Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanın daxili işlər naziri Azərbaycan Prezidenti tərəfindən təyin edilir və vəzifədən azad edilir.
Daxili İşlər Nazirliyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 18 oktyabr 1991 |
Əvvəlki qurum | Azərbaycan SSR Daxili İşlər Nazirliyi |
Tabelik | Azərbaycan Prezidenti |
Baş qərargah | Bakı |
Ünvan | Azərbaycan prospekti 7 |
Rəhbərlik | |
Nazir | Vilayət Eyvazov |
Nazirin birinci müavini | Seyfulla Əzimov |
Nazir müavinləri |
Oqtay Kərimov İsmət Əliyev Şahin Məmmədov Fazil Quliyev |
Rəsmi saytı | mia.gov.az |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.[1]
Daxili İşlər Nazirliyi ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nəzdində yaradılmışdır. Polis qüvvələrinə cavabdeh olan bir dövlət orqanı olduğu üçün Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynamışdır. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Sovet hakimiyyətinin altına düşəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verildi.
18 oktyabr 1991-ci ildə nazirlik yenidən Azərbaycanın tabeliyinə verildi. Birinci Qarabağ müharibəsi zamanı polis işçilərinin 60-ı Azərbaycanın Milli Qəhrəmanı adını aldı, onlardan 86-sı Azərbaycan Bayrağı, 247-si isə digər medal və ordenlər ilə təltif olundu. 1992-ci ildə Azərbaycan Beynəlxalq Cinayət Polis Təşkilatına (İnterpol) üzv oldu və 24 noyabr 1992-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində İnterpolun Milli Mərkəzi Bürosu yaradıldı. 30 iyun 2004-cü ildə DİN xidmətləri üzərində korporativ nəzarəti həyata keçirmək, Azərbaycan polisinin xidməti ilə uyğun olmayan işlərin qarşısının alınması, korrupsiya məmurlarının ifşası üçün Daxili Təhlükəsizlik Departamenti yaradıldı.[2]
Polis daxili işlər nazirliyi yanında fəaliyyət göstərən əsas hüquq-mühafizə orqanıdır. Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycanın ən qədim polis idarəsidir. 1828-ci ildə Azərbaycanın Rusiya imperiyasına birləşdirilməsindən sonra ərazidə komendantlıq qurulmuşdur. 10 aprel 1840-cı ildə Bakıda Rusiya İmperiyası Daxili İşlər Nazirliyinə tabe olan bir polis idarəsi quruldu. Bakı Şəhər Polis İdarəsi fəaliyyətə 1 yanvar 1841-ci ildə başladı. 7 mart 1917-ci il tarixində Bakı İşçi Deputatları Sovetinin İcraiyyə Komitəsinin nəzdində Bakı Şəhər Milisiyası quruldu. 13 noyabrda Bakıda polis ləğv edildi və Bakı Soveti bunun əvəzinə Sovet milisi təşkil etmək qərarına gəldi.
Gəncə Polis İdarəsi 2011-ci ildən fəaliyyət göstərir.[3] Milli Polis ayrıca Naxçıvan Muxtar Respublikasında Naxçıvan Şəhər Polis Şöbəsi vasitəsilə hüquq-mühafizədən cavabdehdir.[4][5] İkinci Qarabağ müharibəsindən sonra Şuşa Polis Şöbəsi Tərtərdən Şuşaya geri köçürüldü.[6][7] Kəlbəcər rayonunda da bir polis şöbəsi yaradıldı.[8]
2 iyul Azərbaycan Polisi Günü kimi qeyd olunur. Azərbaycan polisinin 100 illik yubileyində Dövlət Musiqili Komediya Teatrının solisti Səməd Xasıyevin ifasında Aydan Əliyevanın bəstələdiyi marş yayımlanmışdır..[9][10][11]
Azərbaycan Daxili Qoşunları, Daxili İşlər Nazirliyinə tabe olan jandarmeriyadır.[12] Daxili Qoşunlar ictimai asayişi bərpa etmək, daxili silahlı qarşıdurmaları yatırmaq və mühüm obyektləri qorumaq üçün istifadə olunur. Müharibə zamanı Daxili Qoşunlar Azərbaycan Quru Qoşunlarına tabe olur. 12 Mart "Daxili Qoşunlar Günü" olaraq qeyd olunur.
Polis Akademiyası Azərbaycan Daxili İşlər Xalq Komissarlığının qərarı ilə 1921-ci ildə adi milis və komandirləri hazırlayan bir məktəb kimi yaradıldı. 1936-cı ilə qədər Bakıda fəaliyyət göstərdi. 1936-cı ildən Mərdəkan qəsəbəsinə köçürülmüşdür. 1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-nin Bakı Xüsusi Orta Milis Məktəbinə çevrildi. Məktəbi qurtaranlara orta təhsilli hüquqşünas diplomu verilirdi. Məktəbdə təhsil müddəti iki il müəyyən edilmişdi.
1957–1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda – Balkariya, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemerovo, Saratov və onlarca başqa şəhərlər və respublikalar üçün peşəkar kadrlar hazırlayırdı.
Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradıldı. Daha sonra Akademiyaya I dərəcəli kateqoriya verildi.[13]
Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinin bazasında yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli Fərmanı ilə Ali Hərbi Məktəbin Nizamnaməsi təsdiq edilmişdir.
Daxili Qoşunların Ali Hərbi Məktəbi ali xüsusi hərbi təhsilli kadrların hazırlanmasını, zabit və gizirlərin ixtisaslarının artırılmasını və elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisəsidir. Daxili Qoşunların Ali Hərbi Məktəbi "Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi" ixtisası üzrə kadrların hazırlanmasını həyata keçirir. Ali Hərbi Məktəbdə tədris Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun keçirilir. Təhsil müddəti dörd ildir.
Azərbaycan Daxili İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, ATƏT, Avropa Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı və Beynəlxalq Qırmızı Xaç Təşkilatı və digər beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq əlaqələri saxlayır.
Nazirlik həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü ilə sıx əməkdaşlıq edir.
Nazirliyin strukturu aşağıdakı kimidir:[14]