Çin–Pakistan münasibətləri — Çin Xalq Respublikası və Pakistan İslam Respublikası arasındakı mövcud ikitərəfli münasibətlər.
Çin–Pakistan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İki dövlət arasındakı əlaqələrin əsası 1950-ci ildə qoyulmuşdur. Pakistan Çin Respublikası ilə bütün rəsmi diplomatik əlaqələrini kəsən və Çin Xalq Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu tarixdən etibarən hər iki dövlət bir-birinin yaxın müttəfiqi və strateji tərəfdaşı halına gəlmişdir.[1][2] Çin tərəfi Pakistana xüsusilə iqtisadi və hərbi-texniki sahələrdə yardım etmişdir.[3]
Tərəflər arasında diplomatik əlaqələr 1950-ci ildə, hərbi və hərbi-texniki yardımlaşma 1966-cı ildə, strateji müttəfiqlik 1972-ci ildə, iqtisadi qarşılıqlı əlaqələr isə 1979-cu ildə başlamışdır.[4][5] Çin Pakistanın əsas silah təchizatçısı və üçüncü böyük ticarət tərəfdaşıdır.[6][7] Hazırda hər iki dövlət Pakistanın mülki nüvə sektorunu inkişaf etdirmək məqsədilə razılığa gəlmişdir.[8]
Çinlə yaxın əlaqələr saxlamaq Pakistan hökumətinin xarici siyasətinin əsasını təşkil edir. Bununla birlikdə, 1989-cu ildə Çində baş vermiş Tiananmen meydanı hadisələri ərzində Pakistandan başqa yalnız Kuba Çin dövlətini dəstəkləmişdir. Çin Kəşmir məsələsində Pakistanı, Pakistan isə Sintszyan-Uyğur, Tibet və Tayvan kimi vacib məsələlərdə Çini dəstəkləyir. Tərəflər arasındakı hərbi sahədə əməkdaşlığa döyüş təyyarələri istehsalından idarəolunan raket istehsalına qədər bir çox birgə layihələr daxildir.[9]
Çinlə Pakistan arasındakı iqtisadi münasibətlər yüksək həddə çatmışdır. Pakistanın bir çox infrasturktur obyektlərinə Çin şirkətləri tərəfindən qoyulan investisiyanın miqdarı hər il artır. İki dövlət arasındakı ticari əlaqələri daha yüksək səviyyəyə çatdırmaq məqsədilə azad ticarət barədə müqavilə imzalanmışdır. Pakistan Çinlə digər müsəlman ölkələri arasında bir növ körpü rolu oynayır. Pakistan, həmçinin Çinlə Qərb ölkələri arasında kommunikasiya qovşağı kimi də çıxış edir. Pakistanla Çin arasındakı münasibətlər Pakistanlı səfir tərəfindən "dağlardan hündür", "okeanlardan dərin", "poladdan möhkəm" kimi adlarla təsvir olunmuşdur.[10] Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına əsasən Çin istehsalı olan silah və texnikanın təqribən 47%-i Pakistana ixrac olunur.[11]
Çin və Pakistan arasında güclü hərbi əməkdaşlıq əlaqələri mövcuddur.[12] Bu sahədə olan əməkdaşlıq hər iki region ölkəsi üçün geosiyasi əhəmiyyət daşıyır.
1962-ci ildən etibarən Çin Pakistan Silahlı Qüvvələrinin əsas təchizatçısıdır.[13] Son olaraq, Çin istehsalı Chengdu J-10 döyüş təyyarəsinin Pakistan Hərbi Hava Qüvvələri tərəfindən satın alınacağı gözlənilir.
İki ölkənin birgə layihəsi olan JF-17 Thunder döyüş təyyarələri və K-8 Karakorum təlim təyyarələri hərbi-texniki əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi daşıyır. İki ordu tərəfindən tez-tez birgə hərbi təlimlər də həyata keçirilir.[14]
19 aprel 2015-ci il tarixində Çin tərəfindən istehsal olunmuş səkkiz ədəd sualtı gəminin Pakistana satışı ilə bağlı 5 milyard ABŞ dolları dəyərində müqavilə imzalanmışdır ki, bu da Çin tarixində silah satışı ilə əlaqədar ən böyük müqavilə hesab olunur.[15]