İran körfəzi və Omanda Əfşar fəthləri — İran körfəzi və ətrafındakı əraziləri ələ keçirərək Əfşar imperiyasının körfəzin hegemon dövləti olan bir imperiyaya çevrilməsi nəzərdə tutulur. Bu bölgələri ələ keçirmək üçün edilmiş yürüşlərin hamısı ilk başlanğıcda çox uğurlu idi və bir çox hədəflər ələ keçirilmişdi. Lakin Nadir şah Əfşarın dəryabəyi (admiral) təyin etdiyi Məhəmməd Tağı xan üsyan qaldırdı və bu üsyanın yatırılmasına yönəldilən gücün itirilməsi nəticəsində əvvəlki uğurların bir qismi itirildi. Lakin sonda Məhəmməd Tağı xan ələ keçirildi, üsyan isə yatırıldı və əvvəl itirilmiş məntəqələr geri qaytarıldı.[1]
İran körfəzi və Omanda Əfşar fəthləri | |||
---|---|---|---|
Nadirin yürüşləri | |||
| |||
Tarix | 1730-cu illərdən etibarən 1747-ci ilə qədər | ||
Yeri | İran körfəzi və ətrafı | ||
Nəticəsi | İran körfəzi imperiyanın süqutuna qədər Əfşarların hegomonluğunda oldu. | ||
Ərazi dəyişikliyi | İran körfəzindəki adaların və sahillərin çoxu ya Əfşar hakimiyyəti altına düşdü, ya da ondan asılılığı qəbul etdi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Əfşar imperiyasının bu torpaqlardakı hakimiyyəti Nadir şah Əfşarın öldürülməsinə qədər davam etdi.[2] 1747-ci ildə Nadir şahın sui-qəsd nəticəsində öldürülməsindən sonra bütün Əfşar imperiyasını iç qarışıqlıqlar öz ağuşuna aldı və imperiya parçalandı. Bununla da, körfəzdəki bölgələr mərkəzi hakimiyyət tərəfindən itirildi və yerli hakimlər yenidən hakimiyyətlərini bərpa edə bildilər.[3]
Nadirin İran körfəzini ələ keçirilmək istəməsi onun regionda yenidən imperiyasını əsas dövlət etmək niyyətindən qaynaqlanırdı. Bu yürüşlərə 1730-cu illərdən etibarən başlanmışdı və bu yürüşlərin əksəriyyəti uğurla sonlandırılmışdı. Lakin Nadir şahın bura canişin təyin etdiyi dəryasalar (admiral) Tağı xan yerlərdə işi düzgün təşkil edə bilmədi və vergilərin ağırlığından bezmiş əhali maliyyə məmurlarının Fars vilayətində tələb etdiyi yüksək vergilərə gücü çatmadıqdan sonra iğtişaşlara və üsyana qalxdı. Tağı xan ilk dövrlərdə üsyanı yatırmağa çalışsa da, bunu bacarmadı və özü də üsyana qoşulub, ona rəhbərlik etməyə başladı.
Tağı xan qiyama qoşulan kimi vilayətdəki qoşun dəstələrini öz ətrafında birləşdirməyə başladı. Tağı xan bəyan edirdi ki, körfəzdə dəniz qüvvələrinin komandanı olan Rüstəm xan onunla əlbir olmasa, vilayəti bütünlüklə Nadir şaha qarşı qiyama səfərbər etmək mümkün olmayacaqdır. Mənbənin verdiyi məlumata görə, Tağı xan 20 min nəfərlik bir dəstə ilə Bəndər Abbas yollandı, Rüstəm xanı və onun qüvvələrini öz tərəfinə çəkməyə çalışdı. Amma Rüstəm xan Nadir şaha xəyanət etmədi. Belə olanda Tağı xan sui-qəsd yolunu tutdu. Bəndər Abbas əhalisi və Rüstəm xanın xidmətində olan Fars sərkərdələri arasında belə bir təbliğat aparıldı ki, Nadir şah xəstələnib, malixülya xəstəliyinə tutulub. Gözünə görünənləri, xoşuna gəlib-gəlməyənləri səbəbsiz və sorğu-sualsız qətlə yetirir. Onun xidmətində olan qoşunun döyüşçüləri canlarının qorxusundan qaçıb dağılıblar. Tağı xan belə təbliğatla bildirmək istəyirdi ki, Rüstəm xanın dəstəsində olan sərkərdələr də Nadir şahın qəzəbindən qurtara bilməyəcəklər və ona görə onlardan tələb edirdi ki, Rüstəm xanı öldürsünlər, Bəndər Abbasda olan qüvvələrlə birlikdə Tağı xanın tərəfinə keçsinlər. Tağı xanın bu təbliğatı öz səmərəsini verdi və tezliklə Rüstəm xan öldürüldü. Bununla, Bəndər Abbas və oradakı hərbi qüvvələr də qiyamçıların nəzarəti altına düşdü. Tağı xan vilayətin sərdarı vəzifəsinə təyin edilmiş Kəlbəli xanı da aradan götürməyə müvəffəq oldu. Kəlbəli xanın öldürülməsi 1743-cü il dekabrın əvvəlinə təsadüf edir. Bütünlükdə, bu üsyan 1743-cü ilin sonu, 1744-cü ilin əvvəlində vüsət tapdı.[4][5]
Qiyamın genişlənməsi və Tağı xanın əməlləri haqqında alınan hər məlumat Nadir şahın təşvişini daha da artırdı. Osmanlı dövləti ilə başlanan müharibə onun başını qarışdırdığından bu qiyamın yatırılmasına qarşı dərhal qətiyyətli tədbirlər həyata keçirə bilmədi.
