Çanaqqala böhranı — 9 sentyabr 1922-ci ildə türk qüvvələrinin İzmirə girməsindən sonra, 1922-ci ilin sentyabrında ingilis və fransızların nəzarətində olan Boğazlar Neytral Bölgəsinə irəliləməsi ilə ortaya çıxan siyasi və hərbi böhrandır. Bu böhran Birləşmiş Krallığın baş naziri Devid Lloyd Corcun səlahiyyətlərini itirməsi ilə nəticələndi. Bundan əlavə, Kanada hökuməti bu böhran zamanı və ondan sonra Birləşmiş Krallıqdan diplomatik olaraq müstəqil fəaliyyət göstərməyə başladı. Bundan əlavə, bu böhran Britaniya Millətlər Birliyinə üzv olan dövlətlərin xarici siyasətdə sərbəst buraxılmasına yol açan 1931-ci il Vestminster Nizamnaməsinin formalaşmasında ən mühüm amillərdən biri oldu.
Çanaqqala böhranı | |||
---|---|---|---|
Tarix | oktyabr 1922 | ||
Yeri | |||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Türk qüvvələri 9 sentyabr 1922-ci ildə İzmirə girdikdən sonra Çanaqqaladan başlayan neytral zonadan İstanbula doğru irəliləməyə başladı. Böyük Britaniya Nazirlər Kabineti 15 sentyabr 1922-ci ildə iclas keçirdi və Britaniya qüvvələrinin öz mövqelərini saxlaması barədə qərar qəbul etdi. Ertəsi gün xarici işlər naziri Lord Kerzonun olmadığı bir vaxtda, bəzi kabinet nazirləri Türkiyənin Sevr müqaviləsini pozduğunu əsas gətirərək İngiltərə və onun Dominionları tərəfindən Türkiyəni müharibə elan etməklə hədələdilər. Sentyabrın 18-də Fransada bu məsələni müzakirə etdikdən sonra ölkəsinə qayıdan Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzon Fransanın baş naziri Raymon Puankare tərəfindən geri çağırılıb. Sentyabrın 20-də Fransaya qayıdan Kerzona, Puankare Çanaqqaladakı fransız qoşunlarının dərhal geri çəkilməyə başladığını bildirdi və atəşkəs edilməsi üçün sərt şəkildə danladı.[1]
İngilis xalqı Çanaqqalada türklərlə yenidən döyüşə girmək istəmirdi. Baş nazir David Lloyd Corc bu mövzuda məsləhətləşmədiyi üçün Dominionlar heç bir qüvvə göndərməyəcəklərini açıqladılar. Kanada Baş naziri Makkenzi Kinq vəziyyətin 8 il əvvəl başlayan Birinci Dünya Müharibəsindən fərqli olduğunu və əsgər göndərmək üçün Kanada Parlamentinin qərar verməsi lazım olduğunu açıqlayıb.[2] İtaliya, Rumıniya və Serbiya da Çanaqqalaya döyüşmək üçün heç bir qüvvə göndərməyəcəklərini açıqladılar.[1]
Böyük Britaniya Nazirlər Kabineti sentyabrın 23-də toplanaraq Şərqi Trakiyanın Türkiyəyə verilməsinə qərar verib. Bunun cavab olaraq Türkiyə qüvvələrinin baş komandanı Qazi Mustafa Kamal Paşa qüvvələrə dayanmağı əmr etdi. O, atəşkəs danışıqlarını Mudanyada aparmağı təklif etdi. Tərəflər oktyabrın 3-də Mudanyada görüşdülər. Oktyabrın 11-də sülh müqaviləsinin şərtləri ingilislər əlavə qüvvələr aldıqdan sonra 2 saat gecikmə ilə Böyük Britaniya tərəfindən qəbul edildi. Türkiyə, bu gücləndirmənin heç bir müqavimətə səbəb olmayacağına əmin edildi.
Mühafizəkarlar Partiyası 19 oktyabr 1922-ci ildə Karlton-klab bəyannaməsi ilə (Carlton Club meeting) hökuməti tərk etdi və növbəti seçkilərə Liberal Partiyadan ayrı girəcəyini bəyan etdi.[3] Beləliklə, Lloyd Corc əhəmiyyətli bir dəstəyi itirdi. Bundan əlavə, Lord Kerzon Lloyd Corcdan dəstəyini geri götürdüyünü açıqladı. Daha sonra Lloyd Corc baş nazir vəzifəsindən partiya siyasətində əsas fiqur kimi geri dönməmək üzrə istefa verdi. İngilis və fransız qüvvələri 1923-cü ilin yazında Lozanna müqaviləsi təsdiqləndikdən sonra neytral zonadan çəkildi.