İnsan hüquqları və ya İnsan haqları — insanların malik olmağa haqqı olduğu əsas hüquqlar və azadlıqlar".[1] İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir.
Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsi kimi insan hüquqları ilə müəyyən olunan azadlıq həddini keçməməli olan dövlətin qeyri-məhdud hakimiyyətinin məhdudlaşdırıcısıdır.
İnsan hüquqları institutu məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin, mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik hüquqlarının mahiyyəti hələ tam aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır.
İnsan haqları, demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu məsələnin universallığından çox vaxt bu və ya digər dövlətlərdə insan haqlarından sui-istifadə halları əsas götürülərək onlara qarşı hərbi və iqtisadi təzyiq göstərmək üçün istifadə edilir. Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkar olunmaz bir hüquq kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunləşdirilmişdir.
İnsan haqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə olunur:
Qədim xalqlar müasir dövrdəki mövcud universal insan hüquqları konsepsiyasına malik olmamışlar. İnsan hüquqları üzrə müzakirələrin əsl dönüş nöqtəsi Avropa maarifçilik dövründə mövcud olmuş məşhur orta əsr təbii hüquq ənənəsinin bir hissəsi kimi yaranan təbii hüquqlar konsepsiyası olmuşdur. Həmin dövrdə təməli qoyulsa da, insan hüquqlarına dair müasir mübahisələr XX əsrin II yarısında ortaya çıxmışdır.[2]
XVII əsr ingilis filosofu Con Lokk öz əsərində təbii hüquqlara yer vermiş və təbii hüquqları "yaşamaq, azadlıq və mülkiyyət (əmlak)" hüquqları kimi müəyyən etmişdir. Lokk iddia edirdi ki, bu əsas hüquqlar ictimai müqavilədə əks etdirilə bilməz. 1689-cu ildə Britaniyada qəbul edilmiş Hüquqlar haqqında Billə əsasən, dövlət orqanlarının zülmkar hərəkətləri qanunsuz hesab edilməyə başlandı. XVIII əsrdə ABŞ-də (1776) və Fransada (1789) iki böyük inqilab baş verdi və müvafiq olaraq ABŞ istiqlal bəyannaməsi və İnsan və vətəndaş hüquqları Bəyannaməsi qəbul edildi; hər iki sənəd insan hüquqlarını təsbit edirdi. Bundan əlavə, 1776-cı il Virciniya Haqlar Bəyannaməsi bir sıra əsas vətəndaş hüquq və azadlıqlarını nəzərdə tuturdu.
Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabərhüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edibdir, onların sırasına yaşamaq, azadlıq və səadətə canatma hüququ da daxildir.— ABŞ istiqlal bəyannaməsi, 1776
XVIII-XIX əsrlərdə Tomas Peyn, Con Stüart Mill və Hegel kimi mütəfəkkirlər universallıq mövzusu ilə əlaqədar müzakirələri genişləndirmişdilər. 1849-cu ildə Henri Devid Toro sonralar insan hüquqları, xüsusilə də mülki hüquqlar üzrə mütəfəkkirlərə təsir etmiş "Mülki itaətsizlik"[1] Arxivləşdirilib 2007-01-25 at the Wayback Machine əsərində insan hüquqlarından bəhs edirdi. 1867-ci ildə ABŞ Ali Məhkəməsinin hakimi Devid Devis özünün Ex parte Milligan işi üzrə rəyində qeyd edirdi ki, "Qanunun qorunması ilə insan hüquqları təmin edilir."[3]
Bir sıra qruplar və hərəkatlar insan hüquqları adına XX əsr ərzində dərin sosial dəyişikliklərə nail ola bilmişdirlər. Qərbi Avropada və Şimali Amerikada həmkarlar ittifaqları işçilərə tətil etmək, minimum əmək şəraitinin yaradılması və uşaq əməyinin qadağan edilməsi və ya tənzimlənməsi hüquqlarını verən qanunlar qəbul edilməsinə səbəb olmuşdular. Qadın hüquqlarının müdafiəsi üzrə hərəkat bir çox qadınların səsvermə hüququna nail oldu. Bir çox ölkələrdə milli azadlıq hərəkatı müstəmləkəçiliyə son qoyulmasına müvəffəq oldu. Ən təsirli hərəkatlardan biri Mahatma Qandinin vətəni Hindistanı Böyük Britaniya hakimiyyətindən qurtarması olmuşdur. Uzun zamandır əzilən irqi və dini azlıqların hərəkatı, eləcə də mülki hüquqlar hərəkatı dünyanın bir çox yerlərində öz məqsədlərinə nail oldu.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsasının qoyulması, 1864-cü il Liber Məcəlləsi və 1864-cü ildə Cenevrə konvensiyalarının birincisinin hazırlanması beynəlxalq humanitar hüququn formalaşmasına təkan verdi. Bütün bunların ardınca iki Dünya müharibəsi baş verdi.
Millətlər Liqası 1919-cu ildə – Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Versal sülh müqaviləsi üzrə müzakirələr aparılarkən yaradılmışdır. Liqanın məqsədi silahsızlanma, kollektiv təhlükəsizlik vasitəsilə müharibənin qarşısının alınması, danışıqlar, diplomatiya və qlobal rifahın yaxşılaşdırılması vasitəsilə ölkələr arasındakı mübahisələrin həll olunması idi. Nizamnamədə də qeyd olunduğu kimi, Liqaya hüquqların böyük bir qismini təşviq etmək tapşırılmışdı, hansı ki bu hüquqlar sonralar Ümumdünya İnsan hüquqları Bəyannaməsinə daxil edilmişdir.
Millətlər Liqasının üzərinə koloniyadan müstəqil dövlətə keçid dövründə Qərbi Avropanın müstəmləkəçi dövlətlərinin köhnə koloniyalarına dəstək verməsi üçün təşviq etmək öhdəliyi qoyulmuşdu. Millətlər Liqasının qurumu kimi yaradılmış, sonralar BMT-nin tərkib hissəsinə çevrilmiş Beynəlxalq Əmək Təşkilatının da həmçinin müəyyən hüquqları qorumaq və təşviq etmək kimi vəzifəsi var idi. Müvafiq hüquqlar daha sonra Ümumdünya İnsan hüquqları Bəyannaməsinə daxil edilmişdir:
...hazırda BƏT-in əsas məqsədi qadınlar və kişilərin azadlıq, bərabərlik, təhlükəsizlik və insan ləyaqətinə hörmət şəraitində layiqli və səmərəli işi əldə etməsi üçün imkanları təşviq etməkdir.— Beynəlxalq Əmək Konfransının 87-ci sessiyasında Baş direktorun hesabatı
Ümumdünya İnsan hüquqları Bəyannaməsi (ÜİHB) Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş qeyri-məcburi bir bəyanatdır.[5] Bəyannamə qismən İkinci Dünya müharibəsində törədilən vəhşiliklərə cavab olaraq 1948-ci ildə qəbul olunub. Bu bəyannamə bir qayda olaraq həm dünyəvi, həm də dini xarakterli olmaqla yanaşı insan hüquqları haqqında əsrlərlə formalaşmış təfəkkürün, düşüncənin zirvəsi sayılır. Halbuki ÜİHB məcburi qətnamə deyil. Belə hesab olunur ki, bu qətnamə zaman keçdikcə daha da çox qüvvətlənib, çünki lazım olduqda bəzi milli və digər tribunallar bu qətnaməyə istinad edirlər. Bəyannamə üzv dövlətləri "dünyada azadlığın əsasını təşkil edən, ədaləti və sülhü qoruyan" insan və vətəndaşın bir sıra iqtisadi və sosial hüquqlarının qorunmasına dəvət edir. Bu sənədin qəbul edilməsi, bəzi dövlətlərin hərəkətlərini məhdudlaşdırmaq və dövlətlərə vətəndaşları qarşısında olan öhdəliklərini qəbul etdirmək məqsədilə edilmiş ilk beynəlxalq-hüquqi cəhdi idi.
...bəşəriyyətin bütün üzvlərinin həqiqi ləyaqətinin və bərabər və ayrılmaz hüquqlarının tanınması dünyada azadlıq, ədalət və sülhün əsasıdır— 1948-ci il Ümumdünya İnsan hüquqları Bəyannaməsinin preambulası
ÜİHB-nin mətni 1947-ci ildə Hüquqlar haqqında Beynəlxalq Billin müzakirəsini başlatmış Eleonora Ruzveltin rəhbərlik etdiyi İnsan hüquqları Komissiyası tərəfindən yazılmışdır. Komissiyanın üzvləri belə bir hüquqlar haqqında billin forması, eləcə də onun icra olunacağı, həmçinin necə icra olunacağı haqqında dərhal razılığa gəlməmişdilər. Komissiya bəyannamə və ona əlavə ediləcək sənədlərin üzərində işləməyə davam etdi, lakin onların arasında ÜİHB prioritetlik əldə etmişdir.[6] Kanadalı hüquq professoru Con Hamprey və fransız hüquqşünas Rene Kassen, müvafiq olaraq, milli qanunvericiliklərin tədqiqatının böyük bir qismi və sənədin quruluşuna görə məsul idilər. Sənəddə bəyannamənin maddələri preambulanın ümumi prinsipinin şərhi kimi çıxış edirdi. Sənədə quruluş verən Kassen ilk iki maddədə ləyaqət, azadlıq, bərabərlik və qardaşlıq kimi başlıca prinsipləri təsvir etmişdir. Növbəti maddələrdə fərdlərin hüquqları təsbit olunmuşdur: bir-birinə və qruplara münasibətdə fərdlərin hüquqları; mənəvi, ictimai və siyasi hüquqlar; və iqtisadi, sosial və mədəni hüquqlar. Kassenə görə, son üç maddə həyata keçirilməsi zəruri olan məhdudiyyətlər, vəzifələr və ictimai və siyasi quruluş kontekstində yerləşdirilməli idi.[6] Hamprey və Kassenin məqsədi o idi ki, preambulanın üçüncü fəslində də qeyd edildiyi kimi, ÜİHB-dəki hüquqlar müəyyən yollarla qanuni olaraq tətbiq və icra olunsun:[6]
Zərurət olduqda insan özbaşınalıq və zülmə qarşı üsyan etmək üçün son çarə kimi müraciət etmək məcburiyyətində deyilsə, insan hüquqları hüququn aliliyi ilə qorunmalıdır.— 1948-ci il Ümumdünya İnsan hüquqları Bəyannaməsinin preambulası
ÜİHB-nin bir hissəsi bütün qitələrdən və bütün əsas dinlərdən olan nümayəndələr də daxil olmaqla, insan hüquqları üzrə beynəlxalq ekspertlər komitəsi tərəfindən araşdırılmış və yazılmış və Mahatma Qandi kimi liderlərlə məsləhətləşmələr aparılmışdır.[7] Həm mülki və siyasi hüquqların, həm də iqtisadi, sosial və mədəni hüquqların[6][8] daxil edilməsi, əsas insan hüquqlarının bölünməz olduğu və qeyd edilən hüquqların bir-biri ilə sıx əlaqədar olduğu ehtimalına əsaslanırdı. Bu prinsip qəbul edilərkən heç bir üzv dövlət ona qarşı çıxmasa da (bəyannamə Sosialist bloku, aparteid Cənubi Afrika və Səudiyyə Ərəbistanının iştirakı olmadan qəbul edilmişdir), sonralar mühüm çətinliklərə məruz qalmışdır.[8]
Soyuq müharibənin başlaması, ÜİHB-nin dərhal ardından ortaya çıxdıqdan sonra, həm iqtisadi və sosial hüquqların, həm də mülki və siyasi hüquqların bəyannaməyə daxil edilməsi ilə əlaqədar ilkin bölünmələrə yol açdığı düşünülürdü. Kapitalist dövlətlər mülki və siyasi hüquqlara (məsələn, birləşmə və ifadə azadlığı) böyük diqqət yetirməyə çalışırdılar; iqtisadi və sosial hüquqları isə (əmək hüququ və həmkarlar ittifaqına qoşulmaq hüququ kimi) bəyannaməyə daxil etmək istəmirdilər. Sosialist dövlətlər isə iqtisadi və sosial hüquqlara daha çox əhəmiyyət verirdilər və onların daxil edilməsini şiddətlə tələb edirdilər.[9]
ÜİHB-nin məcburi olmamasına baxmayaraq, o, müxtəlif beynəlxalq müqavilələrdə öz əksini tapan beynəlxalq insan hüquqları standartları yaratmışdır.
1966-cı ildə BMT tərəfindən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (MSHBP) və İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt (İSMHBP) qəbul edilmişdir: hər iki sənəd ÜİHB-ndə nəzərdə tutulan hüquqları əhatə edirdi.[10] Müəyyən sayda dövlət tərəfindən ratifikasiya edildikdən sonra hər iki pakt 1976-cı ildə qüvvəyə minmişdir (ABŞ MSHBP-ı 1992-ci ildə ratifikasiya etmişdir).[11] İSMHBP 155 üzv dövlətdən iqtisadi, sosial və mədəni hüquqların fiziki şəxslərə verilməsi istiqamətində işlər görməsini tələb edir.
O vaxtdan etibarən beynəlxalq səviyyədə bir çox digər müqavilələr də təklif edilmişdir. Onlar, ümumiyyətlə, insan hüquqları mexanizmləri kimi tanınırlar. Ən əhəmiyyətliləri isə aşağıdakılardır:
Birləşmiş Millətlər Təşkilatı (BMT) universal insan hüquqlarına dair normaların universal qəbul edilən beynəlxalq yurisdiksiyasına malik yeganə çoxtərəfli hökumət təşkilatıdır.[12] BMT-nin bütün orqanları Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına məsləhətçi rolu var. BMT-nin insan haqları ilə bağlı ən yüksək vəzifəli orqanı İnsan Hüquqları üzrə Ali Komissarlıqdır. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 1–3-cü maddələrinə əsasən, Birləşmiş Millətlər Təşkilatının iqtisadi, sosial, mədəni və ya humanitar xarakterli beynəlxalq problemlərin həllində və irqindən, dilindən, cinsindən və dinindən asılı olmayaraq insan hüquqları və fundamental azadlıqlara hörmətin təşviq edilməsində beynəlxalq əməkdaşlığa nail olmaq kimi beynəlxalq mandatı var.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissiyasını əvəz etmək üçün 2005-ci il Dünya Sammitində yaradılan Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası insan hüquqlarının pozulmasını araşdırmaq səlahiyyətinə malikdir.[13] İnsan Hüquqları Şurası Baş Məclisin köməkçi orqanıdır[14] və birbaşa ona hesabat verir. Qurum, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin şərh olunması ilə əlaqədar son səlahiyyətə malik olan[15] Təhlükəsizlik Şurasından iyerarxiya baxımından aşağıdadır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin gizli səsverməsi və sadə səs çoxluğu ilə seçilən şuraya yüz doqquzun bir üzvü dövlətdən 47-si daxildir. Şura Cenevrədədir və yığıncaqları ildə üç dəfə keçirilir; təcili vəziyyətlərdə isə əlavə yığıncaq keçirilir.[16]
Müstəqil ekspertlər (məruzəçilər) iddia edilən insan hüquqları pozuntularını araşdırır və Şuraya hesabat təqdim edir.
İnsan Hüquqları Şurası, hətta iş Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına daxil olmasa belə, Təhlükəsizlik Şurasından işə baxılması üçün Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməsini xahiş edə bilər.[17]
Səlahiyyətləri birbaşa BMT Nizamnaməsindən irəli gələn siyasi qurumlardan əlavə, BMT əsas beynəlxalq insan hüquqları müqavilələrindən irəli gələn normalara və insan hüquqlarının standartlarına riayət olunmasını müşahidə edən müstəqil ekspertlərin komitələrindən ibarət olan bir sıra müqavilə əsaslı orqanlar da yaratmışdır. Həmin orqanlar müvafiq müqavilələr əsasında yaradılır və fəaliyyət göstərirlər. İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitə istisnadır; belə ki, komitə əslində Paktdan irəli gələn nəzarət funksiyalarının yerinə yetirilməsi məqsədilə İqtisadi və Sosial Şuranın qətnaməsi əsasında yaradılmışdır. Belə orqanlar texniki cəhətdən müstəqil orqanlardır və praktikada Birləşmiş Millətlər Təşkilatı sistemi ilə yaxından əlaqədə olmasına və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı və BMT-nin İnsan Hüquqları Mərkəzi tərəfindən dəstəklənsə də, daha çox müqaviləyə üzv olan dövlətlər qarşısında məsuldurlar.[18]
Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitə əvvəllər bütün yığıncaqlarını Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargahında keçirsə də, hazırda Cenevrədəki BMT-nin İdarəsində keçirir; digər müqavilə orqanları da Cenevrədə toplanır. İnsan hüquqları Komitəsi mart sessiyasını adətən Nyu-Yorkda keçirir.
İnsan hüquqlarını tənzimləyib təşviq edən bir çox sazişlər və regional təşkilatlar var.
