İsmayıl Hüseynov (tarixçi)

İsmayıl Abbas oğlu Hüseynov (15 dekabr 19108 noyabr 1969, Bakı) — Azərbaycan alimi, akademik, tarix elmləri doktoru adını alan ilk azərbaycanlı (1947), AEA-nın həqiqi üzvü (1958), Azərbaycan SSR Əməkdar elm xadimi.[1][2]

İsmayıl Hüseynov
Doğum tarixi
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı akademik
Təhsili Bakı Dövlət Universiteti
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1969

İsmayıl Hüseynov 15 dekabr 1910-cu ildə anadan olmuşdur. 1928-1933-cü illərdə Bakı Dövlət Universitetinin Şərq fakültəsinin Hüquq şöbəsində təhsil almışdır. 1933-cü ildə Moskva şəhərində SSRİ MİK-si yanında Millətlər İnstitutunun Tarix ixtisası üzrə aspiranturasına daxil olmuşdur.[1][2]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İsmayıl Hüseynov 1941-1944 və 1958-1960-cı illərdə AEA Tarix İnstitutunun direktoru vəzifəsini icra etmişdir. O, 1960–1966-cı illərdə isə AEA İctimai elmlər bölməsinin akademik-katibi kimi fəaliyyət göstərmişdir. İsmayıl Hüseynov 1949-cu ildə AEA-nın müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilmişdir.[1] Habelə akademik 19441948-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Dövlət Universitetinin SSRİ Tarixi kafedrasına rəhbərlik etmişdir.[1][2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İsmayıl Hüseynov 1941-ci ildə fəlsəfə doktoru, 1947-ci ildə isə M.Lomonosov adına Moskva Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru adını alan ilk azərbaycanlı olmuşdur. Alim yüzə yaxın elmi əsərin müəllifidir. Onun 1941–1945-ci illər müharibəsi dövründə çap etdirdiyi "Görkəmli dövlət xadimi Şirvanşah İbrahim" və "Şah İsmayıl Səfəvi" əsərləri həmin dövlət xadimlərinə Azərbaycan tarixşünaslığında obyektiv qiymət verilməsi baxımından böyük əhəmiyyət kəsb edir.[1][2]

Akademik Ə.S.Sumbatzadənin qeyd etdiyi kimi, Səfəvi dövlətinin erkən dövründə Azərbaycan dövləti olması haqqında tarixşünaslıqda ilk dəfə İ.A.Hüseynov fikir söyləmişdir. İ.A.Hüseynov 3 cildlik "Azərbaycan tarixi"nin nəşrə hazırlanması işinə rəhbərlik edən şəxslərdən, müəlliflərindən və redaktorlarından biri olmuşdur. İsmayıl Hüseynovun rəhbərliyi altında 40-dan artıq namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur. İ.A.Hüseynov 1960-cı ildə İsveçdə, 1964-cü ildə Hindistanda, 1965-ci ildə isə Avstriyada tarixçilərin və şərqşünasların beynəlxalq konqreslərində məruzələrlə çıxış etmiş, Azərbaycan tarix elmini təmsil etmişdir.[1][2]

Akademik İ.A.Hüseynov Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuş və 31 oktyabr 1969-cu ildə "Azərbaycan SSR Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.[1][2]

İsmayıl Hüseynov 8 noyabr 1969-cu ildə vəfat etmişdir.[1][2]

  1. 1 2 3 4 5 6 7 8 "İsmayıl Abbas oğlu Hüseynov". 2017-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-13.
  2. 1 2 3 4 5 6 7 "Hüseynov İsmayıl Abbas oğlu" (Azərbaycan). science.gov.az. 24-7-2021 tarixində arxivləşdirilib.