Çoxoyunçulu oyun

Çoxnəfərli oyun, Çoxoyunçulu oyun və ya Multipleyer (ing. Multiplayer video game) — iki və ya daha çox oyunçunun lokal şəkildə və ya internet vasitəsilə eyni zamanda eyni mühitdə oynaya biləcəyi videooyun[1]. Videooyunların erkən dövründə onlar adətən yalnız birnəfərli oyun rejimindən istifadə edirdilər və oyunçuları əvvəlcədən proqramlaşdırılmış maneələr və süni intellektdən istifadə edən rəqiblərlə qarşı-qarşıya qoyurdular. Bu üsul elastiklik və insani elementlərə malik deyil. Çoxnəfərli oyunlar oyunçulara digər fərdlərlə əməkdaşlıq və partnyorluq etməyə, eləcə də rəqabət aparmağa imkan yaradır. Bu, oyunçuları birnəfərli oyun rejimində olmayan sosial kommunikasiya ilə təmin edir. Çoxnəfərli oyunlarda oyunçular müəyyən bir hədəfə nail olmaq üçün bir və ya daha çox insan iştirakçı ilə rəqabət apara və ya onlarla əməkdaşlıq edə bilərlər ki, bu da kooperativ oyun adlanır. Çoxnəfərli oyunlar adətən vahid bir oyun sisteminin resurslarını və ya internet texnologiyasından istifadəni tələb edir.

  1. "Dictionary.com | Meanings & Definitions of English Words". Dictionary.com (ingilis). 2024-04-18. 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.