Şəmsəddin Cəfərov

Şəmsəddin Cəfərov (Şəmsəddin Məmməd oğlu Cəfərov; d. 1925 – v. 1976) — Azərbaycanlı alim, fəlsəfə elmlər doktoru, professor. İkinci dünya müharibəsi zamanı göstərdiyi xidmətlərə görə "Qafqazın müdafiəsinə görə" medalı laureatı. Azərbaycan Ali və Orta İxtisas Təhsil Nazirliyinin Elmi-tədqiqat şöbəsinin rəisi. Azərbaycan Dövlət İncəsənət İnstitutunun yeni yaradılmış fəlsəfə kafedrasının ilk müdiri olmuşdur.

Şəmsəddin Cəfərov
Şəmsəddin Məmməd oğlu Cəfərov
Şəmsəddin Cəfərov 1961-ci ildə.
Şəmsəddin Cəfərov 1961-ci ildə.
Doğum tarixi
Doğum yeri Mollacəfərli, Qazax qəzası, Azərbaycan SSR
Vəfat tarixi (50 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Dəfn yeri
Atası Məmməd Mollacəfər oğlu
Anası Yetər
Milliyyəti Azərbaycanlı
İxtisası Fəlsəfə tarixi
Təhsili Moskva Dövlət Universiteti
Fəaliyyəti Fəlsəfə elmləri doktoru, professor
Fəaliyyət illəri 1946-1976
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı

Şəmsəddin Cəfərov 1925-ci ildə Qazax mahalının Mollacəfərli kəndində anadan olmuşdur. Atası Məmməd Mollacəfər oğlu Azərbaycanın bu regionunda sovet hakimiyyəti qurulanadək mahalın tanınmış şəxsiyyətlərdən olmuşdur. Qazax mahalının bir necə kəndlərinin əhalisini tərəfindən seçilən və bu kəndlərin inzibati işlərini idarə edən bu şəxs Koxa Məmməd kimi tanınırdı. 1939-cu ildə Düzqışlaq natamam orta, 1942-ci ildə isə Ağstafa dəmiryolu orta məktəbini əla qiymətlərlə bitirmişdir. 17 yaşında Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılmış, İkinci dünya müharibəsində iştirak etmişdir. 1942-1943-cü illərdə Qafqaz cəbhəsində döyüşmüş, 1 aprel 1943-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur. 1943-cü ilin may ayının 5-də Krım istiqamətində gedən döyüşlərdə yaralanmış və həmin ilin sentyabrında ordudan tərxis edilərək Azərbaycana qayıtmışdır.

Şəmsəddin Cəfərov (soldan ucuncu) və aspirant yoldaşları Nazim Hikmətlə görüş zamanı. (Moskva, 1951.)

1950-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Elmi Şuranın qərarı ilə universitetin Fəlsəfə tarixi kafedrasının aspiranturasında saxlanılmışdır.[1] Aspiranturada oxuyarkən Sovetlər Birliyinin müxtəlif regionlarından, həmçinin xarici ölkələrdən Moskva şəhərinə gəlmiş gənc alimlər arasında SSRİ xalqlarının fəlsəfə tarixini öyrənən Mərkəzin rəhbəri seçilmişdir. 1953-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetidə Mirzə Fətəli Axundovun sosial-siyasi və fəlsəfi baxışları mövzusunda dissertisiya müdafiə edərək, fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.

Yüksək biliyə malik olmasını nəzərə alan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rəhbərliyi ona Moskva şəhərində qalmağı və universitetin Fəlsəfə tarixi kafedrasında elmi-pedaqoji fəaliyyətlə məşğul olmağı təklif etmişdir. Ancaq o, Bakıya qayıdaraq, Azərbaycanda çalışmağı üstün tutmuşdur. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin rəsmi dəvəti ilə 1 yanvar 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin fəlsəfə kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir.

1965-1966-cı illərdə Azərbaycan Ali və Orta İxtisas Təhsil Nazirliyinin Elmi-tədqiqat şöbəsinin rəisi, 1966-1967-ci illərdə Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun yeni yaradılmış fəlsəfə kafedrasının ilk müdiri olmuşdur. 1967-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Universitetinin fəlsəfə kafedrasında çalışmışdır.

Azərbaycan Dövlət Universitetində işlədiyi zaman tarix fakültəsinin Elmi Şurasının katibi, ADU-nun Tələbə Elmi Cəmiyyətinin Mərkəzi Şurasının sədri və digər ictimai vəzifələrə seçilmişdir. Ömrünü fəlsəfə elminə həsr edən Şəmsəddin Cəfərov 1973-cü ildə Mirzə Fətəli Axundov və Müsəlman Şərqində ictimai-siyasi və fəlsəfi fikir tarixi mövzusunda müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsi adına layiq görülmüşdür.

Fəlsəfə elmləri doktoru Şəmsəddin Məmməd oğlu Cəfərov 1976-cı ildə dünyasını dəyişmiş, öz vəsiyyətinə əsasən ata-baba yurdu Qazax mahalında dəfn edilmişdir.