Çimu mədəniyyəti (keçua Chimu) — Kolumbdan öncə mövcud olmuş mədəniyyət.
Moçika və Tiauanako sivilizasiyalarının müasirlərindən biri də Çimu mədəniyyəti idi. Çimu mədəniyyəti Peru zolağının bütün ərazisini əhatə edirdi. Deyilənlərə görə çima xalqı şimaldan dəniz yolu ilə buraya gəlib çıxmışlar. Buraya gələnlərə Takaynamo başçılıq edirdi. Takaynamo Moçe düzənliyində sahilə düşür və burada müqəddəs bir yer tikdirərək dini ayinləri icra edir. Yerli əhali ona itaət etməyə başlayır. Çimu bir neçə min kilometr ərazini əhatə edirdi. Bu ərazi Cənubi Amerikada ən nəhəng dövlətlərdən sayılırdı. Zəbt olunmuş torpaqlarda Çimu hakimləri yerli knyazların idarəetmə işlərinə nəzarət edirdilər. cəmiyyətin bu təbəqəsindən olanları «yüksək nəsildən olanlar», əks tərəfi isə, «nökərlər» adlandırırdılar.
Çimu dövlətində çoxlu şəhərlər var idi, onların bir çoxunun qalıqları hələ indiyədək qalmaqdadır. Apurlek, Fado, Çakma və s. belələrindəndir. Dövlətin paytaxtı ağ-yaşıl rəngli gözəl şəhər Çan-Çan şəhəri idi. Tərcümədə onun adı «İlanlar şəhəri»dir. Çünki ilan bu şəhərdə ən müqəddəs varlıq hesab edilir və ona etiqad olunurdu. Bu şəhər günəş və Ay adlanan (Palma-de-los-Moçika) dini ərazinin yaxınlığında yerləşirdi. Şəhər on kvartala bölünmüşdü. Hər kvartalın özünün müqəddəs yerləri, parkları, planlaşdırılmış küçələri, ictimai binaları, bağ və su anbarları mövcud idi. Binalar meandra adlanan ornamentlərlə bəzədilirdi. «Meandra» spiral forması yaradan düz xətt uclarının əyri və sınmış şəkildə həndəsi təsviridir.
Çimunun müdafiə tikililəri də mədəniyyət abidələri kimi möhtəşəm və yaraşıqlı idi. Belələrindən ən məşhuru Paramonqa qalası idi. Bu qala dövlətin Cənubi sərhədlərini qoruyurdu. Qala gur və tez axan iki çayın arasındakı Kordilyer təpəsində tikilmişdi. Qala ehram kimi pilləli tikiliyə uyğun inşa edilmişdi. Müdafiə valında qapı yerləşirdi ki, bu da cəld barrikada qurmağa imkan verirdi. Buradan da növbəti qala hissəsinə çox yaxşı şəkildə möhkəmləndirilmiş yol gedirdi. Tikilinin mərkəzi üçüncü hissədə qalın divarlar, künclər düşmən üçün keçilməz idi.
Həqiqətdə isə, Peru ayrıca Çimu memarlığının möhtəşəm və ecazkar tikililərindən biri Böyük Peru divarlarıdır. Bu tikili öz başlancığını dəniz sahillərindən götürərək Suçimansilo adlanan hündür dağərazisinə qədər gedib çıxırdı. Onun eni 5. m, hündürlüyü 3 m. uzunluğu 100 km-ə çatırdı. Divarlar daşdan hörülmüşdü. Çoxkilometrli divar məşhur Çin səddini xatırladırdı. Çimulular memarlıqla yanaşı, metallurgiyada da nailiyyətlər əldə etmişlər. İlk dəfə onlar metalı əritmiş və Cənubi Amerikada bürüncü kəşf etmişlər. Metaldan hazırlanmış bıçaq, çəngəllər və d. məmulatlar ziynət əşyaları kimi yüksək qiymətləndirilirdi. Gümüşə üçtünlük verən çimulular onu Ayın nişanəsi adlandırmaqla ali allah kimi ona itaət edirdilər.
Keramikaya gəlincə isə, bu sənət çimululara şöhrət gətirmişdi. O, praktiki səciyyə kəsb etsə də, bəzəyi adi idi. Çimu sənətkarlarının bədii fəaliyyətinin əsas növlərindən biri zadəganlar üçün sarı, yaşıl və göy rəngli lələklərdən libasların tikilməsi idi. Pambıq parçadan, üzəri orcinal applikasiyalarla bəzədilmiş çiyinlik və yağmurluq daha yüksək qiymətləndirilirdi. Çimu dövlətinin bütün həyatı «Si» işarəsi altında yaşanılırdı. Bu, gecə səmasının adı idi. Səhrada günəş düşmən, Ay isə, çay və dənizləri idarə edən dost idi. O, Günəşin üzünü bağlayarkən öz möhtəşəmliyini sübut edirdi. Ona görə də, Günəşin tutulması Çimuda bayramla müşayiət olunurdu.
1476-cı ildə sonuncu hökmdar Çimo Kapak inklərin ordusuna məğlub olub, qəsbkarların ərazisinə birləşdirilir.