Afrika İttifaqı (Aİ) – 55 Afrika dövlətindən ibarət fövqəlmilli ittifaqdır.[22] 2001-ci ildə yaradılmış Aİ-nin hədəfi, əsasən Afrika daxili münaqişələrə son verib effektiv ümumi bazarın yaradılmasına, Afrikada insan hüquqlarına, demokratiyaya, davamlı iqtisadiyyatın yaradılmasına kömək etməkdir.[23]
Afrika ölkələri 1981-ci ildə İnsan və xalqların hüquqları haqqında Xartiya qəbul edərək, insan hüquqları üzrə regional təşkilat yaradıblar. Afrika Xartiyasında kontinentin spesifikası və iştirakçı dövlətlərin vəzifələri nəzərə alınmışdır. İnsan və xalqların hüquqları haqqında Afrika Xartiyasında özünütəyinetmə, müstəmləkəçilik, xarici hökmranlıqla mübarizə məsələləri, sosial-iqtisadi inkişaf, təbii sərvətlər və ehtiyatlar üzərində suveren hüquqların həyata keçirilməsi ön planda durur. Xartiyada xalqların beynəlxalq sülh və təhlükəsizlik hüququ, əlverişli ətraf mühitdə inkişaf etmək hüququ, müstəmləkəçiliyin qalıqlarının tamamilə aradan qaldırılması və Afrika xalqlarının azad inkişaf hüququ da əsas yer tutur. Xartiya İnsan və xalqların hüquqları üzrə Komissiyanın yaradılmasını da nəzərdən keçirmişdir. Bu komissiya hər il öz sessiyasını keçirir. Xartiyanın 62-ci maddəsinə uyğun olaraq iştirakçı dövlətlər hər iki ildən bir Xartiyada nəzərdə tutulmuş hüquq və azadlıqların təmin edilməsi üçün qəbul etdikləri qanunverici və digər tədbirlər haqqında məruzə təqdim etməlidirlər. Komissiyanın funksiyaları haqqında ümumi xüsusiyyətlər ifadə olunub. Xartiyada müzakirə olunan məruzələr üzrə bu orqanın hansı qərar qəbul etməsi, Komissiyanın səlahiyyət normaları haqqında konkret müddəalar yox dərəcəsindədir. Təcrübədə Afrika İnsan Hüquqları Komissiyası yalnız bu və ya digər hüquq və azadlıqların qanunverici təminatı haqqında tövsiyələr verə bilər.[24]
Avropa və Amerikaarası Konvensiyalardan fərqli olaraq İnsan və xalqların hüquqları haqqında Afrika Xartiyasında ayrı-ayrı fərdlərin hüquqlarının pozulması haqqında məlumatlar arasında fərqlər göstərilir. Bu isə Xartiyanın 58-ci maddəsinə uyğun olaraq "xalqların və insanların hüquqlarının çoxsaylı kobud və kütləvi pozulmasının mövcudluğunu" sübut edir. Afrika Komissiyası ona təqdim olunan məlumatı öyrənərək, bu və ya digər ölkədə xalqların və insanların hüquqlarının sistemli olaraq pozulması nəticəsinə gəldikdə, bu barədə Afrika dövlət və ölkə başçılarının assambleyasına məlumat verir. Assambleyanın tapşırığı ilə komissiya bu cür hüquq pozuntularının təhqiqatını aparır və öz məruzəsində nəticələrini və tövsiyələrini əks etdirir. Mövcudluğu ərzində Komissiya insanların hüquqlarının kütləvi pozuntusuna dair onlarla məlumat almışdır. Bütün məlumatlar Afrika dövlət və hökumət başçılarının assambleyası qərar qəbul edənədək diqqətdə saxlanır. Ayrı-ayrı insan hüquq və azadlıqlarının pozulması halları haqqında informasiyaları Komissiya nəzərdən keçirmir.[24]
Afrika hüquqşünaslarından M.Keba Afrika ölkələrinin insan hüquqları sahəsində əməkdaşlığını təhlil edərək, belə qənaətə gəlmişdir ki, bu cür əməkdaşlığın əsasında inkişaf məsələləri, həmçinin, müstəmləkəçilik və irqçiliklə mübarizə durur.[24]
İnsan və xalqların hüquqları üzrə Afrika Komissiyası Afrika İttifaqının kvazi-məhkəmə orqanıdır. Komissiyaya Afrikada insan və kollektivlərin (xalqların) hüquqlarını qoruyub təbliğ etmək, Afrika Xartiyasına zidd məsələlərə nəzarət etmək və fərdi şikayətlərə baxmaq təlimatı verilib. Komissiya üç geniş sahədə məsuliyyət daşıyır.[25]
Bu məqsədlərə çatmaq üçün Komissiyaya sənədlər toplamaq, Afrikada insan və xalqların hüquqları ilə bağlı problemlər mövzusunda tədqiqatlar aparmaq, seminarlar, simpozium və konfranslar təşkil etmək, informasiya yaymaq, insan hüquqları və xalqların haqları məsələləri ilə məşğul olan milli və yerli müəssisələri təşkil etmək etmək tapşırılıb. Bundan başqa Komissiya lazım gələrsə, hökumətlərə öz fikirlərini bildirib, tövsiyələr verə bilər (Komissiyanın Nizamnaməsi, Maddə 45)[25].
İnsan və xalqların hüquqları üzrə Afrika Məhkəməsinin yaradılması ilə (1998-ci ildə yaradılmış və 2004-cü ilin yanvar ayında qüvvəyə minmiş Xartiyanın protokoluna uyğun olaraq), Komissiyanın qarşısında bütün işlərin məhkəmənin yurisdiksiyasına verilməsi və bunun üçün hazırlanması vəzifəsi qoyulacaq.[26] Afrika İttifaqı Assambleyasının 2004-cü il iyul ayındakı qərarına əsasən yaradılacaq İnsan və xalqların hüquqları üzrə Afrika Məhkəməsi, Afrika Məhkəməsi ilə birləşdiriləcək.
