Özünümüdafiə və ya zəruri müdafiə — şəxsin özünü, xüsusilə də sağlamlığını ona vurula biləcək zərərdən müdafiə etməsi üçün gördüyü tədbirlər.[1] Təhlükə vəziyyətində şəxsin özünümüdafiə hüququndan istifadə etməsi əksər yurisdiksiyalarda qanunla təminat verilən hüquq kimi tanınır, sadəcə onların şərhi əhəmiyyətli dərəcədə fərqlənir.[2]
Fiziki özünümdüafiə ani zorakılıq hədəsinin qarşısını almaq üçün fiziki gücün tətbiqidir. Bu, silahlı və ya silahsız ola bilər. Bu zaman müvəffəqiyyətli olmaq, tətbiq edilən şiddətin dərəcəsindən müdafiə olunan şəxsin əqli və fiziki cəhətdən hazılığına qədər bir neçə amillərdən asılı ola bilər.
Döyüş sənətinin əksər növləri özünümüdafiə üçün yaradılmış və ya özündə özünümüdafiə texnikalarını ehtiva edir. Belə ki, bəzi döyüşlər, eləcə də təkbətək döyüşlərin özünümdafiə zamanı tətbiqi effektiv ola bilər. Bəzi döyüş sənətləri şəxsin bıçaqlı və ya silahlı hücuma məruz qaldığı halda necə müdafiə olunacağını öyrətdiyi halda, bəziləri əksinə hücum etməyi öyrədir. Daha praktik özünümüdafiə etmək üçün bir çox müasir döyüş sənəti məktəbi hazırda döyüş sənətinin üslub və texnikasının birləşməsindən istifadə edir və çox zaman özünümüdafiə təlimini hər iştirakçıya özəl uyğunlaşdırır.
Silahların böyük əksəriyyəti özünümüdafiə üçün istifadə oluna bilər. Ən uyğun silahın tətbiqi şəxsin məruz qaldığı zorakılığın dərəcəsindən, qurban və ya qurbanlardan və müdafiə olunan şəxsin təcrübəsindən asılıdır. Hüquqi məhdudiyyətlər də özünümüdafiə vasitələrinin seçiminə əhəmiyyətli təsir edir.
Əksər hallarda hüquqi məhdudiyyətlər də mövcud olur. Bəzi yurisdiksiyalarda odlu silahın açıq-aşkar və ya gizli formada məqsədli təyinatına uyğun daşınmasına qanunla yol verilir. Bəzi yurisdiksiyalarda isə silahı daşımaq hüququ olan şəxslərin dairəsi və silahın növü qanunla müəyyən edilir. Bıçaqlara da polis dəyənəyi, bibər spreyi, elektroşok silahı və tazer kimi nəzarət edilir, lakin onların bəzilərinin lisenziya əsasında və peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar daşınması qanunauyğundur.
Zərərsiz və su əsaslı özünümüdafiə vasitələri olan silinməz boya-marker spreyi və ya şübhəlinin cinayət hadisəsi ilə əlaqəsini müəyyənləşdirən DNT-spreylərin, əksər yerlərdə, əldə edilməsi və daşınmasına qanunla yol verilir.[3]
Gündəlik məişətdə mövcud vasitələrdən beysbol ağacı, qəzet, açarlı brelok və digər alətlər alışqanla birlikdə özünümüdafiə üçün atipik silah kimi istifadə oluna bilər.
