Sığorta (ing. Insurance) – şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
İxtisaslaşdırılmış təşkilatlar – sığorta şirkətləri – tərəfindən sığorta etdirənlərin sığorta haqlarından (mükafatlarından) formalaşan, sığorta hadisəsi nəticəsində sığorta etdirənə dəyən zərərin ödənildiyi sığorta fondunun hesabına fiziki və hüquqi şəxslərin əmlak maraqlarının qorunması ilə bağlı olan münasibətlər sistemidir.
Ümumilikdə sığorta istehsal münasibətlərinin mühüm elementlərindən biridir. Bu, istehsal prosesində maddi itkilərin ödənilməsi ilə əlaqədardır və normal, fasiləsiz və müntəzəm təkrar istehsalın əsas şərtlərindən hesab edilir. Sığorta xidmətləri sığorta bazarlarında yayılır. Sığorta bazarı – pul münasibətlərinin xüsusi sferasıdır və burada alqı-satqı obyekti kimi spesifik xidmət – sığorta müdafiəsi, təklif və ona olan tələbatı formalaşdıran pul münasibətləri kimi çıxış edir.
Sığorta könüllü və icbari formalarda həyata keçirilə bilər. Könüllü sığorta sığortaçı ilə sığortalı arasında müqavilə əsasında həyata keçirilir. Sığortanın aparılmasının ümumi şərtlərini və qaydalarını müəyyən edən könüllü sığorta qaydası sığortaçı tərəfindən müstəqil müəyyən olunur. Sığortanın konkret şərtləri sığorta müqaviləsinin bağlanması zamanı müəyyən olunur. İcbari sığorta qanunun qüvvəsi ilə həyata keçirilən sığortadır.
Qanunvericiliyə zidd olmayan aşağıdakı əmlak mənafeləri sığorta obyektləri ola bilər: sığortalının və ya sığorta olunan şəxsin həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə əlaqədar (şəxsi sığorta); əmlakın sahibliyi, istifadəsi və sərəncamlığı ilə əlaqədar (əmlak sığortası); sığortalı tərəfindən ona və ya fiziki şəxsin əmlakına vurulmuş ziyanın, eləcə də hüquqi şəxsə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar (məsuliyyət sığortası).
Ölkə ərazisində yerləşən hüquqi şəxslərin əmlak mənafelərinin (təkrar sığorta və qarşılıqlı sığorta istisna olmaqla) və ölkənin rezidentləri kimi fiziki şəxslərin əmlak mənafelərinin sığortası yalnız sığorta fəaliyyətinin həyata keçirilməsinə lisenziyası olan hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.
Sığortaçılar sığorta agentləri və sığorta brokerləri vasitəsi ilə sığorta fəaliyyətini həyata keçirə bilərlər.
Verilmiş səlahiyyətlərə uyğun olaraq sığortaçının adından və onun tapşırığı ilə fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslər sığorta agentləridir. Sığortalının yaxud sığortaçının tapşırıqları əsasında öz adından sığorta üzrə vasitəçilik fəaliyyətini həyata keçirən sahibkarlar qismində müəyyən olunmuş qaydada qeydiyyatdan keçən hüquqi və ya fiziki şəxslər sığorta brokerlər sayılır.
Bəşər cəmiyyəti yaranandan bəri təbiət və cəmiyyətin inkişaf qanunauyğunluqlarından qaynaqlanan bir sıra ziddiyyətlər müxtəlif formalarda daima özünü büruzə vermişdir. Sözü gedən təbiət-cəmiyyət ziddiyyətinin təzahür formalarından bəziləri müxtəlif təbii fəlakətlər və insan iradəsindən asılı olmayan bir sıra bədbəxt hadisələr şəklində büruzə verir. Həmçinin, zaman-zaman cəmiyyətin öz inkişafı ilə əlaqədar müəyyən xoşagəlməz hadisələr, proseslər baş verə bilər. Belə bir şəraitdə qabaqcadan planlaşdırılmayan və ya proqnozlaşdırılmayan hallar, siyasi-iqtisadi dəyişikliklər, müharibələr, bazar konyukturasının dəyişməsi və s. baş verə bilər, hansı ki, hər hansısa bir fərdin şəxsi vəsaiti hesabına ehtimal edilən təhdidlərin qarşısını almaq qeyri-mümkündür. Bəşər cəmiyyətinin ilkin inkişaf dövrlərində baş verən təbii və qeyri-təbii fəlakətlər, təsərrüfatlara dəymiş böyük ölçülü zərərlər, həmçinin növbəti təhlükələrin baş vermə riski cəmiyyət üzvlərini düşünməyə və çıxış yolları axtarmağa vadar etmişdir. Zaman keçdikcə fərdlər tək başına potensial zərərlərin qarşısını alma iqtidarında olmadıqlarının fərqinə vararaq müəyyən vəsaitlər toplamağa və riskləri öz aralarında "bölüşdürməyə" başlamışdır. İlk addımlara nümunə kimi, inşaatda həlak olmuş şəxslərin ailələrinə yardım toplanılması, dəniz tacirlərinin quldurlara və oğrulara qarşı bir araya gələrək pul fondları yaratması və s. göstərilə bilər. Sonrakı mərhələlərdə bu meyillər get-gedə güclənmiş və ilkin vəsait fondları təkmilləşərək müasir dövrdəki ehtiyat fondlarına, sığorta fondlarına çevrilmişdir[1].
Bazar iqtisadi münasibətləri çərçivəsində hökm sürən davamlı iqtisadi inkişaf müasir sığorta bazarı və onun səciyyəvi cəhətlərinin tədqiq edilməsini zəruri etmişdir. Sığorta bazarı mahiyyətcə tələb və təklifin formalaşdığı, alqı-satqı obyekti sığorta müdafiəsi olan, alıcıların və satıcıların (sığortaçı və sığortalı) görüşdüyü mücərrəd məkanı və ya pul münasibətlərinin xüsusi sosial-iqtisadi strukturunu ifadə edir. Fəaliyyət göstərən sığorta bazarı mürəkkəb və üzvi bir sistemi əhatə etməklə müxtəlif struktur hissələrini özündə cəmləşdirir. Sığorta bazarının mahiyyətini özündə təcəssüm etdirən əsas meyar sığorta cəmiyyəti və ya sığorta kompaniyasıdır. Sığorta kompaniyasının mövcudluğu sayəsində bu və ya digər iqtisadi münasibətlər formalaşır, sığorta fondunun təşəkkülü və istifadəsi prosesi yaranır, şəxsi və korporativ maraqlar bir-birinə qarışır[1].
Qeyd etdiyimiz kimi, müasir bazar iqtisadiyyatı şəraitində bazar subyektləri üçün bir sıra qeyri-müəyyənliklər qaçılmazdır. Bu qeyri-müəyyənliklər isə öz növbəsində zaman-zaman həmin fərdlər üçün müəyyən risklərə, təhlükələrə yol aça bilir. Dövrümüzdə bu tipli qeyri-müəyyənliklər nəticəsində ortaya çıxan təhlükələrin, zərərlərin qarşısını almaq üçün bir sıra çox və vasitələrdən istifadə olunur. Təsadüfi deyil ki, bu gün bir sıra böyük şirkətlərdə ehtimal olunan risklərə qarşı ön tədbirlər görmək üçün ayrıca risklərin idarə edilməsi (risk menecmenti) bölməsi fəaliyyət göstərir. Risklərin idarə edilməsi bir müəssisənin və ya fərdin fəaliyyəti üçün müəyyən problemlərə yol açacaq təhdidlərin öncədən sezilməsi, ehtimal edilməsi və həmin risklərin qarşısını almaq üçün görülən tədbirləri ehtiva edir[1].
Sığortaçı ilə müqavilə bağlanan (sığorta etdirən) və ya xeyrinə sığorta müqaviləsi bağlanan (sığorta olunan), yaxud qanuna görə sığortalanmış sayılan fiziki şəxs (fəaliyyət qabiliyyəti məhdud olan və ya fəalliyyəti qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan, eləcə də fəaliyyət qabiliyyəti olmayan şəxslərdən başqa) və ya hüquqi şəxsdir. Başqa sözlə sığortalı – sığorta polisinə malik, kompaniya və ya şəxsdir. Sığorta polisi isə sığorta haqları və sığorta ödənişlərinin həcmini, ödəmə qaydalarını müəyyənləşdirən, bir sözlə, sığorta müqaviləsini müəyyənləşdirən sənəddir.
Yalnız sığorta və təkrar sığorta fəaliyyətini göstərmək məqsədilə yaradılmış, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada xüsusi razılıq almış hüquqi şəxs olan sığorta təşkilatıdır.
Sığortanın iqtisadi mahiyyəti, onun ictimai məqsədlərində ifadə olunan funksiyalarında daha da açılır. Funksiyalar sığortanın maliyyə sisteminin bir həlqəsi kimi xüsusiyyətlərini aydınlaşdırmağa imkan verən təzahür əlamətləridir. Maliyyə anlayışı öz iqtisadi mahiyyətini hər şeydən əvvəl bölgü funksiyası vasitəsilə ifadə edir. Bu funksiya özünü sığortanın funksiyalarında göstərir. Sığortanın əsas etibarilə dörd əsas funksiyası var. Bunlar aşağıdakılardan ibarətdir:Risk funksiyası, Xəbərdarlıq funksiyası, Yığım(əmanət funksiyası), nəzarət funksiyası. Əsas fuksiya kimi risk funksiyası çıxış edir. Belə ki, zərər həmişə meydana çıxa bilər və hətta hər il təkrar oluna bilər. Sığortanın qarşısında qoyulan məqsədlərə uyğun olaraq sığortaçı təşkilat zərərçəkmiş təsərrüfat subyektlərinə pul yardımı göstərməlidir. Bu çərçivədə fəaliyyət göstərən sığorta riski funksiyası yenidən bölgü münasibətlərini həyata keçirir. Dəyərin pul formasında yenidən bölgüsü, təsadüfi sığorta hadisələrinin baş verməsilə əlaqədar olaraq sığorta iştirakçıları arasında aparılır. Yenidən bölgü münasibətləri sığortanın mahiyyətini əks etdirməklə yanaşı, sığortanın risk funksiyasının həyata keçirilməsində əsas rol oynayır. Sığortanın xəbərdarlıq funksiyası əsasən sığorta fondunun vəsaitlərinin müəyyən hissəsi hesabına sığorta risklərinin azaldılması tədbirlərinin müəyyənləşdirilməsinə istiqamətlənir. Xəbərdarlıq və ya qabaqcadan xəbər vermə funksiyası, əhalinin və ya təsərrüfat subyektlərinin öz mümkün itkilərinin nəticələrini aradan qaldırmağa çağırış olmaqla bütün əmlakın, fəaliyyətin, həyatın və s. sığortalanmasını ifadə edir. Yəni sığorta ehtimal olunan itkilərin zərərsizləşdirilməsidir. Sığortaya görə ayırmalar sığorta fonduna cəlb olunduğu üçün sığorta həm də yığım funksiyasını həyata keçirir. Sığortanın köməyi ilə xeyli miqdarda pul vəsaitlərinin toplanılmasının maliyyə siyasəti baxımından çox böyük əyəmiyyəti var. Sığorta münasibətlərinin əmanət xarakteri daşıması və onun əmanət funksiyası sığorta ayırmaları hesabına sığorta fonduna külli miqdarda pul vəsaitinin toplanması ilə əlaqədardır. Bu isə maliyyə siyasəti baxımından əhəmiyyətlidir. Sığortanın başqa bir funksiyası olan nəzarət funksiyası yuxarıda göstərilən üç funksiyanın nəticəsi kimi çıxış edir və konkret sığorta münasibətləri zamanı həmin funksiyalarla birlikdə meydana çıxır. Nəzarət funksiyası sığorta fondu vəsaitlərinin formalaşdırılması və istifadəsi ilə əlaqədardır. Sığorta nəzarətinin qanunvericilik sənədləri əsasında həyata keçirilməsi maliyyə nəzarətinin həyata keçirilməsinin tərkib hissəsi kimi çıxış edir. Sığortanın ictimai istehsalın fasiləsizliyinin təmin olunmasında və ictimai istehsalın balanslaşdırılmasında rolu özünü əsas etibarı ilə sığortanın aparılmasının son nəticələrində göstərir. Son nəticə dedikdə əsasən sığorta sahələrinin optimallaşdırılması, sığorta əməliyyatlarının inkişaf göstəriciləri, zərərlərin vaxtında aradan qaldırılmasında və s. nəzərdə tutulur.
Sığorta cəmiyyətin ictimai-iqtisadi həyatının bütün tərəflərini əhatə etməklə əhalinin maddi rifahının və sahibkarlıq riskinin zəmanətçisi kimi çıxış edir, gözlənilməz və fövqəladə hadisələr zamanı əmlak mənafelərinin qorunmasına, dövlətin maliyyə sisteminin möhkəmləndirilməsinə təsir göstərir. O, nəinki sığorta hadisələri zamanı büdcəni dəyən zərərlərin ödənilməsindən azad edir, hətta uzunmüddətli investisiyaların mənbəyinə çevrilir. Sığorta ixtisaslaşdırılmış sığorta təşkilatları tərəfindən həyata keçirilir. Bu təşkilatlar dövlət və qeyri-dövlət təşkilatları ola bilər. Onların fəaliyyət sahəsi daxili (məhdud), xarici və yaxud qarışıq sığorta bazarlarını əhatə edir. Sığorta bazarının yüksək inkişafı şəraitində sığorta həm ölkə daxilində, həm də xaricdə həyata keçirilə bilər. Bu sığortanın təşkilati təsnifləşdirilməsidir. İstənilən təsnifləşdirilmənin əsası elə əlamətlərdən ibarət olmalıdır ki, bu bütün həlqələrin qarşılıqlı əlaqələrini təmin etsin. Təsnifatın əsasında iki əlamətin nəzərə alınması mümkündür: sığorta obyektlərinin və sığorta məsuliyyətinin səviyyəsində fərqlər. Bunlara uyğun olaraq iki təsnifləşdirmə tətbiq edilir: sığorta obyektləri üzrə və təhlükəlilik səviyyəsi üzrə. Birinci təsnifat ümumidir, ikincisi isə yalnız əmlak sığortasını əhatə etməklə sahə xarakteri daşıyır.
Sığorta münasibətləri iki formalarda həyata keçirilir:
Məcburi sığorta dövlət tərəfindən qanunvericilik əsasında həyata keçirilməklə cəmiyyətin maraqlarının təmin edilməsi üçün hüquqi və fiziki şəxslərin sığorta edilməsidir. Bu müvafiq sığortalanmış qrupların qəti müəyyən olunmuş sığorta ödənişinin həyata keçirilməsi deməkdir. Yəni maddi zərərlərin ödənilməsi və yaxud digər pul yardımı göstərilməsi lazım gəldikdə bu, təkcə konkret zərərçəkənin marağına deyil, ictimai marağa da xidmət edir. Başqa sözlə desək, sığortanın məcburi forması sığortaçını müdafiə edir. Ona görədə sosial sığorta, hərbi xidmətçilərin sığortası və digər bir neçə sığorta forması bizim ölkədə məcburi sığortadır. Hər bir ölkədə məcburi sığorta obyektləri müxtəlifdir.
Məcburi sığortada bu prinsiplər fərqləndirilir:Sığorta edən müvafiq obyektlərin sığortası üçün məcburi sığorta qanunu tətbiq edir, sığorta olunanlar isə sığorta ödənişlərini ödəməlidir. Qanun, adətən, aşağıdakı məsələləri nəzərə alır: məcburi sığortaya aid edilən obyektlərin siyahısı;
Məcburi sığorta qanununun həyata keçirilməsi bir qayda olaraq dövlət sığorta orqanlarına tapşırılır.
Qanunda göstərilmiş obyektlərin məcburi sığortasının bütünlüklə əhatə olunması. Bunun üçün sığorta orqanları hər il bütün ölkə üzrə sığortalanmış obyektlərin qeydiyyatını aparır, sığorta ödənişlərinin hesablanmasını və müəyyən olunmuş müddətə yığılmasını həyata keçirir.
Qanunda göstərilmiş məcburi sığorta obyektlərinin avtomatik olaraq əhatə olunması. Yəni heç bir məcburi sığorta obyekti kənarda qala bilməz. Sığorta ödənişlərinin ödənilməsindən asılı olmayaraq məcburi sığortanın fəaliyyət göstərməsi. Sığortalananlar, hesablanmış sığorta ayırmalarını ödəmədiyi hallarda məsələyə məhkəmə qaydasında baxılır.
Məcburi sığortanın müddətsizliyi. Sığortaçının sığortalanmış əmlakdan istifadə etdiyi bütün dövr ərzində məcburi sığorta fəaliyyətdə olur. Yalnız sahibsiz və köhnəlmiş əmlak bu sığortaya aid edilmir. Əmlakın başqasına keçməsi vaxtı sığorta dayandırılmır. Bu sığorta yalnız sığortalanmış əmlak öldükdə və ya məhv olduqda öz qüvvəsini itirir. Sığortanın bu formasının həyata keçirilməsinə səlahiyyəti olan orqanlar qanunvericilik əsasında müəyyən edilir.
Məcburi sığortadan fərqli olaraq sığortanın könüllü formasında sığortaçılarla sığorta olunanlar arasında müqavilə könüllü olaraq bağlanılır. Qanunvericiliyə uyğun olaraq könüllü sığortanın hər bir növü üzrə qaydalar müəyyənləşdirilir, dövlət sığorta nəzarəti orqanları tərəfindən lisenziya verilir. Bir qayda olaraq könüllü sığorta müqaviləsi əvvəlcədən müəyyən edilmiş sığorta müddəti üçün bağlanılır. könüllü sığorta forması aşağıdakı prinsipləri özündə birləşdirir: Könüllü sığorta qanuni yolla və könüllü əsaslarla fəaliyyət göstərir. Qanun könüllü sığortaya aid olan bütün obyektləri müəyyənləşdirir. Konkret şərait sığorta qaydaları vasitəsilə tənzimlənir; Sığortada könüllü iştirak. Əgər sığortalama şərtlərinə zidd deyilsə, onda sığortaçının obyekti sığorta etməməyə haqqı yoxdur. Həmin prinsip sığortalanma haqqında ilk tələbdən sonra sığorta müqaviləsinin bağlanmasına təminat verir; Könüllü sığorta obyektlərinin müəyyən hissəsini əhatə edir. Belə ki heç də bütün şəxslər sığortada iştirak etməyi arzulamır. Bundan başqa, sığorta şərtlərinə uyğun olaraq sığorta müqaviləsinin bağlanması üçün bəzi məhdudiyyətlər mövcuddur; Könüllü sığorta həmişə sığorta müddəti ilə məhdudlaşdırılır. Müqavilədə müddətin başlama və sona çatma vaxtı xüsusi olaraq müəyyənləşdirilir. Könüllü sığortada fasiləsizlik yalnız müddət bitməmişdən qabaq təkrar müqavilənin bağlanması yolu ilə müəyyən edilir;
Könüllü sığorta, sığorta ayırmalarının həm bir dəfəyə, həm də dövrü olaraq ödənilməsi şəraitində fəaliyyət göstərir. Könüllü sığorta müqaviləsi yalnız sığorta ayirmalarının birdəfəlik və ya dövrü olaraq ödənilməsi şəraitində qüvvəyə minir. Sığorta ayırmalarının ödənilməsi uzunmüddətli sığorta müqaviləsinin fəaliyyətinin dayandırılmasına səbəb olur. "Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığorta iki əsas sahədən: həyat və qeyri-həyat sığortası sahələrindən ibarətdir. Sığortaçılar bu sahələrdən biri və ya hər ikisi üzrə fəaliyyət göstərə bilərlər. Həyat sığortası –sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa yaxud əlilliyə görə təmamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortaçıya və ya onun varisinə ödənilir. Həyat sığortası müqavilələri uzun müddətə bağlanılır və bu müddətdə yaranmış inflyasiya sığortalıya təminatın verilməsinə maneçilik yarada bilər. Bu baxımdan sığorta şirkəti öz fəaliyyətini elə qurmalıdır ki, sığorta müqavilələri üzrə qəbul etdiyi öhdəlikləri müqavilə ilə müəyyən olunmuş şərtlər çərçivəsində həyata keçirə bilsin. Qeyri-həyat sığortası-sığorta hadisəsi baş verdiyi zaman sığortaçıya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və əmlak mənafeləri ilə bağlı risklərin sığortasıdır.
Əmlakın sığortası zamanı sığorta məbləği müqavilə bağlanması anında onun həqiqi dəyərindən (sığorta dəyərindən) çox ola bilməz. Sığortaçı tərəfindən sığortalının öncə qəsdən aldatmasını sübut etməsi halı istisna olmaqla tərəflər sığorta müqaviləsində müəyyən olunan əmlakın dəyərini mübahisə obyektinə çevirə bilməzlər. Əgər sığorta müqaviləsi ilə müəyyən məbləğdə sığorta ödənişinin ödənilməsi nəzərdə tutulmamışdırsa, sığorta ödəməsi sığorta hadisəsi zamanı sığortalının və ya üçüncü şəxsin sığortalanmışın əmlakına dəymiş birbaşa ziyanın ölçüsündən çox ola bilməz. Sığorta müqaviləsinin şərtləri ilə sığorta ödəməsi məbləği hədlərində natural formada ziyanın kompensasiyası (ödənilməsi) ilə sığorta ödənişinin əvəz olunması nəzərdə tutula bilər. Şəxsi sığorta müqaviləsində sığortaçı ilə sazişə görə sığortalı tərəfindən sığorta məbləği müəyyən edilir. Sığorta təminatı digər sığorta müqavilələrinə görə, eləcə də sosial sığorta, sosial təminat üzrə və ziyanın qaydasında sığortaçıya və ya üçüncü şəxsə çatası məbləğdən asılı olmayaraq ona (sığortaçıya və ya üçüncü şəxsə) ödənilir. Bununla belə sığortaçının ölümü zamanı xeyir güdənə çatası şəxsi sığorta üzrə sığorta təminatı miras əmlakının tərkibinə daxil deyil.
Sığorta müqaviləsinə və ya qanuna müvafiq olaraq sığortaçıya sığortalanın ödəməli olduğu sığorta məbləği sığorta haqqı hesab olunur. Sığorta tarifi sığorta məbləği vahidindən və ya sığorta obyektindən sığorta haqqı dərəcəsidir. İcbari sığorta öhdəlikləri üzrə sığorta tarifləri icbari sığorta haqqında qanunlarda nəzərdə tutulur. Şəxsi sığortanın könüllü növləri, əmlak sığortası və məsuliyyət sığortası üzrə sığorta tarifləri sığortaçı tərəfindən müstəqil hesablanır. Sığorta tarifinin konkret ölçüsü tərəflərin razılığı ilə sığorta müqaviləsində müəyyən edilir. Sığorta obyekti bir neçə sığortaçı ilə birlikdə bir müqavilə üzrə sığortalana bilər (birgə sığorta). Bu zaman hər bir sığortaçının hüquq və vəzifələrini müəyyən edən şərtlər müqavilədə ehtiva olunmalıdır.
Digər sığortaçının (təkrar sığortaçının) sığortalı qarşısında bütün və ya qismən öz öhdəliklərinin icrası riskinin müqavilədə müəyyən edilmiş şərtlərdə bir sığortaçı (təkrar sığortaçı) tərəfindən sığortalanması təkrar sığorta hesab olunur. Təkrar sığorta haqqında müqaviləni təkrar sığortaçı ilə bağlayan sığortaçı sığorta müqaviləsinə uyğun olaraq tam həcmdə sığortalı qarşısında cavabdeh olaraq qalır.