Genişlənən qiyamın qarşısını almaq üçün Nadir şah Omandakı hərbi qüvvələrin komandanı Məhəmməd Hüseyn xan Qırxlını geri çağırıb Tağı xanın üstünə göndərdi. Ona göstəriş verildi ki, Tağı xan əlqol açmamış onun üstünə hücum çəksin və qiyamın qarşısı alınsın. "Aləm Ara-ye Naderi"nin məlumatına görə, Məhəmməd Hüseyn xan Qırxlının 7 minlik dəstəsi Tağı xanın dəstəsi ilə Şirazda qarşılaşdı. Onların arasında 2–3 dəfə döyüş baş verdi. Lakin heç bir tərəf üstünlük qazana bilmədi. Belə olanda Tağı xan hiylə işlədib Məhəmməd Hüseyn xanın dəstəsini Şiraz məhəllələrində pusquya salmaq planına əl atdı. Və niyyətinə də nail oldu. Nadir şah əmin oldu ki, Tağı xan qiyamının yatırılması üçün daha böyük qüvvə Farsa göndərilməlidir. Bu məqsədlə o, Allahverdi xan Qırxlının rəhbərliyi altında 30 minlik bir qoşun dəstəsi təşkil edib İsfahana yola saldı. Həmin qoşun dəstəsi İsfahandan Şiraza doğru üz tutdu.[6]
Allahverdi xan qoşunlarla Şirazın yaxınlığındakı Şah Bağı adlanan yerdə düşərgə saldı. Tağı xan əvvəlcə qaladan kənarda Allahverdi xanla döyüşə girməyi qərara aldı. Onun 10–12 min nəfərlik dəstəsi qaladan çıxıb Nadir şah qüvvələrinin üzərinə hücum etdi. Tərəflər arasında baş verən döyüş bir neçə saat çəkdi. Tağı xan böyük ümidlərlə döyüşə girsə də Allahverdi xanın dəstəsinin müqavimətini qıra bilmədi. Onun dəstəsi böyük itkilər verərək yenidən qala daxilinə qayıtmaq məcburiyyətində qaldı.[7]
"Aləm Ara-ye Naderi"yə görə, Şiraz qalasının mühasirəsi iki ay uzandı. Mühasirənin bu qədər uzanması Nadir şahı qane etmirdi və o öz narahatlığını Allahverdi xana da çatdırdı. Nadir şah Şirazın fəthini tezləşdirmək üçün hətta əlavə hərbi qüvvə də göndərdi. Amma Şiraz qalasının müdafiə imkanları göstərilən bütün cəhdləri nəticəsiz qoydu. Qalanın mühasirəsi üç aya çatanda Tağı xanın sərkərdələri arasında olan narazılıqlar Şirazın ələ keçirilməsinə imkan verdi. Qala divarlarının müdafiəsində dayanan sərkərdələrdən biri ailəsinə aman veriləcəyi təqdirdə qala qapısını açmağa hazır olduğunu bildirdi. Allahverdi xan yazılı şəkildə həmin sərkərdəyə zəmanət verdi və bununla da qala qapılarının açılmasına imkan yarandı. Nadir şah qüvvələrinin qalaya daxil olmasından xəbər tutan Tağı xan oğlu ilə birlikdə qaladan qaçmağa müvəffəq oldu. Amma qala daxilində müqavimət xeyli davam etdi.[8][9]
Nadirin ömrünün son günlərində bəzi problemlər yaşaması, getdikcə qəddarlaşması və durmadan davam edən hərbi yürüşlərin xərclərinin əhali üzərinə qoyulması insanların narazılıqlarının get-gedə artmasına səbəb olurdu. Tədricən bütün ölkəni üsyanlar bürüyürdü.