İbrahim İsmayıl oğlu Zeynalov (27 dekabr 1934, Bakı – 6 mart 2008, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı (1988), SSRİ (1972) və Azərbaycan SSR (1976) Dövlət mükafatları laureatı.
İbrahim Zeynalov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
|
Mükafatları |
İbrahim Zeynalov 1934-cü il dekabrın 27-də Bakı şəhərində anadan olmuşdur. Hələ kiçik yaşlarından sənətə olan böyük marağı onu natamam orta məktəbi bitirdikdən sonra 1951-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib çıxarmışdır. 1956-cı ildə məktəbin heykəltaraşlıq şöbəsini qurtaran İbrahim Zeynalov elə həmin ildən təhsilini Xarkov Rəssamlıq institutunda davam etdirmişdir. O, 1962-ci ildə institutun heykəltaraşlıq fakültəsində ali təhsilini başa vuraraq Bakıya qayıtmış və bütün ömrünü heykəltaraşlıq sənətinə həsr etmişdir.
1957-ci ildən etibarən ən müxtəlif respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısı olan İbrahim Zeynalov özünün sənətkarlıq fəaliyyətini pedaqoji işlə uğurla əlaqələndirmiş, 1971–1973-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1973–1993-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışmışdır. O, 1994-cü ildən 2003-cü ilədək Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru olmuşdur.
Harada işləməsindən və hansı vəzifəni tutmasından asılı olmayaraq, İbrahim Zeynalov milli mədəni irsin təbliği, tədrisi və qorunmasında qüvvə və bacarığını əsirgəməmiş, özünün zəngin bilik və təcrübəsini gənc sənətkarlar nəslinin yetişdirilməsi işinə sərf etmişdir.
Azərbaycanda milli heykəltaraşlıq məktəbinin inkişaf etdirilməsində İbrahim Zeynalovun böyük xidmətləri olmuşdur. Onun monumental heykəl, büst-portret və digər heykəltaraşlıq janrlarında yaratdığı gözəl sənət əsərləri ölkəmizin zəngin ənənələrə malik heykəltaraşlıq mədəniyyətinin parlaq səhifələrindəndir.
İbrahim Zeynalov tarixi şəxsiyyətlərimizin, o cümlədən Mücirəddin Beyləqaninin, Əcəmi Naxçıvaninin, İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, İsmayıl bəy Qutqaşınlının, Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin, Nəriman Nərimanovun və Hacı Zeynalabdin Tağıyevin unudulmaz obrazlarını gözəl abidələrə çevirərək mədəniyyət tariximizə həmişəlik həkk etmişdir. Yüksək bədii-estetik dəyəri, plastik forma rəngarəngliyi və milli koloriti ilə seçilən bu əsərlər Azərbaycan heykəltaraşlığının kamil nümunələri kimi təqdirəlayiqdir. Azərbaycanın müxtəlif guşələrini bəzəyən həmin abidələr artıq şəhər və rayonlarımızın görkəminin ayrılmaz hissəsi olmuşdur.
2008-ci il martın 6-da ömrünün 74-cü ilində vəfat etmişdir.