Çələbiyanlı eli — Əsasən Qaradağın Kərmədüz və Keyvan mahallarında yaşayan Azərbaycan türklərini təşkil edən tayfalarından biridirlər. Onların yaylaqları Kəleybər ətrafında, Əhərdən Araz çayına doğrugedən yolun ortasında yerləşir. Qışlaq bölgəsi isə Xanbağında, yəni Kəleybərin 40 km şimal-şərqindədir.[1] Lakin hal-hazırda demək olar ki, çələbiyanlıların əksəriyyəti oturaq həyat sürməkdədirlər. Lady Sheilə görə, 1849-cu ildə onlar ümumilikdə 1.500 çadırdan və ya ailədən ibarət idilər. K. E. Abbotta görə, 1864-cü ildə onların sayı yüksələrək 6 min ailəyə çatmışdır və onlardan 4 mini oturaq yaşayırmış. 1960-cı ildə onların sayı cəmi 1.974 nəfər olmuş və bu tarixdən sonra onların əksəriyyəti oturaq həyat sürməyə başlamışdır.[2][3][4]
Çələbiyanlıar Şah İsmayılın hakimiyyəti zamanı Qaradağ vilayətinə köç etmişdilər. Ənvər Çingizoğlu çələbiyanlıların müasir Türkiyənin Ərzurum vilayətindən gəldiklərini və gələrkən rəislərinin Vəli ağa adlı biri olduğunu yazmışdır. Tayfa əfsanəsinə görə, Ərzurumdan gələn tayfa ilk öncə Sulduza yerləşmiş, oradan da Qaradağa köçmüşdürlər Tay mənsublarının Pierre Oberlinqə bildirdiklərinə görə, Sulduzda ikən onlardan bir hissəsi daimi olaraq orada yerləşmişdir və həmin çələbiyanlıların kəndi Xanevadə-ye Çələbiha adlanmaqdadır. Çələbiyanlı tayfasına Xumarlı, Xudayarlı, Həsənəlibəyli, Qulubəyli, Sarıbəyli, Əlixanlı, Şücaxanlı kimi oymaqlar daxil idi. Tayfa Qaradağ bölgəsinə yerləşərkən onların Vəli ağanın Düz Məhəmməd və İlyas xan adlı qardaşları da olmuşdur. Daha sonra Vəli ağanın oğlu Yusif xan tayfanın elxanı olmuşdur.[5][6][7][8]
I Abbas Osmanlı imperiyasına qarşı döyüşün Qarabağı geri alarkən onun ordusunda çələbiyanlılar da döyüşməkdə idi. Hüseyn Sultan Çələbiyanlu 1736-cı ildə Muğanda Nadir şahın tacqoyma mərasimində iştirak etmişdir. XVIII əsrdə çələbiyanlılar Qaradağ xanlığının Keyvan, Kərmadüz, Kəleybər, Mincivan, Çardangə mahallarında yaşamaqda idilər.[9][6]
Çələbiyanlılar Qaradağ bölgəsinin ən inadkar tayfalarından biri olmuşdurlar. Onlar 1810-1811-ci ildə Qacar şahına qarşı üsyan qaldırmış və Qarabağa köçmüş, lakin Muğan sərhədlərini qorumaq tapşırılan Pirqulu xan Qacara onları tabe etmək əmr edilmişdir. Bundan sonra çələbiyanlılar özlərinin Qaradağdakı keçmiş otlaqlarına geri dönməyə məcbur olmuşdurlar. 1835-ci ildə Çələbiyanlı elinə bağlı Xumarlı, Xudayarlı, Zərnəli və digər obalar Arazı keçib, Qarabağda məskunlaşmışdır.[9][10][11]
1856-cı ildə Qacar ordusu Heratı ələ keçirərkən çələbiyanlılardan təşkil edilmiş bir dəstə də bu döyüşdə iştirak etmiş, bölmənin komandanı yürüş zamanı Qor məntəqəsində öldürülmüşdür.[10][12]
Çələbiyanlılar 1906-1911-ci illər Məşrutə hərəkatı zamanı özlərinin quldurluğu ilə şan salmış Rəhim xanın fəaliyyəti nəticəsində beynəlxalq şöhrət qazandılar. Vilson və yoldaşları bölgəyə olan səfərləri zamanı onun düşərgəsindən keçmişdilər:[13]
Səyahətimizin son günlərində biz özünün minlərlə tayfadaşı ilə çadırlarını Kəkeybər çayının sahilində qurmuş Rəhim xanın düşərgəsindən keçməli olduq. Yəqinki onların arasındakı hər bir qadın, uşaq və kişi oğru idi. Düşərgənin içərisindən əngəlsiz keçdik, lakin son çadırı da görüş sahəsindən itirərkən bir süvari dörd nala arxadan gəldi və qışqırdı - Durun! Xan gəlmənizi tələb edir. Biz etiraz etdik və süvari dedi ki, məni yerə sərməlisiniz, ya da gəlməlisiniz. Ona hücum etməklə yalnız yoldaşlarının da gəlməsinə səbəb olardıq, beləliklə, biz müzakirə etdik, çalışdıq ki, öz hüquqlarımız və xarici kimi məziyyətimizlə ona təsir edək, lakin bu az effektli oldu. O, mənim atımdan enməyimi tələb etdi və bəzi çobanların [gəlişi ilə] güclənərək, tələbini yerinə yetirməyə başladı və məni qısa müddətdə məni yerə endirdi. Köməkçilərindən biri qılıncını çəkənə qədər mən cilovdan bərk-bərk yapışdım və o, mübahisəsiz üstünlük etdi. Atıma minərək qaçdı, amma dağlarda bir ay qalaraq sərtləşən at onun istəyinə uyğun gəlmədi, ona görə də tezliklə onu geri qaytardı və biz onunla sövdələşməyə nail olduq və bir az kran itirdikdən sonra, bizə yolumuza davam etməyə icazə verdi. Azərbaycan vilayətində yolların təhlükəli olmasının bir səbəbi odur ki, Azərbaycan hakimi oğrularla birləşib və oğurlanmış malların bir hissəsini ona vermələri üçün onları sərbəst buraxıb. Onlar dərhal başqa qurbanı soymağa geri dönürlər.
