İkram Kərimov (hüquqşünas)

Kərimov İkram Heydər oğlu — azərbaycanlı hüquqşünas, Azərbaycan Respublikasının Bank ombudsmanı.

İkram Kərimov
İkram Heydər oğlu Kərimov
Doğum tarixi
Doğum yeri Kürdəmir, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası hüquqşünas
Təhsili ADU Hüquq fakültəsi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı — 2012
"Şöhrət" ordeni"Tərəqqi" medalı "Şərəf nişanı" ordeni "Əmək veteranı" medalı

İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində qulluqçu ailəsində anadan olub. 1959-cu ildə Kürdəmir şəhər orta məktəbini bitirib. 1959-1961-ci illərdə sovxozda fəhlə işləyib. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olub və hüquqşünaslıq ixtisası alıb. İşlə təmin olunmaq üçün Azərbaycan SSR Prokurorluğunun sərəncamına göndərilib. 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub. Dəfələrlə Bakı Dövlət Universitetinin Hüquq fakültəsindəAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında Dövlət İmtahan Komissiyalarına sədrlik edib.

14 aprel 2017-ci ildən Azərbaycan Respublikasının Bank ombudsmanıdır.

Ailəlidir, üç övladı, doqquz nəvəsi var.

Rütbələri, mükafatları və digər fəaliyətləri

[redaktə | mənbəni redaktə et]

SSRİ Baş Prokuroru tərəfindən baş ədliyyə müşaviri xüsusi rütbəsi, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən I ixtisas dərəcəli hakim rütbəsi verilib.

Üstü örtülü qəsdən adam öldürmə hadisələrinə dair cinayət işlərinin istintaq təcrübəsi SSRİ və respublika üzrə dəfələrlə yayılmış və adı prokurorluğun "Ən yaxşı müstəntiqi" fəxri kitabına yazılmışdır. Barəsində ittifaq miqyasında kitab buraxılmış, hüquqa aid jurnallarda oçerklər dərc edilmişdir. Müntəzəm olaraq müxtəlif mətbuat orqanlarında elmi məqalələri çap olunmuş, çıxışları verilmişdir.

"Şərəf nişanı" ordeni, "Tərəqqi", "Əmək veteranı" medalları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, SSRİ Baş Prokurorunun, Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının, Azərbaycan Respublikası Ədliyyə nazirinin Fəxri Fərmanları ilə təltif olunmuşdur. Respublikanın "Əməkdar hüquqşünası" fəxri adına layiq görülüb.

Peşəkar iş fəaliyyəti nəticələrinə görə SSRİ Baş Prokuroru, Azərbaycan Respublikası Prokuroru, Ədliyyə Naziri və Məhkəmə-Hüquq Şurası tərəfindən dəfələrlə təşəkkür və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Ədliyyə Nazirliyinin rəmzi medalı və Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyinin (Assosiyasiyası) yeganə nüsxədə hazırlanmış xatirə medalı ilə təltif edilmişdir.

Bir neçə çağırış Əzizbəyov (Xəzər) rayonu və Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.

SSRİ Prokurorluğu və SSRİ Ədliyyə Nazirliyinin rəhbər işçilərinin ixtisasartırma institutlarını bitirmişdir.

1995-ci ildən həyata keçirilən Məhkəmə-Hüquq islahatını təmin edən qanunvericilik aktları layihələrinin hazırlanmasında yaxından iştirak etmiş, bir sıra beynəlxalq tədbirlərdə - ABŞ, Asiya və Avropa ölkələrində, Avropa Şurasında Azərbaycanı təmsil etmişdir.

Məhkəmə-Hüquq islahatları ilə bağlı məqalələri respublikada və başqa dövlətlərdə çap edilmişdir.

Yeni seçilmiş hakimlərin tədrisində müntəzəm olaraq iştirak edir.

04 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib[1]

  1. İ.H.Kərimovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı