İvona Bleçarzik (1987[1]; pol.Iwona Blecharczyk) ― polşalı TIR sürücüsü və yutuber. O 2013-cü ildə YouTube-da "Trucking Girl" adlı kanal yaratmış, 2021-ci ildə isə sahibi və operatoru olduğu "Imagination Transport" nəqliyyat şirkətini qurmuşdur.
Bleçarzik Polşanın Alt-karpat vyodalığında, Kosteva kəndində anadan olub.[2] O, 2007-ci ildə Miss Polşa gözəllik müsabiqəsində iştirak etmişdir. 2010-cu ildə universiteti bitirən İvona Bleçarzik ixtisaslı ingilis dili müəllimi olub.[3] O, Polşadan İngiltərəyə gedən marşrutlarda mikroavtobus sürücüsü kimi işləyib,[4] daha sonra geyim sənayesində çalışıb.[5] Bleçarzik 2011-ci ildə peşəkar yük maşını sürücüsü kimi fəaliyyətə başlayıb.[6]
O 2013-cü ildə YouTube-da "Trucking Girl" adlı kanal yaratmışdır. O, bu kanalda öz yük maşınının kabinəsindən çəkdiyi videoları paylaşır və nəqliyyatla bağlı mövzularda söhbətlər edir.[7] Kanal iki dildə — polyak və ingilis dillərində fəaliyyət göstərir. Kanalın izləyicilərinin təxminən yarısı Polşadandır.[8] Polşadan kənarda isə onun videoları ən çox Almaniya, ABŞ, Kanada və Böyük Britaniyada izlənilir.[9] Bleçarzik 2017-ci ildə EuroShell-in ödəmə kartı üçün reklamın siması olmuşdur.[10]
Bleçarzik altı il boyunca böyük ölçülü nəqliyyatla işləyib və müxtəlif növ yüklər daşıyıb.[11] 2017–2018-ci illərdə o, Kanada və ABŞ-yə səyahət etmiş və burada ixtisaslaşdırılmış yük maşınlarının sürücüsü kimi işləmişdir.[12][13] Bleçarzik Rusiya-Ukrayna müharibəsi zamanı humanitar yardımların daşınması üçün könüllü işləyən sürücülərdən biri olub.[14]
Mattel 2019-cu ildə onu "Barbi-şero" ("Babie Shero") titulu ilə təltif etmiş və dünyadakı qadın rol-modellərə həsr olunmuş "Barbi-şero" kolleksiyasına onun da gəlinciyini əlavə etmişdir.[15][16] Bleçarzik Volvo Trucks şirkətinin səfiri olub.[17]
O, TEDx konfransında məruzəçi kimi iştirak etməyə dəvət olunub.[18]Discovery Channel kanalı Polşada Przygody truckerki (Yük maşını sürücüsü qadının sərgüzəştləri) serialını təqdim etmək üçün Bleçarziki seçmişdir.[19][20][21]
Bleçarzik haqqında Almaniyanın milli həftəlik qəzeti olan Die Zeit,[22] yenə Almaniya qəzeti olan Der Spiegel,[23] Kanadada gündəlik fransızca yayımlanan La Presse onlayn qəzeti,[24] metropolitaine.fr saytı[25] və nəqliyyatlar haqqında macarca vebsayt ola vezess.hu[26] da daxil olmaqla bir çox yerdə məqalələr dərc olunub.
2020-ci ildə Bleçarzikin "Yük maşını sürücüsü qadın. Dünyanın hər yerində 70 metrlik yük maşını ilə" (Trucking girl. 70-metrową ciężarówką przez świat) adlı 320 səhifəlik kitabı nəşr edilib.
Bleçarzik 2021-ci ildə özünün Volvo FH13 yük maşını və qoşqu dəsti ilə[27] Imagination Transport şirkətini qurub.[28] 2023-cü ildə şirkətin aktivlərinə Volvo FH16 və böyük ölçülü qoşqunun da əlavəsi ilə şirkət həddindən böyük ölçüdə yüklərin daşınmasını da həyata keçirməyə başlamışdır.[29]