən kişilərin müharibəyə getməsi ilə bağlı idi.[1] 1940-1945-ci illər arasında ABŞ-də qadınlar əmək bazarında işçi qüvvəsinin 37 faizini təşkil edirdi və hər dörd ailəli qadından biri işləyirdi.[1] Qadınlar hərbi sənaye sahəsi də daxil olmaqla bütün istehsal sahələrində təmsil olunmuşdu.[1]
Altı milyondan çox amerikalı qadın təyyarə, bomba, tank və digər hərbi texnikanın hazırlanmasında iştirak edərək müttəfiq qüvvələrin İkinci dünya müharibəsində qələbəsinə böyük töhfə vermişdir.[1]
Eyni zamanda, ABŞ hökuməti həmin dövrdə qadınların əmək bazarına cəlb edilməsi üçün kampaniya başlatmışdı.[1] Bu kampaniyanın qəhrəmanı "Çəkicvuran Rozi" idi.[1] Qadın qüdrətinin mücəssəməsi olan "Çəkicvuran Rozi" qadınların işə cəlb edilməsi kampaniyasında çox uğurlu vasitələrdən biri idi.[1] Onun qollarının gücünü nümayiş etdirən portreti ABŞ-də müharibə dövrünün ən yadda qalan şəkillərindən birinə çevrilmişdi.[1] Bu portreti yaratmaq üçün 1943-cü ildə Vermont ştatının Arlinqton şəhərində yaşayan rəssam Norman Rokvell qonşu telefonçu qızın model olmasını istəmişdi.[1] Lakin Meri Doyl Keefe (ing. Mary Doyle Keefe) adlı gənc qızın ağır sənayedə işləmək təcrübəsi yox idi.[1] Amma onun görünüşü rəssamın yaratmaq istədiyi qələbə əzmli, zəhmətə qatlaşmağa hazır gənc amerikalı qadın obrazına tam uyğun idi.[1] Nəticədə "Çəkicvuran Rozi" portreti ABŞ tarixində ən populyar rəsmlərdən biri oldu.[1]
"Çəkicvuran Rozi" bəzən feminist qadın obrazı kimi qəbul edilsə də, bu obrazın mesajı hamıya aydın idi.[1] Onun portretinin üzərində olan "Biz bunu edə bilərik!" sözlərinin yazılması təkcə qadınlarda özünə inam deyil, okeanın o tayında, eləcə də Asiyada-milyonlarla amerikalının döyüşdüyü müharibədə qələbəyə inam mesajı göndərirdi.[1] Müharibə dövrünün filmləri, qəzetləri, şəkilləri və posterlərində "Çəkicvuran Rozi"nin göstərilməsi ilə qadınların böyük işçi qüvvəsi olmasının vətənpərvərlik baxımından müstəsna əhəmiyyəti vurğulanırdı.[1]
ABŞ haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |