İbrahim Məmmədov (kimyaçı)

Məmmədov İbrahim Qərib oğluAzərbaycan kimyaçısı, kimya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, "Neft kimyası və kimya texnologiyası" kafedrasının müdiri

İbrahim Məmmədov
İbrahim Qərib oğlu Məmmədov
Doğum tarixi (53 yaş)
Doğum yeri Baş Göynük, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya elmlər doktoru
Elmi adı professor
Təhsili BDU Kimya fakültəsi
Mükafatları "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

İbrahim Məmmədov 16 oktyabr 1970-ci ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur[1]. 1988-ci ildə Baş Göynük kənd 2 №-li orta məktəbini əla qiymətlərlə bitirmişdir.

1988-1990-cı illərdə həqiqi hərbi xidmət keçmişdir. 1992-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. Həmin il BDU-nun kimya fakültəsinin "Neft kimyası və kimya texnologiyası" kafedrasının nəzdində fəaliyyət göstərən "Alkenilfenollar və karbonilli birləşmələr kimyası" elmi tədqiqat laboratoriyasına kiçik elmi işçi vəzifəsinə işə götürülmüşdür. 2000-ci ildən həmin kafedranın dissertantı olmuş, 2004-cü ildə "Sulfat anhidridilə aktivləşdirilmiş elektrofil reagentlərin bəzi olefinlərə birləşmə reaksiyaları" mövzusunda dissertasiya müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

1997-2007-ci illərdə "Alkenilfenollar və karbonilli birləşmələr kimyası" ETL-də kiçik elmi işçi, 2008-ci ildən həmin kafedranın dosenti, 2015-ci ildən isə professoru vəzifəsində çalışır. "Nüvə Maqnit Rezonansı spektroskopiyasında müasir metodlar" (Bakı-2006, 114 s), "Neft kimyası və neft kimyəvi sintezdən praktikum" (Bakı-2007, 2018, 360 s) adlı dərs vəsaitlərinin, "Ümumi kimya texnologiyası" (Bakı-2011, 308 s), "Karbohidrogen xammalının kimyəvi emalı" (Bakı-2012, 360 s) adlı dərsliklərin, eləcə də "Dynamic NMR spectroscopy" (Moscow-2018, 226 p) adlı monoqrafiyanın müəllifidir.

2011-ci ildə "Alkenilfenollar əsasında funksionaləvəzli birləşmələrin sintezi və onlarda müxtəlif dinamik effektlərin NMR metodu ilə tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və kimya elmləri doktoru elmi dərəcəsini almışdır. Onun əsas elmi tədqiqat istiqamətləri Nüvə Maqnit Rezonansı (NMR) spektroskopiyası, heterotsiklik birləşmələr kimyası, neft kimyası və bioyanacaqlardır.

360-dan çox elmi əsərin, o cümlədən 10 patentin müəllifidir. Əsərləri bir sıra beynəlxalq və respublika elmi konfranslarında məruzə edilmiş, "Molecules", "ChemistrySelect", "Mendeleev Communications", "Magnetic Resonance in Chemistry", "Applied Magnetic Resonance", "Central European Journal of Chemistry", "Russian Journal of Physical Chemistry", "Russian Chemical Reviews", "Journal of The Chinese Chemical Society", "Russian Journal of Organic Chemistry", "Russian Journal of Petroleum Chemistry" və s. kimi nüfuzlu jurnallarda çap olunmuşdur.

Kimya Fakültə Şurasının üzvü, Dissertasiya Şurası sədri, 01 iyul 2019-cu il tarixindən "Neft kimyası və kimya texnologiyası" kafedrasının müdiridir.

BDU-nun 90 və 95 illik yubileylərində "Yuksək ixtisasli kadr hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətə görə" Azərbaycan təhsil nazirinin, eləcə də BDU rektorunun "Fəxri fərman"ları, 100 illik yubileyində isə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının Yubiley Medalı ilə təltif edilmişdir.

Ailəlidir, bir övladı var.

http://chemistry.bsu.edu.az/az/article/475 http://chemistry.bsu.edu.az/az/rub/kafedralar/neft-kimyasi-ve-kimya-texnologiyasi

  1. "Məmmədov İbrahim Qərib oğlu". 2016-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-24.