İnklüziv cəmiyyət

İnklüziv cəmiyyət - sosial ədalət prinsiplərinə əsaslanaraq yaşından, cinsindən, seksual oriyentasiyasından, etnik mənsubiyyətindən, irqindən, qabiliyyətindən, dinindən, immiqrasiya statusundan və sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq bütün fərd və qruplara cəmiyyətə giriş və tam iştirak imkanı verir. İnklüziv cəmiyyətlərə doğru hərəkat mütərəqqi xarakter daşıyır və tədricən baş verir. Təəssüf ki, inklüziv cəmiyyətlərə nail olmaq üçün maneələr yaratmaqda davam edən dərin köklü normalar mövcuddur. İnklüziv cəmiyyətlərin inkişafına mane olan məsələlərə sənədsiz miqrantlar kimi insan hüquqlarının inkar edilməsi, təhsil, səhiyyə kimi sahələrin əlçatan olmaması və s. daxildir. Xüsusilə əlilliyi olan şəxslərin təhsilə çıxışı çox zaman qapalı qalır.[1] İnklüzivlik əlilliyi olan şəxslərin gündəlik fəaliyyətlərə cəlb edilməsi və onların əlil olmayan həmyaşıdlarına bənzər şəkildə resurslar və imkanlara çıxışının təmin edilməsi kimi müəyyən edilir.[2][3] Başqa sözlə inklüziv cəmiyyət fərdin özünü sağlam mühitdə tapması və potensialının cəmiyyət tərəfindən tanınma və cəmiyyətdə sosial əlaqələr qurub inteqrasiya edə bilmə qabiliyyəti hesab edilir. Bu inkişafyönümlülük, təhsil, iş, könüllülük və  başqa formalarda ola bilər.[4]

Sosial müdafiənin genişləndirilməsi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün davamlı inkişaf məqsədlərinə çatmaq üçün zəruridir.[5] İnklüziv cəmiyyətdə haradan gəldiyinizin, kimi sevdiyinizin, xəstəliyiniz və ya əlilliyinizin olub-olmamasının heç bir fərqi yoxdur. Hər kəs cəmiyyətin təşkilində istədiyi kimi iştirak edə bilər.[6] Lakin inklüziv cəmiyyət öz-özünə yaranmır. Bu ilk növbədə seçilən hakimiyyət strukturlarının yürütdüyü islahatlardan asılıdır. Çox təəssüf ki, müasir dünyamızda hələ də öz uzunmüddətli hakimiyyətlərini qoruyub saxlamaq naminə mühafizəkar, qapalı, insan hüquq və azadlıqlarını boğan hökümətlər mövcuddur. İnklüziv cəmiyyətin qurulması yalnız öz xeyri üçün çalışan həmin hökümətlərin yürütdükləri siyasətə uyğun gəlmir. Dünya İqtisadi Forumunun təsisçisi Klaus Şvab 2020-ci ildə bu barədə öz fikirlərini ictimaiyyətə açıqlayarkən qeyd etmişdir ki, böhran qlobal bərabərsizlikləri kəskin şəkildə üzə çıxardı - sərvət boşluqlarının artması, səhiyyə xidmətlərinə qeyri-bərabər çıxış, əmək təhlükəsizliyi və dərinləşən iqlim böhranı. Klaus Şvabın fikrincə, pandemiya vətəndaşların xeyrinə deyil, ilk növbədə özləri üçün çalışan liderlərin maskasını qopardı.[7]

İmtiyazsız və sosial təbəqənin sahib olduğu imkanlara malik olmayan insanlar üçün cəmiyyətlə inteqrasiya və ya cəmiyyətin onlarla inteqrasiyası çətin ola bilər. Cəmiyyətin tamhüquqlu üzvü kimi tanınmaq üçün, bu cür cəmiyyətlər həmin  imtiyazsız insanlar üçün maneələri aradan qaldırmaq istiqamətində addımlar atmalıdırlar.

Komandanın məqsədi diskriminasiyaya məruz qalan, cəmiyyətdən təcrid olunmuş, imtiyazsız və məhdud imkanlı insanların inkişafını dəstəkləməkdir.

