İcbari tibbi sığorta sistemi (Azərbaycan)

İcbari tibbi sığorta sistemi və onun prinsipləri

[redaktə | mənbəni redaktə et]

İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və Xidmətlər Zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edən sistemdir.

İcbari tibbi sığortanın əsas prinsipləri əhalinin tibbi xidmət almaq hüququna, habelə tibbi xidmətlərin əlçatanlığına və keyfiyyətinin artırılmasına dövlət tərəfindən təminat verilməsi, sığorta ödənişlərinin sığorta haqlarına mütənasibliyinin təmin edilməsi yolu ilə icbari tibbi sığortanın maliyyə sabitliyinin qorunmasıdır.  

İcbari tibbi sığortanın tətbiqi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli və 2018-ci il 16 fevral tarixli Fərmanlarına əsasən 2017-ci ildən etibarən icbari tibbi sığortanın pilot layihə şəklində müvafiq olaraq Mingəçevir şəhəriYevlax rayonu, 2018-ci ildən isə Ağdaş rayonunun inzibati ərazilərində tətbiqinə başlanılıb. Pilot layihə 2019-cu ilin sonunadək davam edib.

Layihə müddətində əhalidən sığorta haqqı tutulmamış və pilot ərazilərdə rəsmi qeydiyyatda olan 343 min 800 nəfər sığortaolunan baza zərfi (1829 adda tibbi xidmət) çərçivəsində ödənişsiz tibbi xidmətlərdən istifadə etmək hüququ əldə etmişdir. Baza  zərfi (əsas xidmətlər) icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığorta olunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. Pilot layihə dövründə baza zərfi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Pilot layihə müddətində səhiyyə xərclərinin maliyyələşməsinə ümumilikdə 101 203, 39 manat vəsait sərf edilmişdir.

Ölkə üzrə tətbiq

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli Qərarı ilə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı təsdiq edilib.

Birinci mərhələdə, 2020-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilib.

İkinci mərhələdə, 2021-ci il 1 yanvar tarixindən 36 şəhər və rayon - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul sözügedən sistemə qoşulub.

Üçüncü mərhələdə, 2021-ci il 1 aprel tarixindən etibarən isə Bakı, Sumqayıt və Abşeronda icbari tibbi sığorta tətbiq edilib.

İcbari tibbi sığortanın ölkə üzrə tətbiqini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli Fərmanına əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) yaradılıb.

Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 dekabr, 2018-ci il Fərmana əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin TƏBİB-in tabeliyini verilməsi təsdiqlənmişdir. Fərmanın icrası məqsədilə 12 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki 3042 dövlət tibb müəssisəsinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul etmişdir.  

İcbari tibbi sığortadan istifadə

[redaktə | mənbəni redaktə et]

İcbari tibbi sığortadan Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə ölkə ərazisində rəsmi əmək müqaviləsi ilə çalışan xarici ölkə vətəndaşları istifadə edə bilərlər.

Tibbi xidmətə ehtiyac yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.

Dövlət tibb müəssisələrində icbari tibbi sığorta ilə müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisəsindən birinə (müqaviləli tibb müəssisələrinin siyahısı) göndəriş verilir.

İcbari tibbi sığorta haqqı

[redaktə | mənbəni redaktə et]

Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlar, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 1 yanvar 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta haqqı toplanılır. Əmək və ya mülki-hüquqi müqavilə əsasında işləyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər  üçün icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi qaydaları “Tibbi sığorta haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə  tənzimlənir.

İcbari tibbi sığorta haqlarının məbləği “Tibbi sığorta haqqında” Qanuna əsasən aşağıdakı kimi müəyyənləşdirilmişdir:

  • Dövlət və neft, o cümlədən qeyri-dövlət və qeyri-neft sektorunda sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur.
  • Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərin aylıq gəlirinin  8000 ₼-a qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 1% miqdarında icbari tibbi sığorta haqqı tutulur.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə müəyyən edilən icbari tibbi sığorta haqqı minimum aylıq əmək haqqından 4% miqdarında ödənilməlidir.

Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər “Tibbi sığorta haqqında” Qanuna əsasən 2025-ci il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər.

Xidmətlər Zərfi

[redaktə | mənbəni redaktə et]

Xidmətlər Zərfi  icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. Xidmətlər Zərfinə 3315 sayda tibbi xidmət daxildir:

  • ilkin tibbi-sanitariya yardımı - 35
  • təcili və təxirəsalınmaz tibbi yardım xidməti - 6
  • ixtisaslaşdırılmış ambulator yardım xidmət - 634
  • laboratoriya xidməti – 931
  • fizioterapiya xidməti – 77
  • invaziv radiologiya xidməti – 32
  • stasionar cərrahi xidmət - 1334
  • stasionar terapevtik xidmət – 266

Ölkədə geniş yayılmış, əlillik və ölüm riski yüksək olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Hazırda ölkə əhalisinə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər göstərilir.

Dərman təminatı

[redaktə | mənbəni redaktə et]

Stasionar müalicə və təcili və təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxildir. Ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya, dərman və tibbi sərf də icbari tibbi sığorta ilə qarşılanır.

Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxil deyil.

İcbari tibbi sığorta ilə 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi və hərbi xidmətə çağırılanların tibbi müayinəsi barədə barədə arayışlar təminata alınıb.

Xidmətlər Zərfinə daxil olmayan xidmətlər

[redaktə | mənbəni redaktə et]

Xidmətlər Zərfi ilə təminata alınmayan tibbi xidmətlərə əsasən dövlət proqramları çərçivəsində müalicəsi nəzərdə tutulan tibbi xidmətlər, kosmetoloji, stomatoloji xidmət (stomatoloq müayinəsi istisna olmaqla), estetik prosedur və əməliyyatlar, süni mayalanma, qazanılmış immun çatışmazlığı sindromunun müalicəsi (QİÇS) daxildir. Xidmətlər Zərfində təminata alınmayan tibbi xidmətlərdən istifadə edən şəxs dövlət proqramlarına daxil olan tibbi xidmətlər istisna olmaqla, öz maliyyə vəsaiti hesabına ödəniş edir.

Göndəriş vərəqəsi

[redaktə | mənbəni redaktə et]

Agentliyin İdarə Heyətinin müvafiq qərarı ilə “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası” təsdiq edilib. Qayda TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə, o cümlədən özəl tibb fəaliyyəti ilə məşğul olan tibb müəssisələrinə tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi şərtlərini müəyyən edir. Göndəriş vərəqəsi tibb müəssisəsində sığortaolunana tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadığı təqdirdə, həmin tibb müəssisəsinin bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə verdiyi yazılı göstərişdir.

Göndəriş vərəqəsi Agentlik ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış tibb müəssisələrinə (dövlət və ya özəl tibb müəssisələri) verilə bilər.

Qaydaya əsasən tibbi göstəriş olduğu hallarda vətəndaşa göndəriş vərəqəsinin iki növü verilə bilər:

  • dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması üçün verilən göndəriş vərəqəsi
  • stasionar tibbi xidmətin göstərilməsi üçün verilən göndəriş vərəqəsi.

Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 gündür.

Ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) sığortaolunanlara ilkin tibbi-sanitariya yardımı göstərən həkimdir. Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir.

Səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası

[redaktə | mənbəni redaktə et]

İcbari tibbi sığortanın tətbiqindən sonra Agentlik tərəfindən "“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Qaydaya əsasən tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, sabit və ya xidmətə görə həvəsləndirici əlavə formasında verilir.