Çoxmeyvəli ardıc

Çoxmeyvəli ardıc (lat. Juniperus polycarpos) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.

Çoxmeyvəli ardıc
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qafqazda, Türkiyəİranın qərb rayonlarında yayılmışdır. İkievli və ya birevli bitkidir. Bu ardıc növünə, bəzən “ağarcan” da deyirlər. hündürlüyü 5-9 m olan kiçik ağac və ya koldur. Çətiri enli piramidal, kifayət qədər sıxdır, açıq yerlərdə budaqlanma torpağın səthindən başlayır. Yarpaqları üç-üç yerləşir, ucu sivridir. Erkək sünbülcükləri birillik və ikiillik zoğların uclarında yerləşir. İşıqsevən, quraqlığadavamlı və torpağa tələbkar olmayan ağac növüdür.

Ardıc ağacları tüstüyə və hisə davam gətirmir. Təbii bərpası çox zəif gedir. Əsasən, toxumla çoxalır. Çoxmeyvəli ardıcın erkək sünbülcükləri şaxələrdə yerləşib, sentyabr-oktyabr aylarında görünməyə başlayır. Meyvələrin eni 2-4 mm-dir, qısa saplaqcıq üzərində yerləşir, göyümtül-yaşıl rənglidir. Noyabr-dekabr aylarında yetişir.

Çoxmeyvəli ardıc oduncağının texniki keyfiyyətləri yüksəkdir. O, sıx, möhkəm, çürüməyə və zərərvericilərə qarşı davamlıdır, qiymətli inşaat materialıdır, ondan cürbəcür xırda məmulatların hazırlanmasında istifadə edilir. Oduncağın tərkibi efir yağı ilə zəngindir. Bu yağdan hazırlanan balzam-qatran yaraları müalicə etmək üçün istifadə oluna bilər. İynəyarpaqlarında və meyvələrində aşı maddəsi vardır. Dekorativ bitkidir, yaşıllaşdırma işlərində kiçik qruplar yaratmaq, habelə tək-tək əkmək üçün istifadə edilir. Azərbaycanda Böyük və Kiçik Qafqazda, Naxçıvan dağlarında, düzən yaylada, aşağı və orta dağ qurşaqlarında quru-daşlı yamaclarda bitir, Abşeronda isə bağ və parklarda rast gəlinir.