Afrika İttifaqının məhkəməsi "ittifaqın ali məhkəmə orqanı" olmaq iddiasındadır (Afrika İttifaqı Məhkəməsinin protokolu, Maddə 2.2).[27] O, hələ yaradılmamasına baxmayaraq, İnsan və xalqların hüquqları üzrə Afrika Komissiyasının öhdəliklərini öz üzərinə götürməyi, Afrika İttifaqının ali məhkəməsi kimi fəaliyyət göstərməyi, zəruri olan bütün qanun və müqavilələri təfsir etməyi öz üzərinə götürmək niyyətindədir. İnsan və xalqların hüquqları üzrə Afrika Məhkəməsinin yaradılması haqqında Protokol 2004-cü ilin yanvar ayında qüvvəyə minib.[28] Lakin onun məhkəmə ilə birləşməsi yaradılmasını gecikdirdi. Məhkəmənin yaradılması ilə bağlı protokol onun 15 ölkə tərəfindən ratifikasiya olunmasından sonra qüvvəyə minəcək.[29]
Bir çox Afrika ölkəsi beynəlxalq ictimaiyyət və qeyri-hökumət təşkilatları tərəfindən insan hüquqlarının pozulması ilə bağlı ittiham olunurlar.[30]
Amerika Dövlətləri Təşkilatı baş qərargahı ABŞ-nin Vaşinqton şəhərində yerləşən beynəlxalq təşkilatdır. Təşkilatın üzvləri Amerikanın otuz beş müstəqil dövlətidir. 1990-cı illər ərzində Soyuq müharibənin sona çatması, Latın Amerikasında demokratiyaya qayıdış və qloballaşma istiqamətində atılan addımlar ilə, ADT yeni kontekstə uyğunlaşmaq üçün özünü yenidən yaratmaq yolunda böyük işlər gördü. Onun prioritetlərinə aşağıdakılar daxildir:[31]
Amerikaarası İnsan Hüquqları Komissiyası Amerika Dövlətləri Təşkilatının müstəqil bir orqanıdır və o da Vaşinqton şəhərində yerləşir. Kosta-Rikanın San-Xose şəhərində yerləşən Amerikaarası İnsan Hüquqları Məhkəməsi ilə bir yerdə Komissiya insan hüquqlarının təbliğatı və müdafiəsi üzrə Amerikaarası sistemi təşkil edir.[32] Komissiya qitədə insan hüquqları pozuntularına dair iddiaları araşdırmaq məqsədilə ildə bir neçə dəfə mütəmadi və xüsusi sesiyalar keçirən daimi orqandır. Onun insan hüquqları üzrə vəzifələri üç sənədə əsaslanır:[33]
Amerikaarası İnsan Hüquqları Məhkəməsi 1979-cu ildə Amerika İnsan Hüquqları Konvensiyasının müddəalarını tətbiq etmək və şərh etmək məqsədilə yaradılmışdır. Odur ki, iki əsas funksiyası qərar qəbul etmək və məsləhət xarakterli rəy verməkdir. Birinci halda məhkəməyə ünvanlanmış xüsusi xarakterli işlərə baxır və qərar qəbul edir. İkinci halda isə ADT-nin orqanları və üzv dövlətlər tərəfindən məhkəmənin diqqətinə çatdırılmış hüquqi şərhlərlə bağlı rəy verir.[34]
Asiya çərçivəsində insan hüquqlarının təşviqi və müdafiəsi ilə əlaqədar təşkilat və konvensiya mövcud deyil. Asiya ölkələri insan hüquqlarına və onların müdafiəsinə yanaşmalarında əhəmiyyətli dərəcədə fərqlənirlər.
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN)[35] 1967-ci ildə İndoneziya, Malayziya, Filippin, Sinqapur və Tayland tərəfindən yaradılmış Cənub-Şərqi Asiyada yerləşən 10 ölkənin coğrafi-siyasi və iqtisadi təşkilatıdır.[36] İndi təşkilata həm də Bruney Sülh Dövləti, Vyetnam, Laos, Myanma və Kamboca daxildir.[35] 2009-cu ilin oktyabrında ASEAN İnsan Hüquqları Hökumətlərarası Komissiyasının açılışı edildi və sonradan ASEAN İnsan Hüquqları Bəyannaməsi ASEAN üzvləri tərəfindən 18 noyabr 2012-ci ildə yekdilliklə qəbul edildi.
22 may 2004-cü ildə Ərəb Dövlətləri Liqasının Şurası tərəfindən İnsan Hüquqalrı haqqında Ərəb Xartiyası qəbul edilmişdir.
1949-cu ildə əsası qoyulan Avropa Şurası Avropada inteqrasiya üçün çalışan ən qədim təşkilatdır. O, beynəlxalq ümumi hüquqla tanınmış hüquqi şəxs statusuna malik beynəlxalq təşkilatdır və BMT-də müşahidəçi statusuna malikdir. Avropa Şurasının qərargahı Fransanın Strasburq şəhərində yerləşir. Avropa Şurası Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsi üçün cavabdehdir.[37] Bu qurumlar Şuranın üzvlərini insan hüquqlarına bağlı edir; bu normalar nə qədər ciddi olsa da, insan hüquqları ilə bağlı BMT sənədlərindəki normalardan daha "yumşaq"dır. Şura həmçinin Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyasını və Avropa Sosial Xartiyasını da təbliğ edir.[38] Üzvlük Avropaya inteqrasiya etməyə çalışan, hüququn aliliyi prinsipini qəbul edən və demokratiya, əsas insan hüquq və azadlıqlarına zəmanət vermək niyyətində olan və onları təmin edə biləcək bütün Avropa dövlətlərinə açıqdır.[39]
Avropa Şurası Avropa İttifaqından ayrıdır, lakin sonuncunun Avropa Konvensiyasına və potensial olaraq Şuranın özünə daxil olması gözlənilir. Avropa İttifaqının həmçinin özünün ayrıca insan hüquqları sənədi də var: Avropa İttifaqının Fundamental Hüquqlar Xartiyası.[40]
Avropa İnsan Hüquqları Konvensiyası 1950-ci ildən etibarən Avropada insan hüquqları və əsas azadlıqlarını müəyyən və təmin edir.[41] Avropa Şurasının bütün 47 üzv dövləti Konvensiyanı imzaladığından Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsinin yurisidiksiyasına tabedirlər.[41] İşgəncə və qeyri-insani və alçaldıcı rəftarın (Konvensiyanın 3-cü maddəsi) qarşısını almaq məqsədilə İşgəncə əleyhinə Avropa Komitəsi yaradılmışdır.[42]
İnsan hüquqları müxtəlif təsnifat sistemlərinə tabedir. İnsan hüquqlarının ən sadə təsnifatı onların mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlara ayrılmasıdır. Universal və regional səviyyədə bağlanan müqavilələr çox zaman bu bölgüyə uyğunlaşdırılır. Geniş yayılmış daha bir təsnifat isə tarixi meyara söykənir. Söhbət 1979-cu ildə Strasburqdakı Beynəlxalq İnsan Hüquqları İnstitutunun üzvü çex-fransız alimi Karel Vasak tərəfindən irəli sürülmüş "insan hüquqlarının üç nəsli" konsepsiyasından gedir. Vasakın bu təsnifatı öz köklərini Avropa hüququndan aldığı kimi, Avropa dəyərlərini əks etdirirdi. Bu konsepsiyaya görə, hazırda mövcud olan bütün əsas insan hüquqları öz inkişaf tarixində üç mərhələ keçmişdir və bu mərhələlər əsasında üç nəsil fərqləndirilir.
