İino UNO Muzeyi (福島市飯野UFOふれあい館, Fukuşima İino UFO Fureaykan?) – Yaponiyanın Fukuşima prefekturasının İino qəsəbəsində yerləşən muzey. Uçan naməlum obyektlərə və yadplanetlilərə həsr olunmuşdur.
İino UNO Muzeyi | |
---|---|
Açılış tarixi | noyabr 1992 |
Ölkə | |
Yerləşir | İino-maçi Aoki[d] |
37°41′15″ şm. e. 140°32′02″ ş. u. | |
ufonosato.com/index.php?… |
Muzeyin yerləşdiyi İino qəsəbəsi Yaponiyada "UNO-ların evi" kimi tanınır və qəsəbənin gəlir mənbələrindən biri UNO turizmidir. Belə ki, burada tez-tez UNO müşahidələri qeydə alınmışdır və iddialara görə qəsəbə ətrafında yerləşən bir çox qayalıq yadplanetlilər tərəfindən qoyulmuşdur. Muzeyin yanında yerləşən Senqanmori dağının əslində yadplanetlilər tərəfindən tikilmiş piramida olduğu, dağdan baza kimi istifadə olunduğu iddia olunur.[1] Qəsəbənin UNO-larla olan əlaqəsini işıqlandırmaq üçün hökumətin dəstəyi ilə 1992-ci ildə İino UNO Muzeyi açılmışdır. Muzeyin indiki direktoru Toşio Kannodur.[2]
Muzey binası uçan boşqab formasındadır. Muzeydə UNO-lar və digər müəmmalara aid 935 CİA sənədi nümayiş etdirilir və sərgilər keçirilir.[2] Muzeyin məqsədi UNO-ların fotolarını və videolarını toplamaq, UNO-lar haqqında tədqiqat işləri aparmaqdır.[3] UNO-lardan bəhs edən 5000-dən çox kitab, foto və digər resursların 3000-i UNO tədqiqatçısı Kiniçi Arayın kolleksiyasına aid olmuş və onun 2002-ci ildəki ölümündən sonra muzeyə bağışlanmışdır. Muzeydə yadplanetlilərin mümkün görünüşlərində olan heykəllər, eləcə də, yadplanetlilərə həsr olunmuş ədəbiyyat və film nümunələri sərgilənir.[2]
Muzeydə 3D virtual teatr, restoran və hədiyyə dükkanı yerləşir. Restoranda UNO-lara həsr olunmuş yapon yeməkləri satılır.[4] Muzeyi hər il 30.000-dən çox şəxs ziyarət edir. 2022-ci ildən etibarən muzeyin 30 illiyi münasibətilə UNO festivalı keçirilir. Festival iştirakçıları yadplanetli kostyumları geyərək paradda və müsabiqədə iştirak edirlər.[2]