İnkişaf perspektivləri

[redaktə | mənbəni redaktə et]

Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edildiyi kimi,  inklüziv cəmiyyət razılaşdırılmış sosial institutlar toplusu olmaqla irq, cins, sinif, nəsil və coğrafiya fərqlərini üstələyən və inklüzivliyi, bərabər imkanları, habelə cəmiyyətin bütün üzvlərinin qabiliyyətini müəyyən etməyi təmin edən cəmiyyətdir.[8] Müasir dünyanın bütün inkişaf etmiş dövlətlərində hazırda bu cür cəmiyyətlərin tam bərqərar olunması üzrə gücləndirilmiş şəkildə çalışmalar gedir. Bu təşəbbüsün ümumi məqsədi fəal olan müxtəlif tərəfdaş təşkilatlarda çalışan tədqiqat, innovasiya, bilik transferi və biliklərin mənimsənilməsində hərəkətverici qüvvələri asanlaşdırmaq və bir araya gətirməkdir. Məqsəd həm də əlilliyi olan insanlar üçün daha inklüziv fiziki və sosial mühit yaratmaq, onların reabilitasiya və sosial inteqrasiyasına dəstək verməkdir.[9]

Cəmiyyət daxili inklüziv fəaliyyət istiqamətləri:
[redaktə | mənbəni redaktə et]
  • Xüsusi qayğıya ehtiyacı olan, fiziki məhdudiyyətli insanlarla işlər
  • Gender məsələləri ilə əlaqəli işlər
  • Bullinq / Qısnama / Uşaqlara qarşı (və ya uşaqların öz aralarındakı) zorakılıq hallarının əleyhinə birləşmək
  • Regionlardakı maddi cəhətdən imtiyazsız insanların savadlılıq dərəcəsini artırmaqla əlaqəli fəaliyyətləri.

İnklüzivlik ayrı-seçkiliyə məruz qalmış, sosial və siyasi proseslər nəticəsində hüquqları pozulmuş cəmiyyət üzvlərinə səlahiyyətlərin verilməsindən ibarətdir. İnklüziv cəmiyyət yerli hökumətin, biznesin və təşkilatların beynəlxalq insan hüquqları standartlarını tətbiq etdiyi və fərdlərin öz hüquqlarını tələb etmək və qərarların qəbul edilməsində iştirak etmək səlahiyyətinə malik olduğu yerdir. Bu cür cəmiyyətlərin qurulmasında çalışan və dünyanın bir çox ölkələrini əhatə edən beynəlxalq təşkilatların fəaliyyətləri sürətlə inkişaf edir. Bu cür təşkilatlara misal olaraq "Raul Vallenberq Institutu"nu göstərmək olar. Bu təşkilatın ədalətli, inklüziv cəmiyyətlərin təsis edilməsi üzrə işlərinin miqyası Avropa, Asiya, Latın Amerikası və hətta Afrikanın bir çox ölkələrini əhatə edir. İnstitut İkinci Dünya müharibəsinin sonunda Macarıstanda on minlərlə yəhudi və digər insanları xilas edən isveçli diplomat ing. Raoul Wallenberg-in adını daşıyır.[10] Bu istiqamətdə tədqiqat və inkişaf institutlarından "UCLL Research & Expertise" araşdırma və ekspertizalar mərkəzi də xüsusilə fərqlənir. Mərkəz xidmətlər, ömür boyu öyrənmə və xüsusi hazırlanmış həll yolları ilə birləşdirilmiş dörd tədqiqat xəttinə diqqət yetirir:

  1. Qarşılıqlı Fəaliyyət və Dialoq - çoxsəsliliyə və ünsiyyət vasitəsilə əlaqəyə diqqət yetirərək müsbət dəyişikliklə mədəniyyətlərarası və empatik dialoqu vurğulayır;
  2. Ayrı-seçkiliyə qarşı bərabərlik - cəmiyyətimizdə irqçilik, müstəmləkəçilik, sosial bərabərlik, gender, çoxdillilik və sosial birləşmə ilə əlaqəli məsələlərə baxır;
  3. İnklüziv öyrənmə və əməkdaşlıq - bütün öyrənənlər üçün (etnik mənsubiyyətindən, cinsindən, əlilliyindən asılı olmayaraq) maksimum öyrənmə və inkişaf imkanlarının yaradılmasına diqqət yetirir. Peşəkarlar arasında əməkdaşlıq vasitəsilə keyfiyyətli və inklüziv təhsilə nail olmaq üçün dəstək verir;
  4. İştirak və əlçatanlıq - yaşayış, iş və istirahət kimi müxtəlif sosial sahələrdə tətbiq edilir.

Ekspertiza mərkəzinin xüsusiyyətləri:

  • iştirakçı və gücləndirici tədqiqat metodologiyasından istifadə
  • həmişə güclü və müxtəlif həssaslıqla işləmək
  • konkret ehtiyaclardan başlamaq
  • milli və beynəlxalq modellərə, ədəbiyyat və araşdırmalara istinad etmək
  • həssas vətəndaşlar, məktəblər, təşkilatlar və şirkətlərlə birgə yaradıcılıqda işləmək.[11]

Heç kəsi geridə qoymamaq vədi 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinin müəyyənedici xüsusiyyətlərindən biridir. Dünyamız iqtisadi və sosial böhranların, ölkələr daxilində və arasında artan bərabərsizliklərlə nəticələnən digər problemlərin mürəkkəb təsiri nəticəsində sürətli sosial transformasiyalardan keçir. İqlim dəyişikliyinin təsiri qeyri-mütənasib şəkildə həssas əhaliyə təsir edərək bərabərsizlikləri daha da artırır. 2030-cu il gündəliyi bütün insanların öz potensialını ləyaqət və bərabərlik şəraitində həyata keçirə biləcəyi dinc, ədalətli və inklüziv cəmiyyətləri nəzərdə tutur. Bərabərsizliklə mübarizə yoxsulluğun aradan qaldırılması, planetin qorunması və davamlı iqtisadi artıma nail olmaq ambisiyaları ilə bağlıdır və onlardan asılıdır. İnklüziv cəmiyyətlərin təmin edilməməsi zorakılıq və etibarsızlığın səbəb amili kimi müəyyən edilir və davamlı inkişafı ləngidir. Məqsəd 1016 birbaşa inklüziv cəmiyyətdən bəhs edir. Bərabər imkanlara və genişləndirilmiş təmsilçiliyə diqqət yetirməklə, bütün dünyada bərabərsizliyi azaltmaqla inklüziv cəmiyyətə daxil olmaq davamlı sülh üçün əsas tələbdir və eləcə də əsas hüquqların qorunmasının zəmanətidir.[12]

İnklüziv cəmiyyətlərdə iqtisadi artımın mexanizmləri Dünya İqtisadi Forumunun səhifəsində yerləşdirilmişdir.[13] Burada iqtisadi artım və sabitlik inklüziv cəmiyyətin əsas məqsədlərindən biri kimi qeyd edilir.

İnsanlara faydaları

[redaktə | mənbəni redaktə et]

İnklüziv cəmiyyətlər yanaşmasının insanlara faydaları tədqiqatlar yolu ilə sübuta yetirilmişdir.[14] Geniş sosial nəticələri əhatə edən inklüziv cəmiyyətlər yanaşmasının insanlara faydaları ilə bağlı bir çox iddialar var. İnklüziv cəmiyyətlərin gözlənilən inkişaf faydaları 2015-ci ildən sonrakı Davamlı İnkişaf Məqsədləri də daxil olmaqla, donor siyasəti düşüncəsində və qlobal dialoqlarda getdikcə daha çox müzakirə olunur. İstənilən təsirlər iqtisadi faydalardan tutmuş digər inkişaf məqsədlərinə, sosial birliyə və davamlı sülhə qədərdir.[15]

Bununla bağlı sübutlara aşağıdakılar daxildir:

İqtisadi artım, məhsuldarlıq və məşğulluq

[redaktə | mənbəni redaktə et]
  • İnklüziv artım yanaşmalarının yoxsulluğun və bərabərsizliyin azaldılmasına təsirinə dair artan sübutlar var, əvvəllər cəmiyyətdən xaric edilmiş qruplar təhsil, məşğulluq və biznes imkanlarına daha çox çıxış əldə edirlər;
  • Gender bərabərliyinin makro səviyyədə artıma, insan kapitalına və əməyin kənd təsərrüfatı məhsuldarlığına müsbət təsir etməklə iqtisadi artımı təşviq edə biləcəyinə dair sübutlar var;
  • Bəzi kəmiyyət sübutları göstərir ki, xidmətlərin genişləndirilməsi iqtisadi artıma səbəb olur.

