Qaymaqlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. İncə dərəsinə aid üç kənddən biridir.
Kənd | |
Qaymaqlı | |
---|---|
41°13′27″ şm. e. 45°08′11″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Gəncə-Qazax iqtisadi rayonu |
Rayon | Qazax rayonu |
İcra nümayəndəsi | Əfəndiyev Fikrət İmralı oğlu |
Tarixi və coğrafiyası | |
Sahəsi | 34.67[1] |
Mərkəzin hündürlüyü | 508 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 2,183[1] nəfər (2010) |
Milli tərkibi | Azərbaycanlılar |
Etnoxronim | İncəlilər (Qazax) |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 22 29 |
Poçt indeksi | AZ 3524 |
1982-ci ildə kənd ərazisinin bir hissəsi SSRİ Mərkəzi Komitəsinin qərarı ilə Ermənistana verilmişdir.[2]
Qaymaqlı kəndi İncə dərəsində yerləşən üç kənddən (Qaymaqlı, Kəmərli, Aslanbəyli) biridir.
Qaymaqlının yerləşdiyi əlverişli coğrafi mühit burada hələ qədim zamanlardan insanların məskən salmasına imkan vermişdir. Kəndin yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi mədəni nümunələr Qaymaqlıda insanların hələ İslamdan əvvəl məskunlaşdığını göstərir. Abidələrin böyük bir qisminin türk mənşəli olması yerli əhalinin türklərlə qədimdən mədəni əlaqələrinin olmasının əyani sübutudur.
İncə dərəsindəki qəbristanlıqda 350-400 illik məzarların olması, bu yerlərin qədimliyindən xəbər verir. Orta əsr mənbələrində və bir sıra arxiv materiallarında Qazaxın, xüsusilə İncə dərəsinin İrandan Tiflisə, oradan da Rusiyaya gedən ticarət yolunun üstündə yerləşməsi ilə bağlı bir sıra maraqlı məlumatlara rast gəlinir. Bu yol Naxçıvan, İrəvan, Avey, İncə dərəsi boyu uzanıb gedirdi. Qazax komendantı Tiflis qubernatoruna göndərdiyi 16 mart 1836-cı il tarixli raportunda göstərirdi ki, İrandan gələn ticarət karvanları daş və meşə yolları ilə bir çox hallarda gömrük rüsumu vermədən Tiflisə doğru yön alırlar. Onlara qarşı tədbirlər görmək cətindir, çünki yerli əhali onları müdafiə edir.
Qazax sultanlığı XVII əsrin sonunda Osmanlı İmperiyasının tabeçiliyinə keçmişdir. Osmanlılar tərəfindən Qazax sultanlığında idarəçiliyi asanlaşdırmaq ücün sultanlığın ərazisi bir neçə obaya bölünmüşdür (İncə, Türkoba, Qazaxlar və s.). İncə obasının ərazisində 30-dan artıq kənd olmuşdur. Bu kəndlərin çoxunun əhalisi türklər idi. İndiki Noyamberyanın bir sıra kəndləri də İncə obasına daxil olmuşdur. Osmanlı İmperiyasının İncə obasında vergi toplamaq ücün olan qeydiyyat dəftəri hazırda Ankarada dövlət arxivində saxlanılır. Həmin dəftərdə İncə obasının üç iri kəndində – Kəmərli, Aslanbəyli və Qaymaqlı qışlağında vergi ödəmək qabiliyyətli imkanlı adamların adları qeyd olunmuşdur. 1700-1723-cü illərdə Qaymaqlı kəndində camaat burada yerləşən türk sancağına (alayına) vergi ödəmişdir. Aslanbəyli kəndindən 20 nəfər, Kəmərli və Qaymaqlı kəndlərindənsə 6 nəfər vergi ödəyəcisi olmuşdur. Həmin qeydiyyat dəftərində Qaymaqlı qışlaq kimi göstərilir. Böyük ehtimal ki, o vaxt qaymaqlılar yay aylarını Dilcan ərazisində, qış mövsümünü isə kəndlərində keçirirmişlər. Buna sübut olaraq 1980-ci ilə qədər mövcud olan Dilican ərazisində (etnik Azərbaycan torpaqları olub, sonradan SSRİ Mərkəzi Komitəsinin qərarı ilə Ermənistana verilmişdir) yerləşən qədim qaymaqlıların qəbirlərini misal göstərmək olar. Qeydiyyat dəftərində o da qeyd olunur ki, kəndin vergi ödəyiciləri hərəsi ilə 2000 axca vergi ödəyirlər.
Qaymaqlı oyk., sadə. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. İncəsu çayının (Kürün qolu) sahilində, Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi özündə qədim türkdilli qaymaq (kımak, kayrnak) tayfasının adını əks etdirir. Qıpçaq tayfa ittifaqına daxil olan qaymaqların əsas hissəsi VIII-IX əsrlərdə Qərbi Sibirdə, İrtış çayının orta axan boyunda yaşamışdır. IX əsrin ortalannda qıpçaqların tərkibində qərbə doğru hərəkət etmiş və Şimali Qafqazda məskunlaşmış, bir hissəsi XI-XII əsrlərdə gürcü çarlannın dəvəti ilə Şərqi Gürcüstana, oradan isə Azərbaycana köçmüşdü.[3]
Qaymaqlı kəndi Qazax rayonunun qərbində, İncə dərəsində, rayon mərkəzindən 32 km şimal-qərbdə, Bakı-Qazax-Tbilisi şose yolundan 8 km aralı, İncəsu çayının (Kürün qolu) sağ sahilində, Gəncə-Qazax düzənliyində yerləşir.
Kəndin ərazisi qərbdən Kəmərli kəndiylə, İncə dərəsinə gedən əsas yoldan şərq istiqamətində Aslanbəyli kəndiylə, çöllük ərazilərdən şimaldan Birinci Şıxlı kəndiylə, cənubdan Qərbi Azərbaycanın Barana rayonunun (Noyemberyan) Qurumsu kəndiylə qonşudur.
İqlimi mülayim qış və isti yayla xarakterizə olunur. Qışı quraq keçir.
Kənd təsərrüfatının əsasını əkinçilik, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, bağçılıq, üzümçülük və narçılıq təşkil edir. Əsas kənd təsərrüfatı bitkiləri taxıl, kartof və başqalarıdır.
Qazax rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |