Hacı Rəhim xan Hacı Əli xan oğlu Çələbiyanlı (1820-1909) — Məşrutə inqilabının əleyhidarı, general, Cənubi Azərbaycanın Qaradağ bölgəsində yaşayan Çələbiyanlı elinin elxanı.
Hacı Rəhim xan Çələbiyanlı | |
---|---|
Hacı Rəhim xan Hacı Əli xan oğlu Çələbiyanlı | |
Doğum tarixi | |
Doğum yeri | Həsrətan, Kərmədüz mahalı, Qaradağ vilayəti |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz, Cənubi Azərbaycan |
Dəfn yeri | Həsrətan, Kərmədüz mahalı, Qaradağ vilayəti |
Uşaqları | Şücailəşkər, Əli xan, Nüsrətulla xan, Həbibulla xan, İzzətulla xan, Firuz xan və Cəfər xan |
Milliyyəti | türk |
Fəaliyyəti | siyasətçi |
Hacı Rəhim xan Hacı Əli xan oğlu 1820-ci ildə Qaradağ vilayətinin Kərmədüz mahalının Həsrətan kəndində anadan olmuşdu. 1877-ci ildə böyük qardaşını Çələbiyanlı elinin elbəyiliyindən və sərhəddar vəzifəsindən kənarlaşdırıb, özü yiyələndi. Qardaşı oğlu Kərim xan Rəşidəddövlə ölən günə qədər nə onu, nə də böyük oğlu Nüsrətəssultan Böyük xanı bağışladı.
1883-cü ildə Azərbaycan əyalətinin hakimliyini Əmir Nizam Həsənəli xan Gərrusini təyin etdilər. Həsənəli xanın Qacarlar səltənətində rüşvət almaqda tayı-bərabəri yox idi. O, vəzifəyə təyin olunan kimi adamları bir-bir işdən çıxarır, sonra böyük məbləğdə rüşvət alıb, yenidən bərpa edildi. Əmir Nizam Rəhim xanı da fərmanla sərhədçibaşı vəzifəsindən azad etdirdi. Rəhim xan şaha layiq bir peşkəş düzəldib Həsənəli xana təqdim etdi və yerində qaldı. Həsənəli xan ona üstəlik mirpənc (general-leytenant) rütbəsi və Nüsrətüssəltənə ləqəbini verdi.
1886-cı ildə Rəhim xanı yenidən Təbrizə çağırıb incitməyə başladılar. Həsənəli xan ondan külli miqdarda rüşvət istəyirdi. Rəhim xan canını güc-bəla ilə qurtarıb Qaradağa qayıtdı. Özünə söz verdi ki, bir daha Təbrizə çağırışa getməsin.
Müzəffərəddin şah Qacarın Rəhim xanı görməyə gözü yox idi. Lakin oğlu Məhəmmədəli Mirzə Rəhim xanı böyük məhəbbətlə sevirdi. Hər dəfə atasından xahiş edirdi ki, Nüsrətülsəltənəni çox incitməsin.
1906-cı ilin sonlarında Müzəffərəddin şahın xəstəliyi gücləndi və tax-tacı oğlu Məhəmmədəli mirzəyə buraxırdı. Vəliəhd Təbrizdən Tehrana yollandı. Azərbaycan hakimliyinə keçmiş ədliyyə naziri Nizamülmülk təyin olundu.
Çələbiyanlılar 1906-1911-ci illər Məşrutə hərəkatı zamanı özlərinin quldurluğu ilə şan salmış Rəhim xanın fəaliyyəti nəticəsində beynəlxalq şöhrət qazandılar. Bu zaman Qacarların vəliəhd şahzadəsi vəliəhdliyi zamanı Təbrizdə yaşayır və Azərbaycanın valisi hesab edilirdi. O, şahzadə ilə bu zaman tanış olmuş, onun sevimlisinə çevrilmişdi. 1907-ci ildə Məhəmmədəli Mirzə Qacar atasının ölümündən sonra şah oldu və o, Tehrana daxil olarkən onu müşayət edənlərdən biri də Rəhim xan idi. Şah Rəhim xanı saray süvarilərinin komandanı (rīāsat-e savārān-e dīvānī ) təyin etdi. Bundan başqa NÜsrət-əl-Sultan və Sərdar-e Nüsrət titulları da Rəhim xana verildi.[1][2][3]' Müxbirüssəltənə, xatıratında bu ifadəni işlədir:[4]
Qəməri 1327/ 1909-cu il tarixində Ərdəbil, Meşkinşəhr, Sərab, Xalxal və Qaradağ el və əşirətlərinin rəisləri bir araya gələrək, Rəhim xana; Həzrət-i Əcəl ləqəbi verib, ittifaqla özlərinə rəis seçdilər.
Rəhim xan, onun böyük və ən sevimli oğlu Böyük xan bütün inqilab zamanı Məhəmmədəli şaha sadiq qaldılar və şah tərəfində döyüşən tayfalar içində ən güclü tayfa rəisi oldular. Təbrizin mühasirəsi zamanı Rəhim çələbiyanlılardan, məhəmmədxanlılardan və şahsevənlərdən təşkil etmiş olduğu dəstə ilə şəhərin şimalını ələ keçirmiş, oradan da bütün ətrafa yürüşlər təşkil etmişdi. Onun yürüşlər etdiyi yerlərə Kəleybərlə Culfa yolu arası da daxil idi. 1909-cu ilin iyulunda Məhəmmədəli şahın devrilməsindən sonra Rəhim xan və onun müttəfiqləri rus səfirliyində yaşayan Məhəmmədəliyə teleqram göndərərək onların yaşadıqları müddətdə heç kimə konstitusiya adı çəkməyə icazə verməyəcəklərini bildirirdilər.[5][6][7] Rəhim xan həmçinin qaradağlıların və şahsevənlərin köməyi ilə Tehrana yürüş edəcəyi ilə hədələyirdi, lakin o, bunun əvəzinə 10 min nəfərlik tayfa ordusu ilə (Cənubi) Azərbaycanın şimal-şərqini ələ keçirdi.[8] Səttar xanın rəhbərliyində toplanan təxminən 100 nəfərlik dəstə Təbrizdə toplanaraq təcili Ərdəbilə yollandı. Onların məqsədi şəhərin Rəhim xan tərəfindən ələ keçirilməsinin qarşısını almaq idi. Lakin bu qüvvələr daha üstün olan Rəhim xanın qarşısında dura bilmədilər və geri çəkildilər. 1909-cu ilin noyabrında Ərdəbil Rəhim xan tərəfindən ələ keçirildi.[9][10][1]
Ərdəbilin ələ keçirilməsi ilə Rəhim xan Azərbaycanın şimal-şərqinin işğalını başa çatdırdı, lakin burada öz hakimiyyətini möhkəmləndirməyi bacarmadı. Ərdəbilin ələ keçirilməsi xəbəri Tehrana çatan kimi konstitusiya rejimi Yeprem xanı və Cəfərqulu xan Bəxtiyarini 500 nəfərlik döyüşçü, 4 top ilə birlikdə Ərdəbilə göndərdi. Bu intizamlı orduya Sərab qarnizonu da qatıldı və birləşmiş ordu Rəhim xanın ordusunu asanlıqla məğlub etdi. Bunun səbəblərindən biri də Rəhim xan ordusunun qeyri-nizami olması ilə birlikdə, fərarilik hallarının artması idi. 1909-cu ilin dekabrında mərkəzdən gələn ordu nəinki Ərdəbili ger aldı, hətta çələbiyanlıların paytaxtı hesab edilən Əhəri də ələ keçirdi. Rəhim xan və köməkçiləri Arazı keçərək 1910-cu ilin fevralında Rusiyadan sığınacaq aldılar.[11][12][13][1]
1911-ci ilin fevralında Rəhim xan geri dönərək konstitusiya rejiminə daha çox problemlər yaratmağa başladı.[14] Lakin qısa müddət sonraTəbriz Əncüməninin rəhbərlərinin planı ilə şəhərdə tələyə salındı. Ala Qapıda yerləşdirilən Rəhim xan, daha sonra Ərk qalasına göndərildi. Bütün bu yerlərdə ona polis nəzarət edirdi. Nəhayət, Ramazan ayında, 1911-ci ilin sentyabrında Məhəmmədəli şahın öz taxtını geri almaq üçün uğursuz cəhdindən sonra edam edildi.[11][15] Rəhim xanın ölümündən sonra Nasrülməmalik, “Sərdar-Nüsrət” ləqəblərini alan oğlu Böyük xan onun yerinə gəldi. Böyük xan da 1934-cü ildə Qaradağda vəfat etdi. Bundan sonra Hacı Rəhim xanın qardaşının oğlu Kərim xan Rəşidüddövlə, ardından Kərim xanın oğlu Əliqulu Kərimi elin idarəsini ələ aldı.[16][1][17]
Rəhim xanın ölümündən sonra çələbiyanlıar Qaradağdakı nüfuzlarını itirdilər və hacıəlili tayfasının rəhbəri Sam xan Əmir Ərşad onun yerinə nüfuzunu daha da artırdı.[1]
Şair və jurnalist Əliqulu Qəmküsar yazır:
Həldi yenə Rəhim xan İranə, barəkəllah!
Çıxdı əcəb igid tək meydanə, barəkəllah!
Çün gördü başpozuğluq olmuş bu qövmə pişə,
Etmiş cəmaət adət qan tökməyə həmişə.
İştə bu zalım istər, vursun bübarə tişə,
Aləm bütün boyansın al qənə, barəkallah!…
Hacı Rəhim xan Çələbiyanlı Məhəmmədəli şah Qacarın ağalıq illərində Qaradağın hakimi olmuşdu. Məhəmmədəli şah qaçandan sonra onu bu vəzifədən azad etdilər. Şair Əli Nəzmi şahın dilindən yazırdı:
Ax! Sevgili xanə, a gözəl Şəmsi-imarə,
Heyf ki, vida eləyirəm ba dili-parə!
Əfsus, sana yol tapa bilməm ki, dübarə,
İranlılar, altmış neçə oğlan sizin olsun!
İstəklilərimdən də Rəhim xan sizin olsun!..
Şair Mirzə Əli Möcüz Şəbüstəri də deyirdi:
Rəhim xan xahdır əhli-Şütürban, həm Səməd xan xah,
Donub onlar da misli-buzi-novdan, ey müsəlmanlar!..
Rəhim xanın Şücailəşkər, Əli xan, Nüsrətulla xan, Həbibulla xan, İzzətulla xan, Firuz xan və Cəfər xan adlı oğulları vardı.