Çokan Çingiz oğlu Vəlixanov (qaz. Шоқан Шыңғысұлы Уәлихан, əsl adı Məhəmməd Hənəfiyə; 1835 – 10 aprel 1865) — qazax alimi, tarixçisi, etnoqrafı, folklorçusu, səyyahı, maarifçisi, Rusiya Ordusu Baş Qərargahının zabiti, kəşfiyyatçı.
Çokan Vəlixanov | |
---|---|
qaz. Шоқан Шыңғысұлы Уәлихан | |
Digər adı | Məhəmməd Hənəfiyə |
Doğum tarixi | |
Doğum yeri | Kuntimes qışlağı, Rusiya imperiyası |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Koçen-Toğan şəhəri |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Fəaliyyəti | antropoloq, tarixçi, hərbi qulluqçu, etnoqraf, şərqşünas, pedaqoq, incəsənət xadimi |
Vikianbarda əlaqəli mediafayllar |
Qazaxlar Şokan Şınğızsulı Vəlixanov kimi yazdıqları ad və soyad rus dilinin təsirilə bir çox sənədlərdə Şokan və Çokan Valixanov kimi yazılır. Qazaxların tayfa ittifaqı Üç Cuza, Böyük Cuza, Orta Cuza və Kiçik Cuza bölünür. Orta Cuzda doğulan uşağın qulağına əzan oxuyan Ablay xanın şəxsi həkimi, qazaxlar arasında Maral baba kimi tanınan Kalkay İşan ona Mühammad Hanafi adını qoyduğunu söyləyir. Vətəninin ağır günlərə düşdüyünü, xalqının güzəranının getdikcə pisləşdiyini görən Kalkay İşan istəyridi ki, VII yüzildə Ərəb çöllərində Məhəmməd peyğəmbərin xalqı üçün etdiklərinə bənzər bir işi də Ablay xanın nəvəsi etsin. Bu şirin və xoş bir arzuydu. Zaman isə başqa bir zamandı. Şokana atası Çingiz Sultan oğluna xan övladlarına layiq bir təhsil verməyə çalışırdı. Onun üçün şəxsi müəllimlər və məşqçilər təyin etmişdi. Özü isə oğluna adət-ənənələri, nəslinin keçdiyi tarixi yolu öyrədirdi. Şokanın nənəsi Ayxanım, oğlu Çingizin təlim-tərbiyəsinə necə diqqət yetirmişdirsə nəvəsinə də eləcə diqqət yetirirdi. Çingiz Sultan qazax tarixi və ədəbiyyatını dərindən bilməklə kifayətlənmir, Sibir türklərinin miflərini, əfsanələrini, rəvayətlərini, dastanlarını, nağıllarını, geyim-kecim, məişət əşyalarını toplayır. İşğalcı rusların köləsi kimi deyil, xalqına bağlı bir ruhda böyüdüyünə görə Ayxanın tərəfini tutan sultanlar və bəylər Çingizi 1834-cü ildə "böyük sultan" elan edirlər. 1835-ci ilin noyabrında isə "böyük sultan" elan edilən Çingizin oğlu Şokan dünyaya gəlir.
Qazax çöllərindən Sırımbetdə dünyaya gələn Şokan uşaqlığını indiki Kustanay vilayətinin Kusmurın qışlağında keçirir. Sonra isə ailəsi ilə birlikdə Kökçe dağa köçür.
Şokanı 12 yaşında Omsk şəhərindəki kadet korpusuna oxumağa göndərirlər. Çar ordusu üçün kadrlar hazırlayan bu tip məktəblərə yalnız əsilzadələrin uşaqları qəbul edilirdi. Təhsil illərində F. N. Kostilevski, P. B. Qonsevski kimi təcrübəli pedaqoqlardan dərs alır, gələcəyin məşhur etnoqrafı, folklorçusu və səyyahı Q. N. Potanin və N. F. Anneniski ilə bir sinifdə oxuyur. Rus dili ilə yanaşı, Fransız və Alman dillərinin incəliklərini də öyrənir. Son sinifdə oxuyanda İ. N. Beryozinin xahişilə "Toxtamış xanın tamğalatı" mövzusunda ilk elmi məqaləsini yazır.
8 noyabr 1853-cü ildə kadet korpusunu bitirən Şokan Vəlixanovu Sibirdəki Rus-Qazax Süvari alayının şeypurçular bölüyünə komandir təyin edirlər. Türküstanda yaşayan türklərin ləhcələri ilə yanaşı, ərəb və fars dillərini bilməsi, iti yaddaşı, xüsusən dil öyrənmək marağı Şokanı tezliklə hərbçilər arasında məşhurlaşdırır. Çara sui-qəsd təşkil etdiklərinə görə məsuliyyətə cəlb edilmiş, Rusiya tarixində "petraşevçilər" kimi tanınanların bir qismi Sibirə sürgün edilmişdi. 19 yaşlı Şokan 1854-cü ildə sürgündə olan psixoloji əsərlər müəllifi F. M. Dostoyevski və şair S. F. Durovla tanış olur. Şokan Dostayevski ilə sonradan Semplatinskdə də görüşür.
