İstiqlal (qəzet, 1990)


İstiqlal
Baş redaktor Zərdüşt Əlizadə
Yaranma tarixi 1990
Siyasi mənsubiyyət Azərbaycan Sosial Demokrat Partiyası
Nəşrini dayandırıb 1999

İstiqlalAzərbaycan Sosial Demokrat Partiyasının mətbuat orqanı.

1990-cı ildə Azərbaycan sosial-demokratlarının orqanı olan “İstiqlal” qəzeti dərc edilməyə başladı. Qəzetin ilk nömrələri Estoniyada çap olunur və təyyarə ilə Bakıya göndərilirdi. Qəzetin baş redaktoru Zərdüşt Əlizadə idi. “İstiqlal” qəzeti Azərbaycanda ilk müxalifət qəzetlərindən biri idi və 1999-cu ilədək mütəmadi dərc olunub.[1][2]

Azərbaycan Sosial Demokrat Partiyasının öncül üzvlərindən biri, partiya sədrinin qardaşı və onun mətbu orqanı olan "İstiqlal" qəzetinin baş redaktoru Zərdüşt Əlizadə əvvəlcə Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətinə sadiq idi. O, daha sonra hakimiyyətin səhvlərini və AXC-nin Azərbaycan siyasətinə etnik faktorları gətirməsini tənqid etməyə başlamışdır. 1993-cü il martın sonunda "İstiqlal" qəzetində müxbiri Nadir Fərəczadənin yazdığı sərlövhə dərc edilmişdir. Burada iki qardaş, daxili işlər naziri İsgəndər HəmidovTərtər rayon icra hakimi Sərdar Həmidovdan bəhs edilirdi; Fərəczadə İsgəndər Həmidovu Bakıda hakimiyyət uğrunda mübarizə aparan və özünə türk deyən, qardaşı Sərdar Həmidovu isə Tərtərdə hakimiyyət uğrunda mübarizə aparan və özünə kürd deyən şəxslər kimi qələmə vermişdi. Bunu oxuyandan sonra baş nazir Pənah Hüseynov Həmidova zəng etmiş, qəzetdə onun anasının iki əri olduğunu nəzərdə tutulduğunu demişdir. Həmidov 4 polis əməkdaşı ilə birlikdə qəzetin redaksiya binasına gələrək Zərdüşt Əlizadəni döyməyə başlamış, dava zamanı Həmidova da bir neçə zərbə endirilmişdir. Buna baxmayaraq, Həmidov daha sonra verdiyi müsahibədə Əlizadənin ona və mühafizəçilərinə hücum etdiyini iddia etmişdir. Jurnalist bunun ardınca Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinə aparılaraq zirzəmidəki kameraya salınmışdır.[3] Həmin idarə məhz İsgəndər Həmidov tərəfindən təsis edilmişdir ki, sonrakı illərdə tənqid olunmuşdur.[4] Zərdüşt Əlizadə sonradan azadlığa buraxılmışdır. O, hadisə ilə bağlı prokurorluğa, polisə, məhkəmələrə müraciət etsə də, prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə bunlar cavabsız qalmışdır.[3]

Həmidov 1995-ci ildə həbs edilmişdir. Onun təqsirkar bilindiyi qanun pozuntularında birində də "İstiqlal" qəzetinin redaktorunu və əməkdaşını döymək qeyd edilmişdir.[5]

  1. Qafarlı, Ə. "Partiya haqqında". 2018-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-24.
  2. Nəşri dayanan tanınmış qəzetlər... (SİYAHI) "Arxivlənmiş surət" (#bad_url). Modern.az (az.). 21 iyul 2011. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2022.
  3. 1 2 Əlizadə, 2006. səh. 453–455
  4. """Bandotdel"də saxlanılanları gecələr döyüb, üstünə nəcis tökürdülər"". Meydan TV (az.). 3 mart 2017. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-19.
  5. "Güc strukturlarının həbs olunmuş rəhbərləri". Azadlıq Radiosu (az.). 8 mart 2008. 19 yanvar 2021 tarixində arxivləşdirilib.