İsa Əhmədov

İsa Vəli oğlu Əhmədov (1 iyul 1941[1], Qazax rayonu2010, Bakı[3]) — Azərbaycan iqtisadçı alimi, professor, BMT yanında Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü və bu akademiya xətti ilə keçirilən "Dünya informasioloqlarının elitası" müsabiqəsinin qalibi olmaqla xüsusi diploma layiq görülmüşdür. Respublikamızda riyazi üsulların iqtisadiyyatda tətbiqi sahəsi üzrə ilkin tədqiqatçılardan olmaqla kənd təsərrüfatının idarəedilməsi sahəsində tədqiqat aparan ilk alim, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda "İqtisadi-riyazi üsullar" şöbəsinin təsisçisi və müdiri, Azərbaycan Respublikası Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında prorektor, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi çərçivəsində icrası təmin edilən və Dünya Bankı tərəfindən maliyyələşən "Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi layihəsi"nin İnformasiya və məsləhət xidmətləri komponentinin rəhbəri. "Əmək şöhrəti" medalı ilə təltif olunmuşdur.

İsa Əhmədov
Əhmədov İsa Vəli oğlu
Doğum tarixi 1 iyul 1941(1941-07-01)[1]
Doğum yeri SSRİ SSRİ
Azərbaycan Azərbaycan SSR Qazax rayonu Qaymaqlı
Vəfat tarixi
Vəfat yeri Azərbaycan Azərbaycan Bakı
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahələri iqtisadiyyat, idarəetmə
Elmi dərəcəsi Professor [2]
İş yerləri Azərbaycan Dövlət Aqrar Universitetində prorektor, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində yanında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi və Dünya Bankı tərəfindən maliyyələşən “Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi layihəsi”nin İnformasiya və məsləhət xidmətləri komponentinin rəhbəri.
Elmi rəhbəri akademik Vladimir Miloserdov
Mükafatları “Əmək igidliyinə görə” medalı

İsa Əhmədov 1 iyul 1941-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1949-cu ildə Qaymaqlı kəndindəki orta məktəbin 1-ci sinfinə getmiş və 1959-cu ildə həmin məktəbi bitirərək Azərbaycan Kənd Təsərrüfatı institutunun Kənd təsərrüfatının iqtisadiyyatı fakültəsinə daxil olmuşdur. 1964-cü ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda elmi işçi və mühəndis proqramlaşdırıcı vəzifəsində çalışmış, 1967-ci ildə Ümumittifaq Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda "İqtisadi hesablamalarda riyazi üsulların və elektron hesablayıcı maşınların tətbiqi" ixtisası üzrə aspiranturaya daxil olaraq, 1971-ci ildə "Kənd Təsərrüfat məhsullarının tədarük tapşırıqlarının optimal yerləşdirilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Aspiranturanı qurtardıqdan sonra SSRİ Kənd Təsərrüfat Nazirliyinin Baş Hesablama mərkəzinə[4] təyinatla işə göndərilmişdir.

1972-ci ildən 1979-cu ilə kimi Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutuna "İqtisadi tədqiqatlarda riyazi üsullar" şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1979-cu ildən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında "İdarəetmə və hüquq" kafedrasının müdiri, 1990–2000-ci ilə kimi elmi işlər üzrə prorektor vəzifələrində çalışmışdır.

2000-ci ildən ömrünün son günlərinə kimi Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi çərçivəsində icrası təmin edilən və Dünya Bankı tərəfindən maliyyələşən "Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi layihəsi"nin İnformasiya və məsləhət xidmətləri komponentinin rəhbəri vəzifəsində çalışmışdır.

2 mart 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Aqrar İslahat Komissiyasının üzvü təyin edilmişdir.[5] Aqrar İslahat Komissiyasının üzvü kimi aqrar islahatı üzrə qəbul edilən bütün qanuni və hüquqi normativ aktların işlədilməsində iştirak etmişdir.

2000–2010-cu illərdə Azərbaycanda fermerlərə məsləhət milli şəbəkəsinin qurulmasında onun böyük rolu olmuşdur. Əvəz olunmaz xidmətləri sayəsində respublikanın 58 rayonunu əhatə edən 10 regional məsləhət mərkəzi və onların nəzdində fəaliyyət göstərən 201 kənd təlim mərkəzi yaradılmışdır.

2010-cu ilin 23 fevral tarixində vəfat etmiş və doğma kəndi Qaymaqlıda dəfn edilmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Elmi rəhbərliyi ilə 44 nəfər iqtisad elmləri namizədi hazırlanmış. 200-dən yuxarı elmi əsərin, o cümlədən 8 monoqrafiyanın, 28 kitabçanın, 2 dərsliyin və 8 dərs vəsaitinin müəllifidir.

Azərbaycanda aqrar-sənaye kompleksinin idarəetmə problemləri ilə bağlı elmi araşdırmalar aparmış, respublikada aqrar islahatların qanunçuluq əsaslarının və hüquqi normativ bazasının[6] hazırlanmasında yaxından iştirak etmişdir.

Respublikamızda riyazi üsulların iqtisadiyyatda tətbiqi sahəsi üzrə ilkin tədqiqatçılardan olmaqla kənd təsərrüfatının idarəedilməsi sahəsində tədqiqat aparan ilk alimdir. Onun təşəbbüsü ilə o, dövrdə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda "İqtisadi-riyazi üsullar" şöbəsi yaradılmışdır. Uzun illər həmin şöbəyə rəhbərlik etmişdir. Onun rəhbərliyi ilə aqrar sahə üzrə yaradılacaq Baş Hesablama Mərkəzinin strukturu və texniki vasitələrlə təchizatı layihəsi əsaslandırılmış və onun təşkilinə nail olmuşdur. Həmin dövrdə aqrar sahə üzrə bir çox mühüm məsələlərin iqtisadi-riyazi modeli işlənib hazırlanmaqla bir neçə iqtisadi gipoteza əsasında məsələlər həll edilmiş və onların nəticələrindən müxtəlif idarəetmə orqanlarında istifadə edilmişdir.

Keçmiş SSRİ məkanında idarəetmə sistemi və idarəetmə sisteminin hüquqi təminatı üzrə keçirilən seminarlarda, elmi konfrans və simpoziumlarda iştirak etmişdir. Keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1978-ci il tarixli fərmanı ilə "Əmək şöhrəti" medalı ilə təltif olunmuşdur.

1990-cı ildə dərslik, dərs vəsaiti və monoqrafiyalar toplusuna və hazırladığı çoxsaylı elmlər namizədi sahəsində xidmətlərini nəzərə alaraq İ. V. Əhmədova professor elmi adı verilmişdir. Respublikamız müstəqillik əldə etdikdən sonra inkişaf etmiş ölkələrin aparıcı elmi mərkəzləri ilə əməkdaşlıq etməyə başlamışdır. 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü seçilmiş və bu akademiya xətti ilə keçirilən "Dünya informasioloqlarının elitası" müsabiqəsinin qalibi olmaqla xüsusi diploma layiq görülmüşdür. Bolqarıstan, Macarıstan, İspaniya, Çexiya, Amerika Birləşmiş Ştatlarında, Birləşmiş millətlər təşkilatının, Ümumdünya Kənd təsərrüfatı və ərzaq təşkilatının keçirdiyi elmi seminar və simpoziumlarda iştirak etməklə Türkiyə, Fransa, Albaniya, Almaniyada, Hollandiya, Belçika və Danimarkada xidməti ezamiyyətlərdə olmuşdur.

Kitabları və elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Bədii yaradıcılıq və şeirləri

[redaktə | mənbəni redaktə et]

Ömrünün son illərində İ. Əhmədov bədii yaradıcılıqla məşğul ollmuş və bir neçə şeir yazmışdır. "Cağırdı dağlar məni" (toplayan və tərtib edən Nigar İsa qızı Əhmədova).

  1. 1 2 Azərbaycanca Vikipediya. 2002.
  2. "Arxivlənmiş surət". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-23.
  3. "Arxivlənmiş surət". 2020-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.
  4. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
  5. "Arxivlənmiş surət". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-23.
  6. "Arxivlənmiş surət". 2014-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-23.
  7. "Əhmədov, İsa Vəli oğlu". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-23.