Çində islam

Çinın ən yaşlı məscidi. Sian

İslam Çinə Tan imperatoru Qaotszunun hakimiyyəti dövründə Çinə ticarətə gələn ərəb və fars tacirləri vasitəsilə daxil olmuşdur. Ticarətçilər və diplomatlar tərəfindən istifadə olunan quru yolları İran və Əfqanıstandan keçərək Çinin şimal-qərbinə gəlirdi. Su yolları Quançjou, Tsyuançjou, Xançjou və Yançjou – Çin limanlarına çatana qədər Ərəb dənizindən başlayıb Benqal körfəzindən və Malakka boğazından keçirdi. Ərəb və fars tacirlərinin əksəriyyəti çinli qadınlarla evlənərək Çində məskən salırdılar. Elə onların nəsilləri də Çinin ilk müsəlmanları olmuşdular.

13-cü əsrin başlanğıcında Çingiz xanın qərbə hərbi yürüşləri zamanı Çində Orta və Qərbi Asiyada xidmətə alınmış çoxlu sayda müsəlman peyda oldu. Bu müsəlman əsgərləri (onların bəziləri sənətkar və kiçik məmur idilər) də islamı yayırdılar. Yuan dövründə (1271-1368) bütün ölkə boyu məscidlər tikilmişdir; müsəlmanlar müxtəlif səviyyəli hökumət vəzifələri tuturdular. Min və Tsin dövrü dekretlərində islam dövlət tərəfindən tanınır və Çində inkiçaf etməyə başlayır. O, ən çox Çinin 10 milli azlıqları: xuey, uyğur, qazax, tatar, qırğız, tacik, özbək, dunsyan, salar, baoanlar arasında yayılmışdır. Hazırda mömünlərin sayı təxminən 20 mln. nəfər təşkil edir. Onların əksəriyyəti Çinin şimal-qərbində yaşayır, təkcə xueylər bütün ölkəyə səpələnmişlər. Müasir Çində müsəlmanlar da digər dinlərin ardıcılları kimi vicdan azadlığına malikdirlər. 1952-ci ilin əvvəlində müsəlman liderləri Bur-xan, Depuşen, Makien və Pan Şitsyan Çin müsəlmanlarının milli təşkilatını – Çin müsəlmanları assosiasiyasını yaratdılar. O, 1953-cü ilin mayında Pekində 1-ci islam konfransında təsdiq edildi. Onun sədri üç müddət ərzində Burxan olmuşdur. O, fəxri sədr seçildikdən sonra sədrlik Çjan-tszeyə keçmişdir. Təşkilat bütün ölkə boyu yerli şöbələrə malikdir. 1955-ci ilin aprelində assosiasiyanın nəzdində islam teoloji institutunun əsası qoyulmuşdur, çox sayda müsəlman ruhaniləri və imamları burada hazırlıq keçmişlər. Assosiasiya, həmçinin, müsəlmanlıq və teologiya tarixləri sahəsində tədqiqatlar aparılmasına dəstək olur, Quranın və müsəlman klassiklərinin mütəmadi nəşrlərini çap edirlər. Ölkədə müsəlman ənənələrinə də ehtiram bəsləyirlər. Müsəlmanların qidaya xüsusi tələbləri, dəfn mərasimləri, dini ayinlərə riayət xalq hakimiyyətinin mühafizəsi altındadır. Hər il Çin islam assosiasiyası müsəlmanların Məkkəyə ziyarətini təşkil edir. Artıq uzun zamandır ki, Çin islam assosiasiyasının dəvəti ilə tanınmış müsəlman liderləri və alimləri Çinə gəlir; assosiasiyanın üzvləri də qonaq qismində bir çox müsəlman ölkələrini gəzmişlər. Çin islam assosiasiyasının nümayəndələri beynəlxalq konqreslərin işində iştirak etmişlər. Bu əlaqələr Çin xalqı ilə müxtəlif müsəlman ölkələrin xalqları arasında qarşılıqlı anlaşmaya və dostluğa xidmət edir. Əksər müsəlman məscidləri məbəd formasında tikilmişdir. Lakin Sintszyanda və bəzi digər yerlərdə ənənəvi islam üslubunu gözləyən məscidlər də az deyil. Onlardan bir çoxu, məs., Tan və Sun dövrlərində fars tacirləri tərəfindən tikilən Quançjoudakı Quantası və Tsyuançjoudakı Tsintszinsı məscidi tarixi əhəmiyyət kəsb edir. Həm də Xuayşen adlandırılan Quantası məscidi Tan hakimiyyəti dövründə (627) ucaldılmışdır və Çinin sahilboyu rayonlarında ən qədim məscidlərdən hesab edilir. Dəməşq məscidləri tipində tikilmiş Tsintszinsı məscidi Şimali Sun dövründə yaradılmışdır. Onun sahəsi – 6 min kv. m – qarşımızda indiki şəklə gəlib çatana qədər Yuan, Min və tsin dövrlərində 4 dəfə böyüdülmüşdür. Məscidin zalı çin saray üslubundadır, interyeri isə təmiz ərəb üslubundadır. Zalın sahəsi – 600 m²-dir; oraya təxminən 1000 mömin yerləşir. Qalan məscidlər, eləcə də Xançjoudakı Feniks, Yançjoudakı Libay və Siandakı Xuatszyue məscidləri Tan və Sun dövrlərində tikilmişdir. Yuan və Min sülalələri sonrakı hakimiyyəti dövründə Pekində Dunsı və Kaşidə (Sintszyan əyaləti) Aytaqar məscidləri yaranmışdır. Bu məscidlər təkcə islamın Çində yayılmasına dəlalət etmir, həm də çin memarlığının öyrənilməsi kimi əla material rolunu oynayır. Məscidlər dəfələrlə yenidən qurulmuş və mədəni dəyər kimi dövlət mühafizəsi altındadırlar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]