Çoban Mustafa Paşa (bilinmir – aprel 1529) — Yavuz Sultan Səlim və Sultan Süleyman Qanuni səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.[1]
Çoban Mustafa Paşa | |
---|---|
türk. Çoban Mustafa Paşa | |
17 dekabr 1522 – may 1523 | |
Əvvəlki | Xeyir bəy |
Sonrakı | Gözəlcə Qasım Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | aprel 1529 |
Vikianbarda əlaqəli mediafayllar |
Doğum tarixi məlum olmasa da, əslən boşnaq olduğu bilinir. Dəvşirmə olaraq yeniçəri ocağına alınmış, 1514-cü ildə baş tutan Çaldıran döyüşündə yeniçəri əsgəri olaraq iştirak etmişdir. Ardından saraya qapıçıbaşı olaraq alındı və bir müddət Yavuz Sultan Səlimə xidmət etdi. Daha sonra Rumeli bəylərbəyi təyin edilərək saraydan ayrıldı və bu əsnada sədrəzəm Piri Mehmed Paşanın qızıyla evləndi. Yavuz Sultan Səlimin son illərində sədrəzəm olan qaynatası tərəfindən divana üzv təyin edildi. Ancaq qaynatası haqqında sultana şikayətlənməsinin ardından vəzifədən alındı. Sultan tərəfindən edam edilməsi istənsə də, Piri Mehmed Paşanın araya girməsiylə xilas oldu və yenidən ikinci vəzirliyə gətirildi.
Səhhəti pisləşən Yavuz Sultan Səlim tərəfindən Çorludakı ordu qərargahına çağırıldı və burada sultanın ölümünə şahid oldu. Sədrəzəmin yeni sultanı taxta çıxarmaq üçün paytaxta yollanmasının ardından, üçüncü vəzir Fərhad Paşayla birlikdə mərhum sultanın cənazəsinin paytaxta gətirilməsiylə vəzifələndirildi. Sultan Süleymanın səltənətə gəlməsinin ardından divanın ikinci vəziri olaraq fəaliyyətinə davam etdi. 1521-ci ildə Belqrad və 1522-ci ildə Rodos səfərinə qatılan Çoban Mustafa Paşa bunlardan sonuncusuna sərdar olaraq iştirak etdi. Ancaq səfər vaxtının uzanması səbəb göstərilərək vəzifədən alındı və 17 dekabr 1522-ci ildə Misir bəylərbəyi təyin edilərək paytaxtdan uzaqlaşdırıldı. Bu vəzifədə ikən 1523-cü ilin mayında Misirdə başlayan çərkəz bəylərinin üsyanını yatırdı. Üsyanın ardından İstanbula çağrıldı. 1529-cu ilin aprelində burada vəfat etdi. Cənazəsi Gəbzədə öz adına inşa etdirdiyi külliyədəki türbəsinə dəfn olundu.[2]