Qərbi Sibir valisi, general qubernator Qustav Qasfort onu özünə yavər götürür. Yüksək rutbəli hərbçilər onun məharəti haqqında rəhbərliklərinə raportlar yazırlar. İşğal dairəsini Şərqə doğru da genişləndirmək istəyən Rusiya rəhbərlərinin belə bir kadrın olması dərhal diqqətini çəkir. Ondan gələcəkdə işğal etmək istədikləri ölkələr haqqında bilgi toplamaqda istifadə etmək qərarına gəlirlər. Onu hərbi strateji araşdırmalar qrupuna daxil edirlər. Sonra isə Müdafiə və Daxili İşlər Nazirliklərinin Asiya departamentində işlədirlər.
Çingiz xanın nəslindən olması, müsəlman olması, çox dil bilməsi Şokan Valixanova şans verirdi ki, Şərqi Türküstanda rahat və sərbəst hərəkət etsin, yerli hakimlərin saraylarına yol tapa bilsin.
1855-ci ildə onu qazaxların və Sibir türklərinin Yeddi su, rusların Semireçye adlandırdıqları bölgəyə və Kokand xanlığına gedən ekspedisiyanın tərkibinə daxil edirlər. Şokana öncə Qərbi Sibir xalqlarını, onların adət-ənənəsini, dünyağörüşünü öyrənmək tapşırılır. O, tapşırığı məharətlə yerinə yetirir. Topladığı materiallar rusiya hərbçilərinə və hökumət məmurlarına bir kəşfiyat materialı kimi yarayırdısa, alimlər də onun folklorçuluq və etnoqraflıq məharətinə heyran qalırdılar.
1856-cı ilin aprelində, yəni 21 yaşında İli çayı boyuna elmi heyətlə birlikdə ekspedisiyaya gedir. Çarı çayının İliyə qovuşduğu yerə, Karkara gəlir. Mayın 26-da manasçılarla görüşür. Üç gün, üç gecə məşhur "Manas" dastanını dinləyir. Kuketay xan haqqında olan qolu toplayır. Bu dastanın ilk yazıya alınmış hissəsi olur.
Şokan Vəlixanov yalnız "Manas" dastanını toplayıb rus dilinə çevirməklə kifayətlənmir, "Kozı Korpeş və Bayan Sulu" dastanını da elm aləminə qazandırır.
Şokan Vəlixanovun rəssamlıq qabiliyyəti olduğuna görə o getdiyi yerləri yalnız sözlə təsvir etmir, qələm və fırça ilə də şəkillər çəkir. Fotonun geniş yayılmadığı bir dövrdə şəkillər Rusiya xüsusi xidmət orqanları üçün olduqca vacib olan materiallar sayılırdı. Onun vaxtilə çəkmiş olduğu Cuban ana məzarüstü rəsmindən sonralar abidənin bərpasında istifadə edilmişdir.
1857-ci il fevralın 21-də Şokan Vəlixanov P. P. Semyonovun zəmanətiylə Rusiya Coğrafiya Cəmiyyətinə üzv qəbul edilir.
Rusiya Qazax çöllərini öz ərazisi elan etmişdi. Böyük Britaniya Hindistanı tutmuşdu. Çin isə Doğu Türküstanı ələ keçirmək üçün dəridən qabıqdan çıxırdı, lakin bu bölgədə Rusiyanın da, Böyük Britaniyanın da gözü vardı, lakin bölgə haqqında bilgi yetərsiz idi. Oraya gedən yolların vəziyyəti, əhalinin milli tərkibi, hakimiyyət orqanlarına münasibəti və s. haqqıda geniş bilgi olmadan ordunun hərəkəti mümkünsüzdü. Odur ki, böyük bir ticarət karvanı təşkil edilir. Məşhur səyyah çoğrafiyaçı Semyonov-Tyanşanski ilə 1856-cı ildə tanış olan, Doğu Türküstanın şərqindəki Qulcada olmuş Şokan Vəlixanovu da tacir kimi Qaşqara yola salırlar.
Karvan 1858-ci ilin 28 iyununda yola çıxaraq qazaxların Yeddi çadır, ruslarınsa Semipalatinski adlandırdıqları bölgəni keçib Qaşqara gəlir. Çingiz xanın nəslindən olması, ağllı və səbirli davranışı ilə ölümün pəncəsindən qurtulan Şokan Vəlixanov 1859-cu ilin aprelin 12-də zəngin materialla geri dönür.
