İnfrastruktur (Infrastructure) - Hər hansı istehsal və xidmət prosesi üçün yardımçı xarakter daşıyan istehsal və qeyri-istehsal sahələrinin kompleksi. Başlıca istehsal infrastrukturları nəqliyyat, enerji təchizatı, rabitə, təhsil, səhiyyə və iaşə sahələri hesab olunur. Bazar iqtisadiyyatı şəraitində bazar mexanizmlərinin normal fəaliyyətinə yardımçı olan bütün növ təsisatlar da infrasrukturun tərkib hissəsi sayılır və bazar infrastrukturu adlanır. Əmtəə bazarının infrastrukturu dedikdə əmtəə birjaları, topdan və pərakəndə ticarət şirkətləri, auksionlar və s. başa düşülür. Banklar, maliyyə-kredit institutları, fond birjaları, valyuta birjaları, sığorta şirkətləri, broker və diler müəssisələri, auditor şirkətləri və s. maliyyə bazarının infrastrukturu hesab olunur. Eyni qayda ilə, əmək birjaları, əmək bazarında vasitəçi şirkətlər və digərlər bu kimi təsisatlar əmək bazarının infrastrukturunu təşkil edirlər. Bununla yanaşı, bazar münasibətləri şəraitində dövlətin tənzimləyici siyasətini həyata keçirən vasitəçi idarələr, firmalar və digər dövlət təsisatları da bazar infrastrukturunun tərkib hissələri kimi fəaliyyət göstərirlər. Məsələn, antiinhisar və qiymət tənzimlənməsi üzrə dövlət qurumları və s. [1]