İsokiçi Komine (17 iyul 1867, Şimabara, Naqasaki prefekturası – 3 oktyabr 1934, Rabaul) – yapon əsilli Avstraliya fermeri, mirvari ovçusu və biznesmeni. Alman Yeni Qvineyasının ilk yapon sakini və yerli yapon icmasının lideri olmuşdur.
İsokiçi Komine | |
---|---|
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | 3 oktyabr 1934 (67 yaşında) |
Vəfat yeri |
|
İsokiçi Komine 17 iyul 1867-ci ildə Yaponiyanın Şimabara şəhərində doğulmuşdur.[1] 1890-cı ildə Avstraliyanın Tersdi adasına miqrasiya etmişdir. O, mirvari ovu ilə məşğul olmağa başlamış və öz lugerini almışdır.[1] 1894-cü ildə qayıq tikintisinə maraq göstərmişdir.[1] O, 1895-ci ildə kənd təsərrüfatına yararlı torpaqlar tapmaq üçün Yeni Qvineyanın Binaturi və Flay çayları boyunca səyahət etmiş, lakin kəşflərindən yararlanmaq üçün kapital tapa bilməmişdir.[1]
Komine 1901-ci ildə Avstraliyanın Kerns şəhəri yaxınlığında torpaq alıb şəkər yetişdirmək istəsə də, Avstraliya vətəndaşlığına qəbul edilmədiyi üçün uğursuz olmuşdur.[1] Britaniya Yeni-Qvineyasında daimi yaşama icazəsi də qəbul edilməmişdir.
Komine 1901-ci ildə Alman Yeni Qvineyasına köçmüşdür.[2] Rabaulda ilk işi hökumət üçün ağac kəsmək olmuşdur.[1] Daha sonra əməliyyatlarını genişləndirərək miçarçılıq, əkinçilik, gəmiqayırma, xarici ticarət, pərakəndə satış ilə məşğul olmağa başlamışdır.[1] 1910-cu ildə Manus, Los-Neqros və Rambutyo adalarındakı plantasiya ərazisini hökumətdən 30 illik icarəyə götürmüşdür.[1] 1911-ci ildə Rabaulda tərsanə və ümumi mağaza tikdirmişdir.[1] 1919-cu ildə plantasiyalarında 163 (8-i yapon), tərsanəsində isə 144 (35-i yapon) nəfər işləyirdi.[1] O, Yeni Qvineyada yapon icmasının formalaşmasında vacib rol oynamışdır.
Birinci dünya müharibəsi zamanı Komine Avstraliya hökuməti üçün işləmişdir.[1] 1914-cü ildə Admiralti və Qərb adalarını işğal etmək üçün və Talaseada "Komet" buxarlı yaxtasını ələ keçirmək üçün göndərilmiş Avstraliya ekspedisiyalarının pilotu olmuşdur.[1] O, H.R.Vahlenin düşmənə məlumat ötürməsi barədə Avstraliya hökumətini xəbərdar etmiş və buna görə də Avstraliya hökuməti Vahlenin mirvari ovu hüquqlarını Komineyə vermişdir.[1]
Yaponiya və Avstraliya ilə birbaşa ticarət etmək istəyən Kominə 1917-ci ildə "Nanyo Sangyo" adlı şirkət qurmuşdur.[1] Lakin Hyuz hökuməti əcnəbi şəxslərin Avstraliyada sıxışdırmaq istədiyi üçün Komineyə biznesini genişləndirməyə imkan verməmişdir.[1] Maliyyə problemləri yaşadığı üçün 1930-cü ildə mülklərini başqa bir şirkətə transfer etmişdir.[1] 3 oktyabr 1934-cü ildə Rabaulda qida zəhərlənməsindən ölmüş və yapon sakinlərinin məzarlarının yerləşdiyi botanika bağında dəfn olunmuşdur.[1]
1930-cu illərdə Yaponiyanın Papua-Yeni Qvineyada siyasi marağı nəticəsində Komine nanşin-ron tərəfdarları tərəfindən milli qəhrəman kimi təqdim olunmağa başlanmışdır.[2] 1935-ci ildə "Sande mainichi" qəzeti "Alman gəmisini sadəcə bir yapon qılıncı ilə tutan şəxs, Şova dövrünün Yamada Naqamasası: Cənub dənizlərinin pioneri İsokiçi Komine" adlı məqalə yayımlanmışdır.[2] Bu məqalədə Kominenin ekspedisiya təşkil etməsi, "Komet" gəmisini tapması, yapon qılıncı ilə göyərtəyə çıxması və alman komandirini əsir götürməsi təsvir olunmuşdur.[2] Məqaləyə görə Kominə alman komandirinin Rabauldakı ailəsinə baxmış və alman komandiri ona təşəkkür etmişdir.[2] Məqalənin yazıldığı dövrdə Komine artıq ölü olduğu üçün bu faktların həqiqətə nə qədər uyğun gəldiyi bilinmir.[2]
Kamico Fukahaşi 1941-ci ilin aprelində yazdığı "On min il uzaqlıqda müharibə cəbhəsi: Cənub dənizlərinin Birinci dünya müharibəsi tarixi" kitabına bu məqaləni də daxil etmişdir.[2]