Sığortaçılar öz fəaliyyətinin əlaqələndirilməsi, öz üzvlərinin maraqlarının qorunması və birgə proqramların həyata keçirilməsi üçün ittifaqlar, assosiasiyalar və digər birliklər yarada bilərlər. Bu birliklərin sığorta fəaliyyəti ilə bilavasitə məşğul olmaq hüququ yoxdur. Sığortalıların birlikləri nizamnamələri əsasında fəaliyyət göstərir və sığorta fəaliyyətinə nəzarət üzrə müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatı keçdikdən sonra hüquqi şəxs statusuna malik olurlar.
Sığortaçıların əsas maliyyə sabitliyi onlarda ödənilmiş nizamnamə kapitalının və sığorta ehtiyatlarının, eləcə də təkrar sığorta sisteminin olmasıdır.
Sığorta ehtiyatları sığortaçılar tərəfindən şəxsi sığorta, əmlak sığortası və məsuliyyət sığortası üzrə alınmış sığorta haqqlarından əmələ gəlir. Vergilər ödənildikdən sonra qalan və sığortaçıların sərəncamına daxil olan gəlirlərdən onlar öz fəaliyyətini təmin etmək üçün zəruri olan fondlar yarada bilərlər. Sığortaçılar sığorta ehtiyatlarını və digər vəsaitləri investisiya etmək və digər üsulla yerləşdirmək, eləcə də şəxsi müqaviləyə dair bağlanmış müqavilə üzrə sığorta məbləği həcmində bu müqaviləni bağlayan sığortaçılara borc vermək hüququna malikdir. Öz tədiyyə qabiliyyətini təmin etmək üçün sığortaçılar aktivlərlə onların qəbul etdiyi sığorta öhdəlikləri arasında normativ nisbətlərə riayət etməlidirlər. Bu nisbətlərin hesablanması metodikası və onların normativ ölçüləri sığorta fəaliyyəti üzərində nəzarət üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Xüsusi vəsaitlər və sığorta ehtiyatları hesabına sığortaçıların icrası imkanlarından çox olan həcmdə öhdəliklər qəbul edən sığortaçılar müvafin öhdəliklərin icrası riskini təkrar sığortaçılardan sığortalamalıdır.
Hər hansı bir ölkədə sığorta fəaliyyəti üzərində dövlət nəzarəti sığorta fəaliyyəti üzərində nəzarət üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycanda bu funksiyanı Maliyyə Nazirliyinin Baş Dövlət Sığorta Nəzarəti İdarəsi (hazırda sığorta xidməti) həyata keçirir. Onun əsas funksiyalarına aiddir:
Sığorta bazarı anlayışı iqtisadi ədəbiyyatda iki aspektə izah olunur. Birincisi, sığorta bazarı alqı-satqı bazarı obyekti xüsusi növ defisit əmtəə-sığorta müdafiəsi (sığorta xidmətləri) olan iqtisadi münasibətlərin spesifik bir sahəsidir və burada ona tələb və təklif formalaşır. Bazar sığortası ilə sığortalı arasında üzvi əlaqəni təmin edir. İkincisi, sığorta bazarı sığorta fəaliyyətini həyata keçirən sığorta və təkrar sığorta təşkilatlarının inteqrasiya olunmuş mürəkkəb sistemdir. Sığorta bazarının fəaliyyəti dəyər qanununa və təklif qanununa tabe olur. Sığorta bazarı elə bir iqtisadi münasibətlər sistemidir ki, burada alqı-satqı formalaşır. Sığorta bazarı sığorta xidmətlərinə olan tələb və təklifin miqyasından asılı olaraq daxili, xarici və beynəlxalq növlərə ayrılır. Daxili bazar öz fəaliyyətini müəyyən ərazidə həyata keçirən konkret sığortaçılar tərəfindən sığorta xidmətlərinə olan tələbatın ödəndiyi hər bir ayrıca regionda meydana çıxan bazardır. Xarici sığorta bazarı müəyyən ərazidə sığortaçılarla və sığortalılarla qarşılıqlı əlaqədə olan və daxili bazarın hüdudlarından kənarda yerləşən bazardır. Beynəlxalq (dünya) sığorta bazarı dünya təsərrüfatı miqyasında sığorta və təkrar sığorta fəaliyyətini əks etdirir.
