İdxal (en. import ~ ru. импорт ~ tr. ithal)– (lat. importo - daxil edirəm) görünən, görünməyən və kapitalın importu adlanan üç böyük kateqoriyaya ayrılır. Görünən import real əmtəələrin hərəkəti kimi xaricdən alınan məhsulların ölkəyə gətirilməsi və daxili bazarda satılmasını ifadə edir. Görünməyən import isə xidmətlər sferasında ehtiva olunur. Buraya konkret olaraq ölkə vətəndaşlarına xarici kompaniyaların xidmətlər göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan alınan turist yollanışlarının alınması və digər müvafiq təyinatlı xidmətlər aiddir. Kapital importuna isə xarici investorların milli müəssisələrin səhmdarlarına çevrilməsi, onların müvafiq istiqamətli müxtəlif layihələrdə investisiya qoyuluşları ilə çıxış etmələri şamil olunur. Bütün import kateqoriyaları eksportla birlikdə ölkənin tədiyyə balansını təşkil edirlər. Ticarət balansına isə eksport və importun ilk iki kateqoriyası aid olunur. Müsbət ticarət balansı ölkənin iqtisadi vəziyyətinin yaxşı olduğunu ifadə edir. Bu sırada Yaponiya ölkəsi ənənəvi olaraq yüksək müsbət balansa - profisitə malikdir.