Vilson əlavə edir ki:[14]
Qaradağın o zamanki hakimi şahzadə idi, amma bu tayfalarla bacarmaqda o, nisbətən gücsüz idi. Onun sarayı bu zalımlardan şikayət edən xahişçilərlə dolu idi. Ona xidmət edən cəllad dpstları ilə birlikdə ikən bir neçə gün əvvəl pusquya düşürülmüşdü və silahlı toqquşmadan sonra bütün var-dövləti əlindən alınmışdı. Yollar təhlükəli olduğu üçün vilayətdən toplanan vergiləri mərkəzi xəzinəyə göndərmək olmur, onların [xəzinələrin] bəziləri odun kömürü karvanlarında gizlədilir. Azərbaycan vilayətində yolların təhlükəli olmasının bir səbəbi odur ki, Azərbaycan hakimi oğrularla birləşib və oğurlanmış malların bir hissəsini ona vermələri üçün onları sərbəst buraxıb. Onlar dərhal başqa qurbanı soymağa geri dönürlər.
Vilson bildirir ki, bu qeydləri aparmasından qısa müddət sonra Qaradağ tayfalarının xanları hakimi qovmuşdurlar, buna görə də, Qacar sülaləsinin vəliəhd-şahzadəsi və Azərbaycan hakimi ordu ilə onları cəzalandırmağa gəlmişdir. Onların bəzilərini topun ağzına qoyub atmış, bəzilərini həbs etmiş, bəzilərini isə pulla cəzalandırmışdır. Bundan sonra isə Qaradağ sakit və təhlükəsiz bir yer olmuşdur.[15][14]
Bu zaman Qacarların vəliəhd şahzadəsi vəliəhdliyi zamanı Təbrizdə yaşayır və Azərbaycanın valisi hesab edilirdi. O, şahzadə ilə bu zaman tanış olmuş, onun sevimlisinə çevrilmişdi. 1907-ci ildə Məhəmmədəli Mirzə Qacar atasının ölümündən sonra şah oldu və o, Tehrana daxil olarkən onu müşayət edənlərdən biri də Rəhim xan idi. Şah Rəhim xanı saray süvarilərinin komandanı (rīāsat-e savārān-e dīvānī ) təyin etdi. Bundan başqa NÜsrət-əl-Sultan və Sərdar-e Nüsrət titulları da Rəhim xana verildi.[10][16][17]' Müxbirüssəltənə, xatıratında bu ifadəni işlədir:[18]
Qəməri 1327/ 1909-cu il tarixində Ərdəbil, Meşkinşəhr, Sərab, Xalxal və Qaradağ el və əşirətlərinin rəisləri bir araya gələrək, Rəhim xana; Həzrət-i Əcəl ləqəbi verib, ittifaqla özlərinə rəis seçdilər.