Sığorta marketinqi iki əsas funksiyasını yerinə yetirir:
Sığortaçının praktiki marketinqi aşağıdakı əsas prinsiplərə əsaslanır:
Sığorta marketinqi ümumi marketinq elminin tərkib hissəsi olub, sığortaçı ilə sığortalı arasında qarşılıqlı tələbatların nəzərə alınması ilə qarşılıqlı əlaqələr sistemini ifadə edir. Müasir dövrdə sığorta marketinqi 2 müstəvidə öyrənilir: makroiqtisadi və praktiki. Çünki sığorta marketinqi bir tərəfdə sığorta bazarının hadisəsi hesab edilir və o, sığortanın ifadə forması kimi çıxış edir. Bu baxımdan o, makroiqtisadi predmeyin möxzusuna çevrilir. Digər tərəfdən isə sığorta marketinqi sığorta şirkətlərinin fəaliyyətinin praktiki aləti rolunda çıxış edir. Məhz bu baxımdan marketinqin praktiki tərəffi sığortaçının bazar səmərələiliyinin yüksəldilməsi üçün istifadə etdiyi alətlər çeşidini özündə ifadə edir. Sığorta marketinqinin strukturunda 2 müstəqil istiqamət müəyyənləşir:
Sığorta bazarının tədqiqi marketinqin aparıcı punktu hesab olunur, çünki müştəri tələbatını tədqiq etmədən səmərəli marketinq strategiyası qurmaq qeyri-mümkündür. Əgər tələbat düzgün müəyyən edilmişsə, səmərəli sığorta məhsulu hazırlana və bazarda yerləşdirilə bilər. Bazarın öyrənilməsi üçün müxtəlif informasiya mənbələrindən istifadə olunmalıdır. Xarici mənbələrə əsasən rəsmi dövlət orqanlarının məlumatları, ictimai təşkilatların məlumatları, müxtəlif sorğu mərkəzlərinin məlumatları, hüquq-mühafizə orqanlarının məlumatları, açıq nəşriyyat informasiyaları, o cümlədən internet məlumatları hesab edilir. Daxili informasiya mənbələrinə isə sığorta şirkətlərinin özünün keçirdiyi sorğular, hüquqi və fiziki şəxslər haqqında məlumat bankı, rəqiblərin əldə etdiyi informasiyanın əldə edilməsinə və s. aid edilə bilər. Bazar tədqiq edildikdən sonra onun seqmentləşdirilməsi işi həyata keçirilməlidir. Seqmentləşdirmə istehlakın qrupları üzrə öz məhsullarını maksimal səmərəli yerləşdirməyə imkan yaradır. Sığorta bazarının seqmentləşdirilməsi və texniki seqmentasiya. Marketinq seqmnetləşdirilməsi zamanı sığorta məhsulunun əldə edilməsi zamanı istehlakçıların davranış qaydalarına əsasən sığorta bazarının bölgüsünü özündə ehtiva edir. Texniki seqmentasiya isə sığortalı üçün sığorta hadisəsinin baş verməsi riskinin qiymətləndirilməsini təmin edir. Həm marketinq, həm də texniki seqmentləşdirmə bazarının fiziki şəxslər üzrə istehlakçıları üçün aşağıdakı kriteriyaları özündə ifadə edir:
Sığorta məhsulu dedikdə, sığorta müqaviləsi bağlanan zaman sığortalıya təklif olunan əsas və əlavə xidmətlər çeşidi başa düşülür. Sığorta məhsulunun xüsusiyyəti və sığorta təminatının bütövlüyü birbaşa satış sistemi və sığortaçının qiymət siyasəti əsasında formalaşır. Nəzəri baxımdan sığorta məhsulu məhsulun nüvəsindən və onun qabığından ibarətdir. Sığorta məhsulunun nüvəsinə aşağıdakılar aid edilir:
Tək 2018-ci ildə bütün dünyada sığorta şirkətləri tərəfindən 5 trilyondan çox ABŞ dolları həcmində sığorta haqqı toplanıb.[2]