Digər inkişaf nəticələri, o cümlədən rifah

[redaktə | mənbəni redaktə et]
  • Səs, səlahiyyətləndirmə və hesabatlılıq yanaşmalarının geniş inkişaf nəticələrinə təsiri ilə bağlı məhdud və qeyri-ardıcıl sübutlar mövcuddur;
  • Qadın və qızların təhsili və iqtisadi imkanlarının artması nikahın təxirə salınmasına və gələcək uşaqlar üçün sağlamlıq və təhsil nəticələrinin yaxşılaşmasına töhfə verdiyinə dair sübutlar var;
  • Xidmətlərin daha inklüziv edilməsi və daha geniş cəmiyyətə fayda verərək Minilliyin İnkişaf Məqsədlərinə doğru irəliləyişin yaxşılaşdırılması səylərinin güclü müsbət təsirini nümayiş etdirir.

Sosial birlik, sülh və dövlət quruculuğu

[redaktə | mənbəni redaktə et]
  • Sülhsevər cəmiyyətlər ilə daha inklüziv dövlətlər arasında dövlət-cəmiyyət münasibətlərinin məcburiyyətdən daha çox legitimliyə əsaslanan müsbət əlaqələri, etimad və qruplararası birlik yaradan daha geniş assosiativ həyatla bağlı araşdırmalar var;
  • Sübutlar göstərir ki, inklüziv siyasi nizamlamalar və daha geniş siyasi proseslər dinc cəmiyyətləri inkişaf etdirmək üçün vacibdir.

Lakin inklüzivliyin sülh prosesləri və razılaşmaların siyasi həllini daha əhatəli və yaxud daha davamlı edib etməməsi ilə bağlı sübutlar azdır. Eləcə də gender inklüziv müdaxilələr ilə sülh quruculuğu və dövlət quruculuğu məqsədləri arasında səbəb-nəticə əlaqəsinə dair sübutlar da çox azdır.[16] Bu istiqamətdə araşdırmalar hələ aparılmaqdadır.[17]

  1. "oxfordre inclusive societies". oxfordre.com. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023.09.18.
  2. CDC. "Disability Inclusion | CDC". Centers for Disease Control and Prevention (ingilis). 2019-04-09. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-20.
  3. "Disability Inclusion Overview". World Bank (ingilis). 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-20.
  4. "İnklüziv cəmiyyət". csyo-az.org. 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024.02.22.
  5. "OECD". www.oecd.org. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023.09.18.
  6. "Inclusive society". ZonMw (ingilis). 2023-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-17.
  7. "Клаус Шваб: пандемия как трамплин". euronews (rus). 2020-11-17. 2023-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-18.
  8. "Create an inclusive society". www.sfu.ca (ingilis). 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-18.
  9. "Inclusive Society – Social innovation to create more inclusive physical and social environments". societeinclusive.ca (ingilis). 2023-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-18.
  10. "Universal Respect for Human Rights & Humanitarian Law". The Raoul Wallenberg Institute of Human Rights and Humanitarian Law (ingilis). 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-18.
  11. "Inclusive Society | UCLL Research & Expertise". research-expertise.ucll.be (ingilis). 2022-12-13. 2023-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-18.
  12. https://plus.google.com/+UNESCO. "Thematic Factsheet | Social Inclusion". UNESCO (ingilis). 2021-01-25. 2023-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-18.
  13. "How inclusive societies boost economic growth". World Economic Forum (ingilis). 2015-08-07. İstifadə tarixi: 2023-09-18.
  14. "İnklüziv cəmiyyətin inkişafına töhfə". www.bp.com/az. 2023-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023.11.20.
  15. "Benefits to society of an inclusive societies approach - GSDRC". gsdrc.org (ingilis). 2015-06-26. 2023-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-18.
  16. "Inclusive Society | University of Limerick". www.ul.ie (ingilis). 2022-09-06. 2023-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
  17. "Our research on an inclusive society | Windesheim University of Applied Sciences". www.windesheim.com (holland). 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]