Rəhim xan Məşrutə inqilabı zamanı formalaşmış hakimiyyət boşluğundan əlverişli şəkildə istifadə etməyə çalışırdı. Onun bu hadisələr zamanı əsas fəaliyyət göstərəcəyi yer isə Azərbaycan vilayəti (Cənubi Azərbaycan) idi.[15]
Rəhim xan, onun böyük və ən sevimli oğlu Böyük xan bütün inqilab zamanı Məhəmmədəli şaha sadiq qaldılar və şah tərəfində döyüşən tayfalar içində ən güclü tayfa rəisi oldular. Təbrizin mühasirəsi zamanı Rəhim çələbiyanlılardan, məhəmmədxanlılardan və şahsevənlərdən təşkil etmiş olduğu dəstə ilə şəhərin şimalını ələ keçirmiş, oradan da bütün ətrafa yürüşlər təşkil etmişdi. Onun yürüşlər etdiyi yerlərə Kəleybərlə Culfa yolu arası da daxil idi. 1909-cu ilin iyulunda Məhəmmədəli şahın devrilməsindən sonra Rəhim xan və onun müttəfiqləri rus səfirliyində yaşayan Məhəmmədəliyə teleqram göndərərək onların yaşadıqları müddətdə heç kimə konstitusiya adı çəkməyə icazə verməyəcəklərini bildirirdilər.[19][20][21] Rəhim xan həmçinin qaradağlıların və şahsevənlərin köməyi ilə Tehrana yürüş edəcəyi ilə hədələyirdi, lakin o, bunun əvəzinə 10 min nəfərlik tayfa ordusu ilə (Cənubi) Azərbaycanın şimal-şərqini ələ keçirdi.[22] Səttar xanın rəhbərliyində toplanan təxminən 100 nəfərlik dəstə Təbrizdə toplanaraq təcili Ərdəbilə yollandı. Onların məqsədi şəhərin Rəhim xan tərəfindən ələ keçirilməsinin qarşısını almaq idi. Lakin bu qüvvələr daha üstün olan Rəhim xanın qarşısında dura bilmədilər və geri çəkildilər. 1909-cu ilin noyabrında Ərdəbil Rəhim xan tərəfindən ələ keçirildi.[23][24][10]
Ərdəbilin ələ keçirilməsi ilə Rəhim xan Azərbaycanın şimal-şərqinin işğalını başa çatdırdı, lakin burada öz hakimiyyətini möhkəmləndirməyi bacarmadı. Ərdəbilin ələ keçirilməsi xəbəri Tehrana çatan kimi konstitusiya rejimi Yeprem xanı və Cəfərqulu xan Bəxtiyarini 500 nəfərlik döyüşçü, 4 top ilə birlikdə Ərdəbilə göndərdi. Bu intizamlı orduya Sərab qarnizonu da qatıldı və birləşmiş ordu Rəhim xanın ordusunu asanlıqla məğlub etdi. Bunun səbəblərindən biri də Rəhim xan ordusunun qeyri-nizami olması ilə birlikdə, fərarilik hallarının artması idi. 1909-cu ilin dekabrında mərkəzdən gələn ordu nəinki Ərdəbili ger aldı, hətta çələbiyanlıların paytaxtı hesab edilən Əhəri də ələ keçirdi. Rəhim xan və köməkçiləri Arazı keçərək 1910-cu ilin fevralında Rusiyadan sığınacaq aldılar.[25][26][27][10]
1911-ci ilin fevralında Rəhim xan geri dönərək konstitusiya rejiminə daha çox problemlər yaratmağa başladı.[28] Lakin qısa müddət sonraTəbriz Əncüməninin rəhbərlərinin planı ilə şəhərdə tələyə salındı. Ala Qapıda yerləşdirilən Rəhim xan, daha sonra Ərk qalasına göndərildi. Bütün bu yerlərdə ona polis nəzarət edirdi. Nəhayət, Ramazan ayında, 1911-ci ilin sentyabrında Məhəmmədəli şahın öz taxtını geri almaq üçün uğursuz cəhdindən sonra edam edildi.[25][29] Rəhim xanın ölümündən sonra Nasrülməmalik, “Sərdar-Nüsrət” ləqəblərini alan oğlu Böyük xan onun yerinə gəldi. Böyük xan da 1934-cü ildə Qaradağda vəfat etdi. Bundan sonra Hacı Rəhim xanın qardaşının oğlu Kərim xan Rəşidüddövlə, ardından Kərim xanın oğlu Əliqulu Kərimi elin idarəsini ələ aldı.[7][10][30]
Rəhim xanın ölümündən sonra çələbiyanlıar Qaradağdakı nüfuzlarını itirdilər və hacıəlili tayfasının rəhbəri Sam xan Əmir Ərşad onun yerinə nüfuzunu daha da artırdı.[10]
Rza şahın hakimiyyəti zamanı Qaradağ vilayətinin köçəri tayfaları Fars və Luristandakı tayfalar qədər məcburi oturaqlaşdırma siyasətindən əziyyət çəkmədilər. Çünki bir çox tayfa üzvü artıq oturaq həyata keçmişdi və onların torpaqları müqayisədə daha münbit idi. Bundan başqa, onların miqrasiya yolları qısa idi və bir neçə çoban heyvan sürülərini yaylaqdan qışlağa və ya əksinə hərəkət etdirə bilirdi, bunu edən zaman isə çox diqqət çəkmirdi.[10]
1960-cı illərdə tayfanın başçısı Əliqulu Kərimi olmuşdur. Tayfanın 65 tirəsi olmuşdur. Tirələr bunlardır:[31]
Hüseyn Əli Razmaranın yazdığına görə qışlarda çələbiyanlılar Kərmədüz mahalının aşağıdakı kəndlərində yaşayırdılar:[32]
İsgəndərabad
Kərmədüz mahalının bəzi yay kəndlərində də çələbiyanlıların bir hissəsi yaşamaqda idi. Bunlar Xanbağı, Sarıxanlı Yağ Bastılı və Şah Budaqlı kəndləri idi. Bundan başqa, Kərmədüzün Həsənəli Kədxudalı qışlağında da 211 çələbiyanlı yaşamaqda idi.[8]