İndikator (lat. indicator – göstərici) – Bu və ya digər mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan, mikroorqanizm və biosenozlar. İndikator bitkilər müəyyən ekoloji şəraitlə sıx bağlı olub onların mövcudluğu şəraitə keyfiyyətcə qiymət verən göstərici sayılır. İndikator bitkilər ayrı-ayrı növlərlə və ya fitosenozlarla yayıla bilər. Fitosenoz halında olduqda indikatorlar xüsusiyyətini daha dəqiq oynayır. İndikasiya obyekti torpaq ola bilər, o, bu zaman bitki örtüyünə görə təyin olunur. Bəzi ana süxurları, ağır metallar və digər kimyəvi elementlər də indikasiya obyekti ola bilər. İndikator bitkilər ətraf mühitin vəziyyətinə və onun çirklənmə dərəcəsinə nəzarət etmək üçün mühüm rol oynayır. İndikator bitkilərdən faydalı qazıntılar axtardıqda da istifadə edilir. Geoloji və geobotaniki tədqiqatlarda aerofotoşəkillərin deşifrləşdirilməsində indikator bitkilərin və onların qruplaşmalarının təyin edilməsi əsas metodlardan biri hesab olunur.