İnsan hüquqları nəzəriyyəsi Qərb mədəniyyətinin bir məhsuludur. Qərb ölkələri üstünlüyü daha çox birinci nəsil hüquqlara verirlər. ABŞ-də indiyə kimi, "due process of law" deyilən məhkəmə təminatı ancaq həyat, azadlıq və mülkiyyət hüquqları ilə bağlı mübahisələrdə tətbiq olunur. Avropa qitəsində sosial hüquqlara daha çox diqqət yetirilir, amma birinci dərəcəli hüquqlar orada yenə əsasdır. Məlumdur ki, sosial hüquq dövləti anlayışı hazırda Avropa qitəsində hakimdir. Lakin bunun səbəbləri arasında, eyni zamanda, II Dünya Müharibəsindən sonra Avropada nisbətən güclü olan sosialist hərəkətlər də yer alır. Köhnə sosialist dövlətlər və Asiya ölkələri iqtisadi və sosial hüquqlara daha böyük əhəmiyyət verdikləri halda, birinci nəsil hüquqları isə çox vaxt təmin etməkdən aciz olublar. Məsələn, SSRİ-də pulsuz müalicə, təhsil, istirahət hüquqları təmin edildiyi halda, söz azadlığı kimi əsas hüquqlar qətiyyən tanınmırdı. Bunun əksinə ABŞ-də isə, iqtisadi və sosial hüquqlar mütləq şəkildə təmin olunmalı hüquqlar hesab edilmir.
Həqiqətən də, mülki və siyasi hüquqlar olmadan ikinci nəsil hüquqları təmin etmək mümkün olmadığı kimi, bir insanın mənzili və iş yeri olmadan, aclıq və səfalət içində birinci nəsil hüquqlarını yaşaması çətin görsənir (buna full-belly thesis ("dolu qarın" tezisi) də deyilir). Məhz buna görə, Ümumdünya İnsan hüquqları Bəyannaməsi 1948-ci ildə hazırlananda bu bəyannaməyə həm birinci, həm də ikinci nəsil hüquqlar daxil edilib. Hər iki nəsil hüquqların Ümumdünya İnsan hüquqları Bəyannaməsində yer almasının səbəbi ondan irəli gəlirdi ki, bunların ancaq bir yerdə var olduğu bir sistemdə bu hüquqların təmin edilməsinin mümkün olacağına dair qənaət hakimdir.
Birinci nəsil insan hüquqlarına mülki və siyasi hüquqlar aiddir; Qərb ölkələrinin məşhur sənədlərində yalnız bu hüquqlar öz əksini tapmışdır. Bu hüquqlar əsasən aşağıdakılardır: yaşamaq hüququ; işgəncəyə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmaq hüququ; köləlikdə və ya asılı vəziyyətdə saxlanılmamaq hüququ; azadlıq və toxunulmazlıq hüququ; sərbəst hərəkət etmək hüququ; fikir, vicdan və din azadlığı; sərbəst toplaşmaq hüququ; birləşmək hüququ; dövlət işlərinin aparılmasında iştirak etmək hüququ; və s.
Mülki və siyasi hüquqlar Avropa İnsan Hüquqları Konvensiyasında, Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 3–21-ci maddələrində, habelə 1966-cı il tarixli Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapıb.
Şəxsi hüquqlar hər kəsə aiddir, çox vaxt bu hüququ mülki hüquqlar ilə qarışdırsalar belə, bu hüquqlar vətəndaşlıqdan asılı olmayaraq hər kəsə aiddir. Bu hüquqa vətəndaşlığından, cinsindən, yaşından, irqi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, doğulduğu andan hər kəs sahibdir. İnsan həyatının, ləyaqət və azadlığının qorunması üçün bu hüquq olduqca vacibdir. Şəxsi hüquqlara aşağıdakılar aiddir:
Siyasi hüquq və azadlıqlar şəxsi, sosial, iqtisadi və digər hüquqlardan fərqlənir. Çünki bu hüquq sahibləri mövcud dövlətin vətəndaşları olub onunla əlaqədə olurlar. Siyasi hüquq və azadlıqlar vətəndaşın subyektiv hüquq və azadlıqlarının mühüm kateqoriyasıdır. Onlar insanın həm fərdi, həm də kollektiv şəkildə dövlətin ictimai-siyasi həyatında və idarə olunmasında iştirak etmək imkanı kimi başa düşülür. Bununla da dövlətin vətəndaşdan təcrid olunması aradan qaldırılır. Vətəndaşların siyasi hüquqları bütün digər hüquqların həyata keçirilməsinin zəruri şərtidir, çünki onlar demokratik sistemin üzvi əsasını təşkil edirlər və hakimiyyətin, özünü məhdudlaşdırmalı olduğu dəyərlər kimi çıxış edirlər. Dövlətin təbiətini müəyyən edən faktor, hakimiyyətə nəzarət vasitəsi, demokratik rejimin qiymətləndirici meyarı kimi çıxış edən siyasi hüquq və azadlıqlar mədəni cəmiyyətin məcburi elementləridir. Şəxsi hüquqlardan fərqli olaraq siyasi hüquq və azadlıqların məqsədi insanın muxtariyyətini təmin etməkdən deyil, siyasi prosesin aktiv iştirakçısı kimi təzahür etməsini təmin etməkdən ibarətdir. Bu kateqoriya hüquqların dəyərliliyi ondan ibarətdir ki, onlar dövlət və vətəndaş arasında münasibətlərin möhkəmləndirilməsi üçün şərait yaradılmasına xidmət edirlər[43].Siyasi hüquq və azadlıqlara bunlar aiddir:
XX əsrin əvvəllərində Meksikanın (1917-ci il) və Rusiyanın (1918-ci il) Konstitusiyalarında insan hüquqlarının ikinci nəsil – sosial-iqtisadi və mədəni hüquqlar ortaya çıxır və İkinci Dünya müharibəsindən sonra isə bu hüquqlar bir sıra beynəlxalq müqavilələrdə – Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 22–28-ci maddələrində; 1961-ci il Avropa Sosial Xartiyasında; 1966-cı il İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda və s.) ayrıca təsbit olunur. Burada söhbət əsas etibarilə aşağıdakı hüquqlardan gedir: işləmək hüququ; həmkarlar ittifaqı yaratmaq hüququ; tətil hüququ; sosial təminat hüququ; minimal həyat səviyyəsi hüququ; istirahət hüququ; sağlamlığın qorunması hüququ; təhsil hüququ; mədəni həyatda iştirak etmək və mədəni sətvətlərdən istifadə etmək hüququ və s.
Ümumdünya İnsan hüquqları Bəyannaməsində hər iki nəsil hüquqlar birləşdirildiyi halda, 1966-cı il Paktlarında onların ayrı sənədlərdə tənzimlənməsinin səbəbi budur ki, bu hüquqlar fərqli hüquqi rejimə tabedir və dövlətlərə gətirdiyi öhdəliklər də fərqlidir. Sosial hüquqları təmin etmənin həm ideoloji, həm də iqtisadi yönləri var: hər dövlətin şəraiti buna uyğun olmaya bilər. Mülki və siyasi hüquqlar baxımından, vəziyyətin belə bir cəhəti də vardır ki, başda SSRİ olmaqla, bəzi dövlətlərin öz vətəndaşlarına bütün bu hüquqları tanımaq niyyətləri yox idi. Bu səbəblə, bu Paktlara həm qeyd-şərt imkanları gətirildi, həm də hüquqlar ayrı-ayrı sənədlərlə tənzimləndi.
Sosial-iqtisadi hüquqlar fərdin sosial-iqtisadi həyat şəraitinin saxlanılmasına və normativ şəkildə müəyyən edilməsinə aiddir. Bu hüquqlar insanın iş və məişət, məşğulluq, həyat səviyyəsi, sosial müdafiəsi sahəsində vəziyyətini müəyyən edir. Onların həcmi, həyata keçirilməsi səviyyəsi xeyli dərəcədə dövlətin iqtisadiyyatından və ehtiyatlarından asılıdır və buna görə də onların həyata keçirilməsinin təminatları, siyasi hüquqlar və mülki hüquqlarla müqayisədə daha az inkişaf etmişdilər. Sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin vəzifəsi ondan ibarətdir ki, mütərəqqi iqtisadi və sosial islahatlar həyata keçirsin, iqtisadi inkişafın proses və faydasına öz xalqının iştirakını təmin etsin, öz resurslarından hamının bu hüquqdan bərabər imkanlarla yararlanmasını təmin etməklə istifadə etsin. İqtisadi hüquqlar insana təsərrüfat fəaliyyətinin əsas faktorlarına sərbəst sərəncam vermək imkanını təmin edirlər. Sosial hüquqlar insana layiqli yaşam səviyyəsini və sosial müdafiəni təmin edirlər.
İnsan hüquqlarının digər növlərindən fərqli olaraq sosial təminat hüquqlarının xüsusiyyətləri aşağıdakılardır:
Mədəni hüquqlar insanın mənəvi inkişafına təminat verir, hər fərdə siyasi, mənəvi, sosial və mədəni tərəqqinin faydalı iştirakçısı olmağa kömək edir. Mədəni hüquqlara aşağıdakılar aiddir:
XX əsrin 80-ci illərində təsnifata üçüncü nəsil adlanan hüquqlar da əlavə olunub, bunlara kollektiv hüquqlar və həmrəylik hüquqları da deyilir. Lakin bu nəsil hüquqlar haqqında fikir birliyi yoxdur, nələrin bu kateqoriyaya daxil olduğu və bunların hüquqi rejimi mübahisəlidir. Üçüncü nəsil hüquqların yaranması son dövrün inkişaf xüsusiyyətləri ilə izah edilir. Bu izaha görə, indi obyektiv olaraq elə hüquqlar meydana gəlmişdir ki, onlar ayrılıqda fərdə və ya fərdlər qrupuna yox, bütövlükdə məcmuya, xalqa məxsusdur: məsələn, inkişaf hüququ; sülh hüququ; sağlam ətraf mühitdə yaşamaq hüququ və s. Lakin göstərilən hüquqlar tam formalaşmamışdır və onlar dəqiq normativ məzmuna malik deyldir.
Üçüncü nəsil hüquqlarla bağlı hər hansı beynəlxalq sənəd mövcud deyil. Bunun səbəbi həmrəylik hüquqları haqqında tam bir hüquqi və siyasi uzlaşmanın olmaması ilə izah edilir.[44]
Mülki və siyasi hüquqların digər adı, təbii hüquqlardır. Belə adlanma anqlo-sakson hüququndan irəli gələn bir ənənədir. Təbii hüquqlar, mahiyyəti etibarilə universal hüquqlardır: onlar insan əxlaqından ayrılmazdır və davranış və ya inanclara bağlı deyil. Təbii hüquqlar təbii hüquq məktəbinin bir məhsuludur. Bilindiyi kimi təbii hüquq məktəbi, liberalizm axımının öncüsü və ilhamçısı olmuşdur. Avropada təbii hüquq məktəbinin tərəfdarları, Tomas Akvinat başda olmaqla, hüququn mənbəyini Allahda görürlər. Bu məktəbin sekular (dünyəvi) tərəfdarları isə, təbii hüququn mənbəyini təbiətdə görürlər.[45]
Aristotelə çox zaman təbii hüququn atası deyilir,[46] bununla bağlı sübutlara əsasən Tomas Akvinatın əsərlərinə dair şərhlər səbəb olur.[47] Təbii ədalətin təbii hüquqlardan birinə çevrilməsini isə adətən stoaçılarla əlaqələndirirlər.[48]
Təbii hüquq anlayışını qanuni hüquq anlayışı ilə müqayisə etmək mümkündür.[49] Qanuni hüquq dövlət, ya da cəmiyyət tərəfindən vətəndaşların mənfəəti üçün yaradılır. Halbuki təbii hüquqlar, dövlətin tanıyıb-tanımamasından asılı olmayaraq öz-özünə var olan bir hüquqdur. Birinci nəsil hüquqların əhəmiyyəti ondan ibarətdir ki, bunlar insanın əsas, ayrılmaz və ən vacib hüquqlarını təşkil edir. Qanuni hüquqlara isə ikinci nəsil insan hüquqlarını, yəni iqtisadi və sosial hüquqları aid etmək olar. Fransız inqilabının məhsulu olan 1789-cu il tarixli İnsan və vətəndaş hüquqları Bəyannaməsində də təbii hüquqlar tənzimlənmişdir.
Təbii hüquqlara misal kimi, ilk növbədə yaşamaq və azadlıq hüququnu göstərmək olar. Mülkiyyət hüququnu da Con Lokk kimi alimlər təbii hüquqlar arasında görüb, Tomas Cefferson isə mülkiyyəti xoşbəxt olmanın ayrılmaz ünsürü sayıb. Russo mülkiyyəti təbii hüquq saymamaqla bərabər, Hobbs və Lokk ilə bərabər ictimai müqavilə nəzəriyyəsinin müdafiəçiləri kimi, insanların öz təbiətlərinə və ehtiyaclarına görə davranmağı təbii hüquqlardan sayıb; mütəfəkkirə görə bunlar dövlətdən əvvəl gəlir və dövlət tərəfindən bəxş edilməyib. Təbii hüquqlar anlayışının zamanla nəzərə alına bilməyən "meyvələri" ortaya çıxır. Təbii hüquqları pozan şəxslərin məsuliyyəti illər keçdikdən sonra irəli sürülür. Buna misal olaraq, 2009-cu ilin yanvar ayında İspaniya Ali Məhkəməsinin verdiyi qərarı qeyd etmək olar: İsrail hökumətinin bəzi üzvləri, Müdafiə Naziri Binyamin Ben-Eliezer kimi, 2002-ci ildə Qəzzada 15 mülki şəxsin ölümü və 150 nəfərin yaralanması ilə nəticələnən raket zərbələrinə görə insanlığa qarşı cinayət törətdiklərinə görə məhkum olunmuşdu.[50] Birinci nəsil hüquqların bir digər adı da "klassik" hüquqlardır. Bu hüquqlar ona görə klassik adlandırılır ki, bunlar uğrunda mübarizə XVIII əsrin əvvəllərindən bəri daha da artmışdır.
Təbii hüquqlardan başqa, elə amillər və hallar var ki, bunlar təmin edilmədən birinci nəsil hüquqların həyata keçirilməsi xeyli çətin olur. Məsələn, pulu olmayan və çox kasıb bir insan üçün hərəkət (səyahət) azadlığı böyük bir məna və əhəmiyyət kəsb etmir. Digər tərəfdən, təhsil ala bilməyən insan üçün, söz və ifadə azadlığının böyük əhəmiyyəti yoxdur. Habelə əmək hüquqları təmin olunmayan bir insan üçün şəxsi və ailə həyatına hörmət edilmə məsələsi xəyali bir hədəfdir. Lakin ikinci nəsil hüquqların vacib xüsusiyyəti bundan ibarətdir ki, bunlar dövlət tərəfindən tanınır və mahiyyətcə ictimai olan hüquqlardır, yəni insanın cəmiyyət halında yaşamasından irəli gəlir. Bu meyarı nəzərə alaraq, bunları siyasi hüquqlarla qarışdırmaq olmaz, çünki siyasi hüquqlar hər nə qədər cəmiyyətə yönəlik olsalar da, bunların məqsədi və səbəbi azadlıq hüququnu təmin etməkdir. İqtisadi, sosial və mədəni hüquqlar insanın cəmiyyət daxilində özünü ləyaqətli şəkildə inkişaf etdirə bilməsinə yönəlir. Bu səbəblə, ikinci nəsil hüquqları, hardasa birinci nəsil hüquqların dolayı təminatçısı kimi görmək mümkündür. Həqiqətən də, sosial və iqtisadi hüquqların elə bir minimum həddi var ki, o həddin altında həyat tərzinə məruz qalmış insan birinci nəsil hüquqlarından da faydalana bilməz.
İnsan hüquqları üçün nəzərdə tutulan bir digər təsnifat, onları neqativ və pozitiv hüquqlar olaraq ikiyə bölməkdir. Burada dövlətin konkret hüquqa qarşı hansı mövqedə duracağı nəzərdə tutulur.
Əvvəllər hesab olunurdu ki, birinci nəsil hüquqlar neqativ hüquqlardır, halbuki, ikinci nəsil hüquqlar pozitiv hüquqlardır. Bu yanaşma tərzi bir zamanlar düzgün hesab oluna bilərdi. Lakin Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ neqativ hüquqlar baxımından da dövlətin pozitiv öhdəliklərini gətirməyə başladı. Məsələn, yaşamaq hüququna hörmət edən dövlət öz məmurları tərəfindən vətəndaşın həyatına qəsd etməməlidir; bu, neqativ öhdəlikdir. Lakin əgər vətəndaş ehtimal olunan cinayətə qarşı dövlətdən qoruma tələb edirsə, dövlətin o vətəndaşı qoruma kimi bir öhdəliyi yaranır və bu da pozitiv öhdəlikdir. Ona görə, indi "neqativ-pozitiv hüquq" təsnifatından daha çox, dövlətin "neqativ ya da pozitiv öhdəliklərindən" bəhs olunur. Bununla belə, din azadlığı, azadlıq hüququ, məlumat yayma azadlığı kimi hüquqlara, hələ də sırf neqativ hüquq kimi yanaşmaq mümkündür.
XX əsrdə insan hüquqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunmuş Ümumdünya İnsan hüquqları Bəyannaməsi olmuşdur. Bununla əlaqədar olaraq, 1950-ci ildən başlayaraq 10 dekabr İnsan hüquqları günü kimi qeyd edilir.
Bəyannamə 10 dekabr 1948-ci ildə Parisdə BMT Baş Assambleyasının 183-cü plenar iclasında qəbul edilmişdir.[51][52]