Onun gətirdiyi materiallar və özünün davranışı quberniya sərhədlərini aşaraq mərkəzi hökumətə də çatır. Buna görə də Müdafiə Nazirinin göstərişi ilə Şokan Vəlixanov 1860-cı ilin əvvəllərində Peterburqa göndərilir. Paytaxtda onu yüksək səviyyədə qarşılayırlar. Çar II Aleksandr onu Müqəddəs Vladimir ordeni ilə təltif edir. Hərbi rütbəsini yüksəldirlər. Baş ştabda Orta Asiya və Doğu Türkistanın xəritəsini hazırlayan qrupda işləməyi tapşırırlar, lakin onun bu vəzifədə işləməsi o qədər də uzun sürmür. May ayında Xarici İşlər Naziri, kinyaz A. M. Qorçakovun zəmanətilə Asiya departamentində işə qəbul edirlər.
Peterburqda yaşadığı iki il müddətində Şokan Vəlixanov professor A. N. Beketovla, Rusiya Coğrafiya Cəmiyyətinin jurnalına redaktorluq edən, diplomat, publisist E. P. Kovalevski ilə, universitet müəllimi, alim, milliyətcə azərbaycan türkü olan, xristianlığı qəbul etdiyinə görə Aleksandr adını götürmüş Məhəmmədəli Kazım bəylə, İ. N. Berezinlə, V. P. Vasilevlə, V. V. Qriqoryevlə və b. görüşür, elmi fəaliyyətində onlarla məsləhətləşmələr aparır. Bir ara Parisə də gedir. Şokan Vəlixanov qısa müddətdə Peterburqda Orta Asiya, Doğu Türküstan və Sibiri ən yaxşı bilən mütəxəssis kimi tanınır. O, yalnız elmi fəaliyyətlə məşğul olaraq ensiklopediyaya "Ablay" məqaləsini yazmaqla, Kaşkardan gətirdiyi "Təzkireyi Boqrax", "Təzkireyi Xocaxan" əlyazmalarını elmi ictimaiyyətə tanıtmaqla qalmır, şair və yazıçılarla da görüşür, onların söhbətlərində də fəal iştirak edir.
"Muhamməd Heydər Dualtın "Tarixi Rəşidi" əsərini dünya elminə qazandıran Şokan Vəlixanovun Peterburqda ictimai təşkilatlarla yaxınlıq etməsi, demokratik fikirli ziyalılarla tez-tez görüşməsi hökumət dairələrinin də diqqətindən yayınmır. 1861-ci ilin mayında vətənə dönən Şokan Vəlixanov yenə də elmi-ictimai fəaliyyətini davam etdirir. 1862-ci ildə onu Atbasar dairəsinə sultan seçsələr də generel –qubernator təsdiqləmir.
Dünyagörüşünün genişlənməsi, biliyinin artması, oturub-durduğu adamlardan eşitdikləri onun Rusiya hökumətinin işğalçı siyasətini dərindən anlamaqda köməkçi olur. 1964-cü ilin mart-iyun aylarında Kokand xanlığı üzərinə rus ordusu hücum edəndə Şokan Vəlixanov onların tərkibində olur. Hərbçilərin dinc əhaliyə tutduqları divanı gördükdə dözə bilmir. Onların qəddarlığını durdura bilməyəcəyini görüb geri dönür.
Şokan Vəlixanov Rusiya hökumətinə xidmətdə yanıldığını başa düşərək hərbidən istefa verib Məkkə ziyarətinə getmək istəyir, lakin bu ziyarət gənc alimə müəssər olmur. 1865-ci il aprelin 10-da Taldı Kurqan vilayətinin Alınamel aşırımında dünyasını dəyişir.
Avropa tipli ilk qazax rəssamı, "Böyük Orda qazaxları", "Sartay tayfasından olan Sarı Baqış", "Burumbayın portreti" və b. tabloları çəkən, "Cunqariya oçerkləri", "Qırğızlar", "Çin imperiyasının batısı və Qulca şəhəri" və b. əsərlərin müəllifi 29 yaşında dünyasını dəyişsə də yazdıqları ilə yaddaşlara həkk olunur. Onun fəaliyyətindən bədxah məqsədlə də istifadə edənlər olub, xeyirxah məqsədlərlə də. Bədxahların işləri unudulmaqda və pislənməkdədir.
Şokan Vəlixanovun yaradıcılığı isə dünya mədəniyyətinə verdiyi xeyirlə ölçülür. Vətənində adının əbədləşdirilməsi üçün xeyli iş görülmüşdür.