Müasir qanunvericiliklərdə özünümüdafiə ilə əlaqədar təsbit olunmuş müddəalar Roma hüququndakı dominium prinsipinə əsaslanır. Müvafiq prinsipə əsasən ailə üzvlərinə və ya əmlaka edilən istənilən hücum həm də pater familiasa qarşı hücum hesab olunur. Leviafanda (1651) Hobbs qeyd edirdi ki, bəziləri təbii vəziyyətində digər insanlardan daha güclü və ya daha ağıllı ola bilsə də, heç kim şiddətli ölüm qorxusunu dəf edəcək qədər güclü deyil və belə halda özünümüdafiə zərurətdən irəli gəlir. Özünün 1918-ci ildəki Politik als Beruf (Siyasət peşə kimi) əsəri üzrə çıxışında Maks Veber, dövləti müəyyən ərazi hüdudlarında gücün qanunun tətbiqi üzrə inhisar hüququ olan hakimiyyət kimi müəyyən etmişdir. Müasir libertarizm qanunların əksəriyyətini şəxsi həyata müdaxilə kimi xarakterizə edir və zorakılıqdan özünümüdafiəni şəxsin təməl hüquqlarından biri olduğunu iddia edir. Bu mənada Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 12-ci maddəsində qeyd edilir:
Qanuni gücün tətbiqi üzrə dövlətin inhisar səlahiyyəti prinsipi ilə birlikdə bu, müvafiq hüquqların qorunması üçün gücün tətbiqinə ehtiyac yarandıqda qanunla səlahiyyət verilmiş şəxslərin (məsələn, polis) müdafiəni həyata keçirəcəyi mənasına gəlir. Özünümüdafiə hüququnun tətbiqi təhlükəli qəsdin qarşısının səlahiyyətli orqanlar tərəfindən alınması mümkün olduğu hallarda məhdudlaşdırılır. Qanunla mülki vətəndaşlara verilən özünümüdafiə hüququ əhəmiyyətli dərəcədə məhdudlaşdırılır. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.[4] Roman-German hüquq sistemindəki "hüquqdan sui-istifadə" nəzəriyyəsi belə hallarda müdafiənin inkar edilməsini izah edir. Eləcə də ingilis hüququnda Beckford v R (1988) 1 AD 130 işində ümumi hüquq sisteminin aşağıdakı prinsipi ifadə edilmişdir:
Oxşar müddəalar Qərb dövlətlərinin qanunvericiliyində də mövcuddur. Müvafiq müddəa tarixən 1791-ci il Fransa Cəza Məcəlləsinin 6-cı maddəsindən irəli gəlir.[5] Həmin maddəyə görə, "özünü və ya başqalarını qanunauyğun müdafiə etmək zərurəti yaranarsa, adamöldürmə qanunidir." Müasir Fransa Cəza Məcəlləsi zəruri müdafiə həddini aşmağa görə məsuliyyət müəyyən edir. Buna əsasən, müdafiə olunan şəxsin istifadə etdiyi müdafiə vasitələri ilə qəsdin xarakteri arasında uyğunsuzluq olarsa, şəxs cəzalandırılır.[6]
Psixiatrların hazırkı görüşü belədir ki, zorakılığa məruz qaldıqda əksər insanlar qorxu və qəzəb hissi ilə hərəkət edirlər. Affektin bu iki növünün fərqləndirilməsi hüquqi cəhətdən konstruktiv deyil. Bununla belə, zəruri müdafiəyə dair qanunlarda bu fərqləndirmə hələ də aparılır. Alman cinayət qanununda (§ 33) qorxu və qəzəb fərqləndirilir. Qorxu təsiri nəticəsində zəruri müdafiə həddini aşma cəzalandırılmır.
İstənilən iş üzrə güc tətbiqinin həddi aşmasını qiymətləndirmək çətin ola bilər. Artıq gücün tətbiqinə icazə verilməsi insan hüquqları ilə ziddiyyət təşkil edə bilər.
2009-cu ildə Çində Foşan Xalq Məhkəməsi iş üzrə qərarında müəyyən etmişdir ki, soyğunçunun qaçmağa cəhd edərkən öldürülməsi qanunla cəzalandırılmır, çünki bu zaman "soyğun hələ davam edirdi".[7]
2008-2012-ci illərdə ABŞ-da silah tətbiqi nəticəsində baş verən hər 38 ölümdən (bura qəsdən adamöldürmə, intihar və təsadüfi ölümlər daxildir) təxminən 1-i "haqlı ölüm" idi.[8]